Dil xalqın tarixi keçmişi, bugünü və gələcəyidir. Xalq tayfa konsolodasiyasının yekunu olaraq yaranır. Elə o gündən də xalqın ünsiyyətə buraxdığı dil meydana gəlir. Dilin bütün tarixi inkişaf mərhələlərində xalqla yaşıd dilimizin ümumi ünsiyyət faktı olması da bir gerçəklikdir. Çünki dlimiz ən inkişaf etmiş dillərlə bir sırada anılır. XI əsrdə M.Kasğarinin «türk dili ərəb dili ilə atbaşı gedir» deyimi təsadüfi deyil. XIII-XIV əsrlərdə meydana çıxan lüğətlərdə türk dilinin Şərqin aparıcı ərəb və fars dilləri ilə yanaşı komponent rolunda çıxış etməsi; əsərlərinin yayılması naminə erməni şairlərinin erməni dilində deyil, məhz türk dilində şeirlər yazması, erməni dilində yazılmış şeirlərin yenidən türk dilinə tərcümə edilməsi bunun faktik sübutudur. Bütün dövrlərdə, eləcə də XIX əsrdə türk dilinin fransız dili ilə eyni səviyyədə qəbul olunması, XIX əsrin sonlarından «Tərcüman» qəzetinin türkcə nəşri Qafqazda, Volqaboyunda, Ön Asiyada bu türkcənin ümumanlaşma dili olmasının sübutudur. «Türk məmaliki təxminən dörd dəfə Fransa ölkəsindən cəsimdir. Fəqət türk dili yalniz məmaliki-məzkurəyə münhəsir qalmayib, İranda və Misirdə hökmdar saraylarinda söylənməkdən başqa dərəsati-müxtəlifədə ta Dunay nəhrindən Nili-mübarəkə qədər və İstanbuldan Çini-maçin hüdudunadək müntəşir bir lisandir» fikrini isə bir türk deməyib. Bu bir ingilis jurnalistnin türk dili haqqında fikirlərinə Ə.Hüseynzadənin öz məqaləsində fərəhlə istinadır. Təbii ki, bu dil kor-koranə yaşamayıb. Xalqın tarixinin müxtəlif inkişaf mərhələlərində bu dili yaşadanlar olub. Onlar gələcək nəsillərə ötürülən ədəbi-bədii dil nümunələri ilə özlərini, əsərlərini yaşatmaqla bərabər, əslində həmin dövrdəki dilimizin fonetik, leksik və qrammatik quruluşunun tarixi mənzərəsini də elm camiəsinə bəyan ediblər. Bunlar hər bir dövrün müvafiq təmsilçiləri olan söz sənətkarlarıdır. Hansı ki, XV əsr də bundan xali deyil. Əfsəhəddin Hidayət, Əhmədi Təbrizi, Xətai Təbrizi, Xəlili, Kişvəri, Gülşəni, Həqiqi, Həbibi, Rövşəni kimi klassiklər bu nizamda yer alır. Fikrimizcə, məhz XV əsr də daxilı olmaqla, türk dilinin bu tarixi zaman kəsiyinə qədərki tarixi inkişaf yollarında qazandığı inkişaf səviyyəsindən qaynaqlanaraq XV əsrdə yaşamış böyük özbək şairi Əlişir Nəvai «Mühakimətül lüğəteyn» əsərində türk dilini Şərqin ən inkişaf etmiş dillərindən biri olan fars dili ilə müqayisəyə gətirir və qeyd edir ki, «türk dili heç də fars dilindən geri qalmır, hətta qrammatik quruluşunun çevikliyinə görə fars dilini üstələyir». Bəllidir ki, müasir ədəbi proses onilliklərlə öyrənildiyi halda, klassik ədəbiyyat tədqiqata əsrlərə görə yönəlir. Və əgər Azərbaycan ədəbi dili tarixində öyrənilməmiş əsrlər varsa, deməli, bir-birinə zəncir kimi bağlanan dövrlər, yaxud mərhələlərin dil xüsusiyyətlərindəki inteqral və diferensiallığın ayırd edilməsi mümkün ola bilməz. Ən əsası həmin dövrün norma həddi reallığa qovuşa bilməz. Bu o deməkdir ki, tədqiqatdan kənarda qalan XV əsr Azərbaycan ədəbi dilinin elmi araşdırılması mütləqlik daşıyır. Görünür, Aynur Famil qızı Paşayeva tərəfindən mövzu olaraq “XV əsr Azərbaycan ədəbi dili”nin tədqiqat obyekti kimi seçilməsi elə bu ehtiyacın nəticəsidir.
Əsərin “XV əsr Azərbaycan ədəbi dilinin ümumi mənzərəsi və fonetik norma” adlanan birinci bölməsində dövrün ictimai-mədəni şəraiti izlənilir, ağır siyasi mühit əhatəsində dövrün dil siyasəti haqqında məlumat verilir. Mövcud siyası çətinliklərin söz sənətkakarlarının yaradıcılığına təsiri məsələsi ön plana keçirilir. Bu çətinliklərə rəğmən əcnəbi bir dilin dövlət dili səviyyəsində olduğu bir dövrdə hökmdar olaraq ana dilində yazıb yaradan görkəmli sənətkarlardan söhbət açılır. Ardınca müəllif XV əsr təmsilçilərinin dil materialı əsasında bu dövrün orfoqrafik normasını müəyyənləşdirməyə çalışır. Orfoqrafik paralelliyin varlığını önə çıxarır. Alınma və milli sözlərin yazılışındakı orfoqrafik mənzərənin müxtəlifliyindən söhbət açır. Bir tərəfdən əruzun tüğyan elədiyi bir dövdə yazılmış klassik şeir janrlarının dilində əhatə qazanan alınma lüğəvi dil nümunələrinin orfoqrafik sabitliyindən, digər tərəfdən isə türk mənşəli sözlərin müxtəlif yazılış şəkilləri ilə imlaya daxil olmasından danışılır və ona münasibət bildirilir. Təbii ki, buna özbaşınalıq kimi baxmaq tamamilə yanlışlıqdır. Amma yazılanların müxtəlif cür oxunması fərdi yanaşmanın nəticəsidir. Bu da demokratizm adına tələffüz normasının pozulmasından irəli gələn bir məsələdir.
Digər yarımbaşlıqda XV əsr Azərbaycan ədəbi dilinin fonetik tərkibinə ‒ saitlər və samitlər sisteminə keçid edilir. Danışıq səslərinin müvaziliyindən danışılır və faktoloji istinad əsasında fonetik paralellik təqdim olunur. Bütün bunlar bol faktik dil nümunələri ilə təsdiq olunur.
Əsərin II bölməsində “XV əsr Azərbvaycan ədəbi dili”nin leksik normasının müəyyənləşməsi realizə edilir. Müxtəlif yarımbaşlıqlar altında qarşıya qoyulan məqsədin həyata keçirilməsində yenə də faktik dil nümunələri müəllifin köməyinə gəlir. XV əsr Azərbaycan ədəbi dilinin lüğət tərkibində yer alan sözlərin təhlili üçün leksik sistemdə müəllifin yönəlmələri tematik söz toplumunda, arxaikləşmiş sözlərdə, leksik-semantik söz qruplarında müəyyənlik tapır. O, XV əsrin lüğət tərkibindən imkanı daxilində sözlər seçərək onları təhlil süzgəcindən keçirməyi bacarır. Təbii ki, tədqiqatın həcmindən dolayı leksik vahidlərin hamısını nəzəri və praktik əhatəyə salmaq imkan xaricindədir. Çünki söz mülkü ilahinin fəzilət xəzinəsi kimidir, daim sərf edilər, amma tükənməz. Bu tükənməzlikdə yeknəsəklikdən uzaq olmanı şərtləndirən sinonimlər də, bədii təzad yaratmağın aparıcı vasitəsi olan antonimlər də, dildaxili və dilxarici amillərin təsirindən yan keçməyən və onu şərtləndirən omonimlər də yer alır.
A.Paşayeva əsərində ümumxalq dilinin əsasını təşkil edən frazeologizmlərdən geniş bəhs edir. Məzmun və forma ekvivalentliyi; həmçinin məzmun ekvivalentliyi, amma qismən forma diferensiallığı yaşayan həm ismi, həm də feili frazeologizmlər çox düzgün olaraq XV əsr Azərbaycan ədəbi dilində xəlqiləşmənin ifadəçisinə yönəlik faktlar kimi verilir. XV əsr Azərbaycan ədəbi dilinin didaktik mənzərəsinin canlandırılması da unudulmur. Eyni istiqamətlə, yənı məzmun və forma nəzərə alınmaqla atalar sözləri də, məsəllər də, hikmətamiz deyimlər də xəlqiləşməyə yön verən amillər kimi səciyələndirilir.
III bölmə XV əsr Azərbaycan ədəbi dilinin derivitoloji sisteminə həsr olunur. Müəllif ənənəvi üsulları ‒ morfoloji və sintaktik üsulları ön plana çəkir. Morfoloji yolla yaranmada iştirak edən leksik şəkilçiləri məhsuldarlıq və qeyri-məhsuldarlığına görə qruplaşdırır, normativliyini qoruyan, ədəbi dil norması səviyyəsinə qalxa bilməyən və morfoloji arxaizmlər adını qazanan şəkilçi morfemlərə diqqət yönəldir. Şəkilçilər milli və əcnəbiçiliyə görə də qruplaşdırılır, hətta işlənmə tezliyinə görə nisbət də üzə çıxarılır. Ad düzəltmə prosesinin feil düzəltmə prosesini üstələməsi də müəllif tərəfindən faktoloji sübuta yetirilir. Amma azlıq və çoxluğa baxmayaraq, hər iki halda okkozionallığa imza atan lüğəvi dil nümunələrini ortaya qoyur və buna XV əsr Azərbaycan ədəbi dilinin zənginləşmə mənbəyi kimi baxılır. XV əsr Azərbaycan ədəbi dilində sintaktik yolla yaranmada eyni sözlərin təkrarı ilə yaranan mürəkkəb adların aparıcılığı qeyd edilır. Feillərdə isə mürəkkəb feillərin yoxluğundan, tərkibi feillərin isə varlığından söhbət açılır.
Monoqrafiyanın sonuncu bölməsində XV əsr Azərbaycan ədəbi dilinin qrammatik normasından danışılır. Qrammatik norma qrammatik kateqoriyalara istinadən müəyyənləşfdirilməyə çalışılır. Təhlillərdə aparıcılıq ismin payına düşür. Çünki ismin qrammatik kateqoriyalarının hamısına ‒ hal, mənsubiyyət, kəmiyyət, xəbərlik kateqoriyalarına müraciətlə normalılıq təqdim edilir. Müasir dillə müqayisədə inteqral və diferensiallıq üzə çıxarılır. Oğuz və cağatay elementlərindən söhbət açılır. Variantlılıqda yer alan diferensiallığa elmi izah verilir. Və onlardan dilin keçmişində qalan faktlar kimi danışılır. Qrammatik normanın müəyyənliyini tam elmi əhatədə təqdim etmək üçün feillərin XV əsr Azərbaycan ədəbi dilindəki durumu məsələsi də təhlil obyektinə çevrilir. Müəllif izahlarını iki kateqoriya əsasında aparır. Bunlardan biri inkarlıq, digəri, əgər müəllifin öz ifadəsi ilə desək, zaman kateqoriyasıdır. -ma2, -m şəkilçisinin inkarlıqda aparıcı olduğunu deyən müəllif, feilin zamanlarında variantlılığın movcudluğuna diqqət yönəldir. Nəqli keçmiş zamanda -mış4-la yanaşı, bütün şəxslərdə -ıb şəkilçi morfeminin aparıcılığı, -acaq2 morfoloji göstəricisinin zəif mövqeyi yanında eyni qrammatik semantikanın ifadəçisi olan -isər və -ası2 şəkilçilərinin aparıcılığının var olduğunu önə çəkir. Təbii ki, müəllif söylənilənlərə rəğmən XV əsr Azərbaycan ədəbi dilinin qrammatik normasının real mənzərəsini yaratmağa çalışır.
Monoqrafiya tarixi qrammatika ilə ədəbi dilin vəhdəti fonunda yazılıb. Bütün tədqiqat boyu müəllifin nəzəri savadı özünü qabarıq şəkildə hiss etdirir. Müəllifin həm dil faktlarına, həm də nəzəri fikirlərə əsil dilçi səriştəsi ilə yanaşması, nəzəri ədəbiyyatdan yaradıcı şəkildən istifadəsi bizi çox razı salır. Kəmiyyət çoxluğu ilə müşayiət olunan faktik dil nümunələri bütün araşdırma boyu müəllifin özünəməxsus fikirlərinin təsdiqləyicisi rolunda çıxış edir. Müqayisə obyekti kimi seçilən müxtəlif mənbələr, müxtəlif lüğətlər, eləcə də müasir Azərbaycan dili, həmçinin dialekt və şivələr elmi əsaslara söykənən hər hansı bir fikrin təqdimatı üçün müəllifə geniş meydan verir. Fakt budur ki, bütün hallarada “var, yoxsa yox”, “az, yoxsa çox” dilemması qarşısında qalan müəllif məhz bu varların, yoxların, eləcə də azların və çoxların sayəsində XV əsr Azərbaycan ədəbi dilinin norma həddinin müəyyənliyinə aşkarlıq gətirir.
Qeyd edək ki, Azərbaycan ədəbi dil tarixini əks etdirən bu monaqrafiya asan bir mövzu başlığı altında işlənməyib. Bu tədqiqat dilin bir əsrlik tarixinə yönəlik aparılıb. İşin çətinliyi ondadır ki, müasir dildən fərqli olaraq, tarixə dönüş və onu araşdırma həmişə səssiz dilin əsasında aparılır. Odur ki, mübaliğəsiz “bu monoqrafiya ağır zəhmətin nəticəsidir” fikrini deyə bilərik.
Qızılgül Abdullayeva, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti, filologiya elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.