Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.04.2026 19:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyi qeyd olunub

AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyi qeyd olunub

Aprelin 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Sosial iqtisadi proseslərin qeyri-səlis modernləşdirilməsi laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyinə həsr olunmuş “İqtisad elminin inkişafında müasir texnologiyaların istifadə problemləri” mövzusunda elmi sesssiya keçirilib.

Tədbir AMEA-nın İctimai Elmlər Bölməsi və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə iştirakçılar AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Yubiley tədbirini giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iqtisadçı-alim Qorxmaz İmanovun şərəfli və məhsuldar ömür yolu keçdiyini vurğulayıb. Qeyd edib ki, o, hələ Sovet hakimiyyəti dövründə yeni təfəkkürə malik iqtisadçı alim kimi formalaşaraq elmi ictimaiyyət tərəfindən tanınıb.

Akademik İsa Həbibbəyli Qorxmaz İmanovun iqtisadi proqnozlaşdırma modelləri kimi mühüm və mürəkkəb elmi istiqamətlər üzrə apardığı tədqiqatların onun 50 illik elmi fəaliyyətinin əsas xəttini təşkil etdiyini diqqətə çatdırıb.

Hazırda ölkəmizdə iqtisadi-riyazi proqnozlaşdırma modelləri sahəsində fundamental tədqiqatlar aparan alimlərin sayının məhdud olduğunu söyləyən AMEA rəhbəri bu gün cəmiyyətin inkişafında aparıcı mövqedə dayanan süni intellekt, rəqəmsal transformasiya və elmmetrik hesablamaların elmi bazasında məhz iqtisadi-riyazi proqnozlaşdırma modellərinin dayandığını vurğulayıb. Qeyd edib ki, bu modellərin formalaşması və rəqəmsal cəmiyyətin əsasını təşkil edən qərar qəbuletmə mexanizmlərinə çevrilməsi uzun və mürəkkəb elmi inkişaf yolunun nəticəsidir.

Akademik İsa Həbibbəyli Qorxmaz İmanovun iqtisadi qeyri-müəyyənlik problemləri və qeyri-səlis modellər anlayışlarını Azərbaycan elmi mühitinə gətirən alimlərdən olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, dünya elminə qeyri-səlis məntiq nəzəriyyəsini bəxş etmiş görkəmli Azərbaycan alimi Lütfi Zadənin ideyalarının iqtisadiyyat sahəsində tətbiqi əsasında formalaşmış yeni elmi istiqamətlərin yaranmasına təkan verib.

AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun Azərbaycan iqtisadiyyatının riyazi proqnozlaşdırılması sahəsində elmi məktəb yaratmış görkəmli ziyalılardan biri olduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, alimin son 50 il ərzində apardığı elmi tədqiqatların böyük bir hissəsi Rusiya, Almaniya, ABŞ və digər ölkələrdə nüfuzlu elmi nəşrlərdə dərc olunub. O, Qorxmaz İmanovun dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının, o cümlədən Avropa İqtisadçılar Akademiyasının fəxri üzvü, İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının xarici üzvü, eləcə də Ali Avropa Doktorlar Şurasının fəxri üzvü olduğunu diqqətə çatdırıb.

Alimin elmi fəaliyyətinin ETN İqtisadiyyat İnstitutu və İdarəetmə Sistemləri İnstitutu (Riyaziyyat İnstitutu) ilə sıx bağlı olduğunu söyləyən AMEA prezidenti onun rəhbərlik etdiyi laboratoriyanın bu sahənin inkişafında və yüksəkixtisaslı elmi kadrların hazırlanmasında mühüm rola malik olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli yubilyarın elmi-təşkilatçılıq fəaliyyətindən də bəhs edərək alimin beynəlxalq və respublika səviyyəli elmi tədbirlərdə fəal iştirak etdiyini, dəyərli məruzələrlə çıxış etdiyini, eyni zamanda rəhbərliyi ilə 31 fəlsəfə doktoru və 3 elmlər doktorunun yetişdirildiyini bildirib.

“AMEA Qorxmaz İmanovun timsalında novator, yenilikçi, dünya iqtisad elminin müsbət təcrübələrini Azərbaycana gətirən və tətbiq edən, müstəqil dövlətimizin elmi və iqtisadi inkişafına sanballı əsərləri ilə xidmət edən alim şəxsiyyətini yüksək qiymətləndirir”, – deyə akademik İsa Həbibbəyli qeyd edib.

O, AMEA-nın müxbir üzvü Qorxmaz İmanova Azərbaycan akademik elminin inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirib, yeni elmi yaradıcılıq uğurları arzulayıb.

Sonra Azərbaycan İqtisadçılar İttifaqının sədri, millət vəkili, akademik Ziyad Səmədzadə “İqtisad elminin görkəmli nümayəndəsi AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun elmi fəaliyyəti haqqında” adlı məruzə ilə çıxış edib. O, alimin həyat və fəaliyyətindən, iqtisad elminin inkişafında, iqtisadçı elmi kadrların hazırlanmasında müstəsna xidmətlərindən danışıb. Bildirib ki, iqtisadiyyatın riyazi və instrumental üsulları sahəsində dünya elminə mühüm töhfələr vermiş Qorxmaz İmanov ömrünü iqtisadiyyat elminin tədqiqinə həsr edib, bu sahədə böyük məktəb yaradıb.

Akademik Ziyad Səmədzadə yubilyarın 1968-ci ildə Moskva şəhərində SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda “Yüklərin daşınması prosesinin optimallaşdırılması məsələləri EHM və iqtisadi-riyazi üsulların tətbiqi” mövzusunda namizədlik, 1975-ci ildə isə “Milli iqtisadiyyatının optimal planlaşdırılmasının inteqral modellər sistemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, o, 1983-cü ildə professor elmi adına layiq görülüb, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Qorxmaz İmanovla tanışlığının 1960-cı illərin sonlarına təsadüf etdiyini söyləyən məruzəçi onun respublikada iqtisadi-riyazi üsullar sahəsində çalışan ilk alimlərdən biri olduğunu bildirib. O, yubilyarın Azərbaycanın sosial-iqtisadi, eləcə də sosial sistemlərin keyfiyyətinin qiymətləndirilməsinin qeyri-səlis modelləri, iqtisadi qeyri-müəyyənlik problemləri, dayanıqlı inkişafın milli strategiyasının qiymətləndirilməsi modelləri və sosial iqtisadi sistemlərin makro indekslərinin qeyri-səlis məntiq nəzəriyyəsi əsasında qiymətləndirilməsi ilə də bağlı elmi nailiyyətlərindən bəhs edib. Bildirib ki, alimin tədqiqat işlərində iqtisadi informasiyalarda və proseslərdə baş verə biləcək qeyri-müəyyənlik problemlərinin araşdırılması və bu problemlərin sosial-iqtisadi sistemin müxtəlif səviyyələrində həlli üçün təklif edilmiş fazi modellərin respublikamızın inkişaf proqramlarında istifadəsi böyük əhəmiyyət kəsb edir.

Akademik Ziyad Səmədzadə Qorxmaz İmanovun 1984-cü ildə elm sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, görkəmli alim dünyanın 40-dan çox ölkəsində iqtisadiyyatda riyazi üsulların tətbiqi ilə bağlı çıxışlar edərək ölkəmizi layiqincə təmsil edib.

O, iqtisad və texniki elmlərin qarşılıqlı əlaqəsini yaradan Qorxmaz İmanovun çoxşaxəli fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu deyib. Akademik Ziyad Səmədzadə yubilyarın zəngin təcrübəsi və elmi irsinin respublika iqtisadçıları üçün əvəzsiz məktəb olduğunu bildirib.

Daha sonra AMEA-nın müxbir üzvü Qorxmaz İmanov “Həyat keyfiyyətinin idarə olunmasının süni intellekt texnologiyaları” mövzusunda elmi məruzəsini təqdim edib. O, son illərdə süni intellekt texnologiyalarının sosial-iqtisadi sistemlərin idarəolunmasında tətbiqi sahəsində apardığı tədqiqatlardan və alınan nəticələrdən bəhs edib.

Tədbirdə akademik Əli Abbasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin biznesin idarə olunması BBA proqramlarının rəhbəri, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, AR Auditorlar Palatasının sədri professor Vahid Novruzov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlı və UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli alimi yubileyi münasibətilə təbrik edib, onun çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıblar. Bildirilib ki, Qorxmaz İmanov respublikamızın elmi ictimaiyyəti arasında tanınmış iqtisadçı alim, nüfuzlu və bacarıqlı təşkilatçı, elmi-nəzəri və təcrübi əhəmiyyətə malik ideyaların daşıyıcısı kimi böyük hörmətə malikdir.

  • Paylaş: