Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Xanım Muradovanın, 23.04.2026-cı ildə keçirdiyi “Memarlıq və Şəhərsalma ili” çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş möhtəşəm konfransda olan düşüncələrim.
Qadınların ictimai həyatda iştirakçılığı yalnız hüquqi bərabərlik məsələsi deyil, həm də milli-mənəvi irsin qorunması və şəhər mühitinin humanistləşdirilməsi faktorudur. Azərbaycan tarixində qadınlar hər zaman estetik zövqü praktiki fayda ilə birləşdirərək, yaşadıqları mühitin simasını dəyişməyə nail olmuşlar. Bu baxımdan, tarixi varislik xətti XIX əsrin xeyriyyəçi missiyasından müasir dövrün qlobal mədəniyyət layihələrinədək uzanır. Bu baxımdan, Şuşanın memarlıq irsinə qadın baxışı XIX əsrdə Qarabağın ictimai-siyasi həyatında mühüm rol oynamış Xurşidbanu Natəvanın fəaliyyəti klassik şəhərsalma prinsiplərinin tətbiqinə parlaq nümunədir. Onun gördüyü işlər sadəcə memarlıq abidələri deyil, həm də infrastrukturun təkmilləşdirilməsinə xidmət edirdi. “Xan qızı” bulağı 1873-cü ildə Şuşaya su kəmərinin çəkilməsi o dövr üçün mühüm mühəndislik nailiyyəti idi. Bu kəmər şəhərin su təchizatını yaxşılaşdırmaqla yanaşı, Şuşanın estetik görünüşünə töhfə verən memarlıq nümunələrinin (bulaqların) yaranmasına səbəb oldu. O cümlədən, Natəvanın rəhbərliyi ilə inşa edilən karvansaralar, yaşayış binaları və dini tikililər Şuşanın memarlıq ansamblını zənginləşdirmiş, şəhərsalma mədəniyyətində “qadın himayədarlığı” modelini formalaşdırmışdır.
Müstəqil ölkəmizdə mədəni irsin qorunması dövlət siyasətinin prioritetidir. Ona görə də 44 günlük Vətən müharibəsindən sonra Qarabağın bərpası prosesi sadəcə infrastruktur layihəsi deyil, həm də milli kimliyin və mədəniyyətin bərpası missiyasına çevrilmişdir. Bu missiyanın mərkəzində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox şaxəli fəaliyyəti dayanır. Fondun Qarabağdakı fəaliyyəti üç əsas istiqaməti əhatə edir:
-Tarixi və dini abidələrin konservasiyası və bərpası.
-Milli-mənəvi dəyərlərin beynəlxalq müstəvidə təbliği.
-Yüksək texnoloji həllərə əsaslanan yeni mədəniyyət ocaqlarının inşası.
Bu baxımdan, Şuşa şəhərinin “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi bu şəhərdəki bərpa işlərinə xüsusi bir elmi yanaşma tələb edirdi. Mehriban xanım Əliyevanın şəxsi nəzarəti altında Şuşada memarlıq abidələrinin bərpası zamanı “tarixi orijinallığın qorunması” prinsipi əsas götürülmüşdü. Bu baxımdan Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidləri: Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bu bərpa işləri xarici mütəxəssislərin də iştirakı ilə elmi əsaslarla aparılmışdı. Məscidlərin ilkin memarlıq elementləri, daxili naxışları və epiqrafik yazıları laboratoriya şəraitində öyrənilərək bərpa edilmişdi. O cümlədən, M.P.Vaqifin Məqbərəsi 1982-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən açılan, lakin işğal dövründə dağıdılan məqbərənin qısa müddətdə öz əvvəlki əzəməti ilə bərpası Mehriban xanımın mədəniyyət sahəsindəki qətiyyətinin göstəricisidir. Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə qədim binaların təmiri ilə məhdudlaşmır, həm də işğaldan azad edilmiş şəhərlərin yeni şəhərsalma Urbanism) standartlarını müəyyən edir və şəhərsalmada “Ağıllı” və “Yaşıl” konsepsiyaları həyata keçirir.
“Qafqazın Xirosiması” adlanan Ağdamda tətbiq edilən baş plan, ekoloji tarazlıq və müasir memarlıq formalarının vəhdətini təşkil edir. Zəngilanın Ağalı kəndində tətbiq olunan Ağıllı şəhər və kənd modeli, Azərbaycanın gələcək şəhərsalma vizyonunun nümunəsidir. Burada memarlıq həlləri enerji səmərəliliyi və rəqəmsal idarəetmə ilə birləşdirilmişdir. Beynəlxalq əməkdaşlıq və elmi yanaşma Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağdakı bərpa prosesinə İtaliya, Avstriya və digər ölkələrin aparıcı memarlıq və bərpa şirkətləri cəlb olunmuşdu. Bu, bərpa işlərinin beynəlxalq standartlara (UNESCO prinsiplərinə) uyğun aparılmasını təmin edir.
“Bizim məqsədimiz təkcə binaları bərpa etmək deyil, Qarabağın ruhunu, onun mədəni landşaftını yenidən canlandırmaqdır”. Bu fəlsəfə bərpa olunan hər bir daşın arxasında dayanan əsas ideyadır.
Bu gün, bu missiyanı, daha konkret desək, milli memarlıq irsinin intibahı, müasirləşmə və müasir Azərbaycanda şəhərsalma və memarlıq irsinin qorunması strategiyası Mehriban xanım Əliyevanın fəaliyyəti ilə yeni bir mərhələyə qədəm qoyub. Bu fəaliyyət həm tarixi binaların bərpasını, həm də müasir memarlıq incilərinin yaradılmasını əhatə edir. Heydər Əliyev Fondunun rəhbərliyi ilə İçərişəhərdəki abidələrin, Qız qalasının və regionlardakı mədəni irs nümunələrinin bərpası elmi yanaşma və beynəlxalq standartlar əsasında həyata keçirilir. Bakı şəhərinin müasir simasının formalaşmasında mühüm rol oynayan Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi və digər infrastruktur layihələri ənənəvi elementlərlə futuristik yanaşmanın sintezini təşkil edir. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri, xüsusilə Şuşa şəhərinin tarixi simasının bərpası, məscidlərin və yaradıcılıq mərkəzlərinin yenidən qurulması prosesində Mehriban xanım Əliyevanın estetik və elmi baxışı həlledici rol oynayır. Bu, Natəvanın başladığı quruculuq missiyasının XXI əsr miqyasında davamıdır. Qadın iştirakçılığının memarlıq inkişafına təsiri, qadınların memarlıq və şəhərsalmada iştirakı aşağıdakı mühüm dəyişikliklərə səbəb olur:
-Humanizm, yəni şəhər mühitinin insanların ehtiyaclarına, xüsusilə uşaq və yaşlıların rahatlığına fokuslanması.
-İrsə həssaslıq: Yəni tarixi yaddaşın qorunması və bərpa prosesində hər bir detala xüsusi önəm verilməsi.
-Ekologiya və yaşıllaşdırma: “Yaşıl şəhər” konsepsiyalarının irəli sürülməsi və park-rekreasiya zonalarının genişləndirilməsi.
Nəticə etibarı ilə qeyd edək ki, Xurşidbanu Natəvan və Mehriban Xanım Əliyevanın fəaliyyətləri arasındakı tarixi paralellər göstərir ki, Azərbaycanda qadın iştirakçılığı hər zaman quruculuq, estetika və milli kimliyin qorunması ilə sıx bağlı olub. Bu təcrübənin təbliği gənc qadın memarların və şəhərsalma mütəxəssislərinin yetişməsində, eləcə də şəhər mühitinin daha keyfiyyətli formalaşmasında mühüm stimul rolunu oynayır. Mehriban xanım Əliyevanın Qarabağın memarlıq simasının bərpasındakı xidmətləri Azərbaycanın müasir tarixinə “Mədəni İntibahın memarı” kimi həkk olunur. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr Qarabağı yaxın gələcəkdə regionun ən müasir, eyni zamanda öz tarixi köklərinə bağlı olan mədəniyyət və turizm mərkəzinə çevirəcəkdir. Bu fəaliyyət elmi nöqteyi-nəzərdən milli memarlıq məktəbinin yeni inkişaf mərhələsi kimi qiymətləndirilməlidir.
Rizvan QARABAĞLI, AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.