Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ədəbiyyat Muzeyində WUF13-ə həsr olunmuş elmi seminar keçirilib
22.05.2026 11:51
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyində WUF13-ə həsr olunmuş elmi seminar keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində BMT-nin Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində növbəti elmi seminar təşkil edilib.

Seminarda muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq “İnkişaf edən şəhərlərdə ədəbiyyat və mədəniyyət: orta əsrlərdən günümüzə” adlı məruzə ilə çıxış edib.

Məruzəçi dünyada beynəlxalq urbanizasiya sahəsində ən mühüm tədbirlərdən sayılan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə WUF13-ün Bakıda keçirilməsinin Azərbaycanın son illərdə şəhərsalma və şəhərlərin idarə edilməsi prosesində fəal iştirakı ilə bağlı olduğunu, bu cür genişmiqyaslı tədbirin ölkəmiz üçün həm iqtisadi, həm də siyasi əhəmiyyət daşıdığını bildirib.

Qeyd edib ki, orta əsrlər Azərbaycanı yalnız siyasi hadisələrin deyil, həm də zəngin ədəbi-mədəni proseslərin cərəyan etdiyi mühüm bir məkan olub, X yüzillikdən başlayaraq Yaxın və Orta Şərqin Bağdad, Bəsrə, Şam, Herat və Səmərqənd kimi elm və mədəniyyət mərkəzlərinin sırasına Təbriz, Marağa, Ərdəbil, Şamaxı, Gəncə, Naxçıvan kimi qədim Azərbaycan şəhərləri də daxil olub.

Gülnar Əqiq bildirib ki, hələ IX-XI əsrlərdə Azərbaycanın ticarət və sənətkarlıq mərkəzləri olan inkişaf etmiş şəhərləri olub. Məsudi, Bəlazuri, Əl-Fəqih, Əl-İstəxri, İbn Hövqəl, Əl-Məqdisi, İbn-Xordadbeh, Yaqut əl-Həməvi, Əl-İdrisi, Həmdullah Qəzvini kimi ərəb və fars müəllifləri Azərbaycanın ərazisi, coğrafi iqlimi, tarixi, qədim şəhərləri və mədəniyyəti haqqında qiymətli məlumatlar veriblər.

“Orta çağ tarixinə nəzər salsaq, bu dönəmin Azərbaycan üçün siyasi cəhətdən də mühüm tarixi dövr olduğu məlum olur. Qədimdən bəri Azərbaycan ərazisi müxtəlif dövlətlərin – Manna, Midiya, Atropatena, Albaniya dövlətlərinin və Sacilər, Rəvvadilər, Şirvanşahlar, Səlcuqilər, Eldənizlər (Atabəylər), Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər kimi türk sülalələrinin hakimiyyəti altında olub. Bu siyasi dəyişikliklərə baxmayaraq, mədəniyyət və ədəbiyyat ənənələri daim davam edib, şəhərlər elm və sənət mərkəzləri kimi formalaıb. Orta əsrlərdə Azərbaycanın ən mühüm mədəni, siyasi və iqtisadi mərkəzlərindən biri də Şamaxı şəhəri olub. Xüsusilə Şirvanşahlar dövlətinin paytaxtı kimi şəhər yüksək inkişaf səviyyəsinə çatıb, burada saray ədəbiyyatı ilə yanaşı, elm və mədəniyyət də himayə edilib", - deyə məruzəçi əlavə edib.

Onun sözlərinə görə, Şirvanda şəhərlərin və şəhər mədəniyyətinin təşəkkülü ilə bağlı memarlıq və şəhərsalma da inkişaf edib, Şirvan-Abşeron memarlıq məktəbinin Şirvanşahlar sarayı, Bibiheybət məscidi, Şamaxı Cümə məscidi, Bakı qalası, Pirsaatçay xanəgahı, Şamaxıda fəaliyyət göstərən mədrəsələr, kitabxanalar və dini mərkəzlər kimi dəyərli tarixi-memarlıq abidələri yadigar qalıb.

Məruzədə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhərinin bu bölgənin önəmli elmi, siyasi və mədəni mərkəzi olduğu, Şirvanşahların himayəsi altında Azərbaycan mədəniyyətinin zənginləşdirildiyi, Azərbaycan ədəbiyyatının Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyləqani, İzəddin Şirvani, Zülfüqar Şirvani, İmadəddin Nəsimi, Bədr Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassiklərinin yaşayıb yaratdıqları vurğulanıb.

Gülnar Əqiq yekun olaraq bildirib ki, orta əsrlərdə Təbriz, Marağa, Ərdəbil, Naxçıvan, Gəncə və Şamaxı kimi qədim Azərbaycan şəhərləri şəhər mədəniyyətinin inkişaf etdiyi mühüm elm, ədəbiyyat, memarlıq və incəsənət mərkəzləri kimi tanınıb, həmin şəhərlər yalnız Azərbaycanın deyil, bütövlükdə türk-islam və Şərq sivilizasiyasının elmi-mədəni tərəqqisində əhəmiyyətli rol oynayıb.

Sonda mövzu ətrafında diskussiya aparılıb, tədbir filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, Rəhilə Sadıqova və digərlərinin çıxış və sualları ilə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: