Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mingəçevirdə tanınmış alimin yubileyi qeyd olunub
26.05.2026 15:00
  • A-
  • A
  • A+

Mingəçevirdə tanınmış alimin yubileyi qeyd olunub

Bu günlərdə Azərbaycanın tanınmış ziyalılarından biri, yarım əsrdən artıq təhsil sahəsində fədakarlıqla çalışmış filologiya üzrə fəlsəfə doktoru, Mingəçevir Dövlət Universitetinin dosenti, Əməkdar müəllim Mayıl Yolçu oğlu İsmayılovun 80 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Tədbirdə yubilyarın həmkarları, alimlər, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması, ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mayıl İsmayılov məclisə toplaşanları salamlayaraq göstərdikləri sayğıya görə minnətdarlığını ifadə edib. Məclisin aparıcısı Mayıl müəllimin  80 illik  ömür yoluna nəzər salaraq bildirib ki, həyatı boyu müəllimlik və vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirən, peşəsinin adını şərəflə daşıyan, qarşısına çıxan bütün çətinlikləri yalnız biliyi və dərin məntiqi mühakiməsi hesabına aradan qaldıran, ömrünü gənc nəslin təhsilinə, təlim-tərbiyəsinə həsr edən nəcib, xeyirxah, sadə və təvazökar bir ziyalı həyatının şahidi oluruq. Mayıl müəllimi xarakterizə etmək o qədər də çətin deyildir.

Yeri gəlmişkən, bu məclis həm də Mayıl İsmayılovun 80 illik yubileyi münasibəti ilə tanınmış jurnalist, yazar Yusif Ələkbərovun zəhməti hesabına ərsəyə gələn nəfis tərtibatlı “Mayıl İsmayılovun həyat hekayəsi” adlı kitabının təqdimatı idi. Müəllif Yusif Ələkbərov ürək sözlərini belə çatdırıb:

- Mayıl İsmayılovun 80 illik yubileyinə həsr edilmiş kitabın nəşr sevincini sizlərlə bölüşmək mənim üçün böyük qürurdur. Hər kəs haqqında kitab yazılmır - ömrü gərək elə yaşayasan ki, arxanca söz də qalsın, kitab da!

Çoxillik səmimi münasibətlərimizin davamı olaraq qeyd edim ki, Mayıl müəllim Vətən, torpaq, ata-ana, qardaş-bacı, ailə, övlad, baba, qohum-dost, alimlik, müəllimlik, qonşuluq... borclarını vicdanla yerinə yetirməkdədir. Siz kitabda onun bu istiqamətdəki xidmətlərini izləyə biləcəksiniz...

Kitabın redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının “Elm və həyat” jurnalının məsul katibi Sərvan Kərimov çıxış edərək Mayıl İsmayılovla olan dostluq münasibətlərindən, elmi əməkdaşlıqlarından bəhs edib. Onun özünəməxsus xarakterindən misallar çəkib.

Mingəçevir Dövlət Universitetinin dosenti Namaz Manafovun çıxışı yaddaqalan faktlarla zəngin olub. Onların birgə elmi araşdırmalarının səmərəli keçdiyi və faydalı olduğu bu gün də öz bəhrəsini göstərməkdədir.

Bizə elə gəlir ki, Mayıl müəllimi ən yaxşı tanıyanlar doğmaları, əzizləridir, onun dünyaya göz açdığı Haqqıxlı övladları, eldə-obada deyildiyi kimi, “Haqqıxlı övladları”, haqqa tapınanlardır. Bu yubiley gününü qeyd etmək üçün müxtəlif ünvanlardan Mingəçevirə gələn Qərbi Azərbaycan kökənli, Karvansaray rayonunun sazlı-söhbətli Haqqıxlı kəndinin yetirmələri də vardır. Əməkdar müəllim Saməddin İbrahimli, Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrasının müdiri Cəmil Babayev, professor Fikrət Cahangirov, Odlar Yurdu Universitetinin dosenti Füzuli Həsənov, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov, professor Şahin Xəlilli kimi respublikamızın tanınmış simaları məclisdə çıxış ediblər.

Yubiley tədbirində çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizin tarixinə nəzər salaraq, Ulu Öndər Heydər Əliyevin təhsilə, ədəbiyyata, yaradıcı insanlara göstərdiyi diqqət və qayğıdan, başladığı təhsil islahatlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Həyatının böyük hissəsini Nur şəhərinə bağlayan Mayıl İsmayılovun Mingəçevirin təhsil sahəsindəki xidmətlərindən, nailiyyətlərindən, zəngin təcrübəsindən, şəhərin ictimai-siyasi həyatındakı fəallığından bəhs edib. Onun əməyini xüsusi olaraq qiymətləndirib, pedaqoji fəaliyyətinin 25 ilini direktoru olduğu şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin yetirmələrinin, müəlim kollektivinin qazandığı uğurlardan danışıb.

Mayıl Yolçu oğlu İsmayılovun 80 illik yubileyi münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri fərmanını və qiymətli hədiyyəni təqdim edərək ona cansağlığı, ailə səadəti arzulayıb.

Saf, səmimi həyat tərzi keçirən, sadə ömür yolu yaşayan, hamıya sağlam münasibət bəsləyən, qayğı göstərən, kömək əlini əsirgəməyən Mayıl İsmayılov haqqında xoş, təravətli sözlər söyləyən digər məclis iştirakçıları da yubilyara daha uğurlu illər arzulayıblar. Yubilyara gül-çiçək dəstələri, hədiyyələr təqdim olunub. Vaxtilə çalışdığı liseyin pedaqoji kollektivinin nümayəndələri, MDU-nun gənc alimləri, dostları, ailə üzvləri də təbriklərə qoşulublar....

Mətanət MƏMMƏDOVA,

“Mingəçevir” qəzetinin müxbiri

  • Paylaş: