AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Bölmə sədri Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətindən danışıb. Qeyd edilib ki, AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə 26-28 iyun tarixində “Şəhərsalma və Memarlıq İli” və Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə “Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” mövzusunda üz-üzə və onlayn formada beynəlxalq konfrans keçiriləcək.
Elmi tədbir dahi memarın zəngin irsini öyrənmək, onun dünya memarlığına təsirini müzakirə etmək məqsədi daşıyır.
İclasda institut əməkdaşlarının yarımillik hesabatları və onun hazırlanması ətraflı müzakirə olunub. İnstitutun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və elmi katib, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji ekspedisiyaların təşkili, institut əməkdaşlarının beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumlarda iştirakı, əməkdaşların muzeylərdə və arxivlərdə apardıqları araşdırmalar, nəşr üçün hazırlanmış kitab və məqalələr barədə məlumat veriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.