AMEA Rəyasət Heyətində Akademiyada elmin populyarlaşdırılması işinin təşkili və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək ölkəmizdə elmi nailiyyətlərin təbliği və təşviqi istiqamətində görülən işlər sırasında Akademiyada elmin populyarlaşdırılması işinin əhəmiyyətini xüsusi vurğulayıb, qarşıda duran vacib vəzifələrdən danışıb. Bu məqsədlə AMEA Rəyasət Heyəti aparatının digər şöbələri ilə yanaşı Elmin populyarlaşdırılması şöbəsinin də üzərinə mühüm vəzifələrin düşdüyünü bildirən akademik İsa Həbibbəyli şöbə qarşısında Akademiyada Elm Günü tədbirlərinin keçirilməsinin təşkili, elmi nailiyyətlər sərgilərinin hazırlanması, görkəmli alimlərin yubileylərinin qeyd edilməsi, elm festivallarının, Akademiya muzeyinin işinin idarə olunması, elmin nailiyyətlərinin təbliğinin həyata keçirilməsi və koordinasiyası məsələlərinin dayandığını qeyd edib. AMEA rəhbəri Akademiyada elmin populyarlaşdırılması istiqamətində qarşıda duran vəzifələr barədə əməkdaşlara tövsiyə və tapşırıqlarını verib.
Sonra AMEA Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin müdiri biologiya elmləri doktoru dosent Tubuxanım Qasımzadə çıxış edərək Akademiyada elmin populyarlaşdırılması istiqamətində rəhbərlik tərəfindən qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirəcəklərini, bu sahədə bilik və bacarıqlarını nümayiş etdirəcəklərini diqqətə çatdırıb, təkliflərini bildirib.
Müşavirədə AMEA Rəyasət Heyətinin elmi katibi iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri – filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, Kamran Mustafayev və Elmin populyarlaşdırılması şöbəsinin əməkdaşları iştirak və çıxış ediblər.