Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Hər dövr öz insanını formalaşdırır”
17.07.2026 16:54
  • A-
  • A
  • A+

“Hər dövr öz insanını formalaşdırır”

"Zəmanə anlayışı yalnız müəyyən bir tarixi dövrü ifadə etmir. O, eyni zamanda cəmiyyətin inkişaf mərhələlərini bir-birindən ayıran, sosial inkişafın istiqamətlərini müəyyənləşdirən mühüm bir anlayışdır. Hər dövr özünəməxsus dəyərlər sistemi, həyat tərzi, davranış normaları və sosial münasibətlər formalaşdırır. Bu dəyişikliklər təkcə insanların yaşam tərzinə və etiket qaydalarına təsir göstərmir. Eyni zamanda qanunvericilik yenilənir, istehsal və istehlak münasibətləri dəyişir, əmək bazarı transformasiyaya uğrayır, yeni peşələr və yeni bacarıqlara tələbat yaranır. Bütün bunlar birlikdə zəmanə anlayışına fərqli məzmun qazandırır. Təbii olaraq, hər dövrün insanı da xarakteri, düşüncə tərzi və davranış xüsusiyyətləri ilə əvvəlki nəsillərdən fərqlənir".

Bu fikirləri Aznews.az-a açıqlamasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı sosioloq Hüseyn İbrahimov deyib.

Qeyd edək ki, zəmanə anlayışı yalnız müəyyən bir tarixi dövrü ifadə etmir, eyni zamanda cəmiyyətin düşüncə tərzini, dəyərlərini, sosial münasibətlərini və insanların həyat formasını əks etdirən geniş bir anlayışdır. Hər dövr öz xüsusiyyətləri, çağırışları və insanlara təsiri ilə fərqlənir. Bu gün texnologiyanın sürətli inkişafı, sosial medianın həyatımıza təsiri, ailə münasibətlərinin dəyişməsi, fərdi azadlıqların və sosial gözləntilərin yenilənməsi “müasir zəmanə” anlayışını daha çox müzakirə olunan mövzuya çevirib. Bəzən insanlar əvvəlki dövrləri daha sabit və dəyərlərin qorunduğu zaman kimi xatırlayır, bəziləri isə indiki dövrü imkanların daha geniş olduğu mərhələ kimi qiymətləndirir.

Sosioloq qeyd edib ki, müasir dövrdə baş verən sosial, texnoloji və mədəni dəyişikliklər əvvəlki dövrlərlə müqayisədə daha sürətli xarakter daşıyır.

"Qloballaşma nəticəsində zəmanəni formalaşdıran dəyərlər artıq yalnız milli çərçivədə deyil, həm də beynəlxalq miqyasda formalaşır. Qlobal informasiya axını, texnologiyanın sürətli inkişafı və rəqəmsal transformasiya cəmiyyətlərin həyatına birbaşa təsir göstərir. Buna görə də insanlar tez-tez “əvvəlki zaman daha yaxşı idi” və ya “indiki dövr daha əlverişlidir” kimi müqayisələr aparırlar. Əslində, hər dövrün öz üstünlükləri və problemləri mövcuddur. Sosioloji baxımdan zəmanəni formalaşdıran əsas amillərdən biri insanların dünya görüşünə təsir göstərən dəyərlər sistemidir. Tarix boyu elə dövrlər olub ki, insanların düşüncə tərzini əsasən dini dəyərlər müəyyənləşdirib. Başqa dövrlərdə isə dünyəvi dəyərlər ön plana çıxıb. Müasir dövrdə isə bu təsir mənbələri daha mürəkkəb xarakter daşıyır. Yerli, regional və qlobal amillər, sosial media, informasiya bolluğu və sürətlə dəyişən texnologiyalar insanların davranışına eyni vaxtda təsir edir. Bu səbəbdən müasir insan əvvəlki nəsillərlə müqayisədə daha sürətlə dəyişir. Nəsillər arasında fərqlər artır, onların dünyaya baxışı və həyat tərzi arasında məsafə genişlənir. Bu isə qlobal tendensiyadır. Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş dövlət proqramları və vətəndaş cəmiyyətinin təşəbbüsləri də məhz bu sürətli dəyişikliklər fonunda cəmiyyətin milli kimliyini qorumağa xidmət edir. Milli dəyərlərin qorunması ailə institutunun möhkəmlənməsi, təhsil sisteminin inkişafı və sosial münasibətlərin sağlam şəkildə formalaşması üçün mühüm əhəmiyyət daşıyır. Əks halda ailədaxili münasibətlərdə, nəsillər arasında ünsiyyətdə və sosial qruplar arasında anlaşılmazlıqlar yarana bilər. Müasir dövr eyni zamanda insanlara böyük imkanlar təqdim edir. Tarix göstərir ki, elm və texnologiya inkişaf etdikcə cəmiyyətlər də inkişaf edir və hər yeni texnoloji mərhələ yeni zəmanə anlayışını formalaşdırır. Lakin bu sürətli inkişaf müəyyən sosial-psixoloji problemlər də yaradır. Xüsusilə yaşlı nəsil dəyişən həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkə bilir, gənclər isə yeni reallıqlara daha sürətlə adaptasiya olurlar. Bu baxımdan zəmanəni formalaşdıran əsas amillərdən biri məhz elmi-texnoloji yeniliklərdir. İqtisadiyyatdan siyasətə, mədəniyyətdən təhsilə, diplomatiyadan beynəlxalq münasibətlərə qədər bütün sahələrdə dəyişikliklərin əsas hərəkətverici qüvvəsi texnologiyadır. Bunun nəticəsində müasir insanlardan daha çevik düşüncə, yeni biliklər və daim öyrənmək bacarığı tələb olunur. Bununla yanaşı, maraqlı bir paradoks da müşahidə edilir. İnformasiya və biliklərin həcmi artsa da, insanların dünya görüşü hər zaman eyni dərəcədə dərinləşmir. Bu gün yüksək təhsilli, bir neçə xarici dil bilən, müasir texnologiyalara yiyələnmiş insanlar arasında belə, bəzən geniş dünyagörüşünün zəiflədiyini müşahidə etmək mümkündür. Əvvəlki nəsillərin informasiyaya çıxışı daha məhdud olsa da, onların hadisələrə daha dərin yanaşması diqqət çəkirdi. Bu vəziyyət göstərir ki, müasir dövr daha çox üfüqi inkişafı stimullaşdırır. İnsanlar çoxsaylı mövzular haqqında məlumat əldə edirlər, lakin həmin biliklərin dərinliyi hər zaman eyni səviyyədə olmur. Sürət, qloballaşma və informasiya bolluğu bəzən dünyagörüşünün səthi formalaşmasına səbəb olur. Digər mühüm tendensiya fərdiyyətçiliyin güclənməsidir. Müasir insan ailə qurarkən, peşə seçərkən və həyat tərzini müəyyənləşdirərkən əvvəlki dövrlərlə müqayisədə daha çox şəxsi seçimlərinə üstünlük verir. Bu isə müasir zəmanənin daha liberal və fərdi yanaşmaları təşviq etdiyini göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, müasir zəmanə əvvəlki dövrlərlə müqayisədə daha dinamik, daha qlobal və daha mürəkkəb xarakter daşıyır. Bu dəyişikliklərin yaratdığı sosial kataklizmlərin və psixoloji gərginliklərin qarşısını almaq üçün maarifləndirmə fəaliyyətinin gücləndirilməsi, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, məktəb və ailə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Yalnız bu halda cəmiyyət sürətlə dəyişən zəmanənin çağırışlarına uyğunlaşaraq milli-mənəvi dəyərlərini qoruyub saxlaya bilər".

  • Paylaş: