İyulun 29-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
Seminarı ŞAR-ın icraçı direktoru professor Nəriman İsmayılov açaraq iştirakçıları salamlayıb, onlara məruzənin mövzusu barədə məlumat verib.
Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin aparıcı elmi işçisi astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə “Ae/Herbiq tipli HD 141569A ulduzunun uzunmüddətli spektral tədqiqatlarının nəticələri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Ae/Herbiq tipli HD 141569A ulduzunun uzunmüddətli spektral müşahidələrinin nəticələri təqdim edilib, ulduz atmosferində və ətraf qaz-toz diskində baş verən fiziki proseslər hərtərəfli təhlil olunub. Tədqiqat zamanı 2017–2023-cü illərdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Zeiss-2000 teleskopunda alınmış yüksək keyfiyyətli spektrlər, eləcə də 2007-ci ildə Avropa Cənub Rəsədxanasının (ESO) Çox Böyük Teleskopunun (VLT) UVES yüksək ayırdetməli spektroqrafı vasitəsilə əldə edilmiş arxiv müşahidə materialları kompleks şəkildə emal və təhlil edilib.
Spektral analiz zamanı sintetik model atmosferlərindən istifadə edilməklə hidrogenin Balmer seriyasına aid Hα, Hβ, Hγ və Hδ xətlərinin fotosfer komponenti şüalanma komponentindən ayrılıb. Müəyyən edilib ki, hidrogenin şüalanama xətləri mərkəzi minimuma malik xarakterik iki pikli (double-peaked) profil nümayiş etdirir. Belə profil forması qazın ulduz ətrafı diskdə Kepler qanunlarına uyğun orbital hərəkət etdiyini təsdiqləyən əsas spektral göstəricilərdən biridir. Şüalanma profillərinin quruluşu diskdə qazın paylanması, sıxlığı və kinematik xüsusiyyətləri haqqında mühüm məlumat verir.
Bundan əlavə, Na ID və CaII K rezonans xətlərinin təhlili nəticəsində sistemdə müşahidə olunan qaz axınının sürətinin təxminən −13 ± 1,5 km/s olduğu müəyyən edilib. Bu nəticə ulduz ətrafı mühitdə maddənin dinamik hərəkətini və qaz axınlarının davam etdiyini göstərən mühüm müşahidə sübutlarından biri hesab olunur.
Hidrogen xətlərinin parametrləri əsasında ulduz səthinə maddənin akkresiya sürəti qiymətləndirilib. Hesablamalar göstərib ki, sistemdə akkresiya prosesi intensiv xarakter daşımır, lakin uzunmüddətli müşahidələr ərzində davamlılığını qoruyub saxlayır. Bu isə ulduzun təkamülünün hazırkı mərhələsində də maqnitosfer akkresiyasının tam dayanmadığını göstərir.
Sonda tədqiqat çərçivəsində əldə olunan nəticələr ümumiləşdirilib, onların perspektiv tətbiq imkanları müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.