Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Şəhriyar XX əsr Şərq poeziyasının ulduzudur
31.07.2026 11:39
  • A-
  • A
  • A+

Şəhriyar XX əsr Şərq poeziyasının ulduzudur

Məhəmmədhüseyn Şəhriyar – 120

XX yüzillik Şərq poeziyasını yeni mərhələyə, uca zirvəyə qaldırmış Şəhriyar yaradıcılığı Türkiyə, Ön və Orta Asiya, Pakistan, Əfqanıstan, Hindistan, Qafqaz və başqa ölkələrdə ədəbi prosesin inkişafına, milli ədəbiyyatlara ciddi təsir edib. Milyonlarla insan, şeir həvəskarı, oxucular onun şeir bulağından su içib, ruhən, mənən qidalanıb, bədii təfəkkürünü zənginləşdirib.

Şəhriyarın tədqiqatçıları göstərirlər ki, onun poeziyası XX əsr İran ədəbiyyatının inkişaf xüsusiyyətləri ilə sıx surətdə bağlı olmuş klassik irsin yaradıcı şəkildə mənimsənilməsi ilə yanaşı, çağdaş ədəbi proseslə qarşılıqlı əlaqə və təsir zəminində formalaşdırılır. Şəhriyar İran ədəbiyyatında, xüsusən poeziyada baş verən hadisə və dəyişikləri yaxından izləmiş, zəruri məqamlarda və ən mühüm məsələlər barədə mötəbər mövqeyini bildirmişdir.

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbrizin Bağmeşə bölgəsində, dövrünün tanınmış hüquqşünası Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya göz açıb. Hacı Mirağa şeiri, musiqini çox sevirmiş.Anası Kövkəb xanım folklordan, klassik poeziyamızdan, xüsusilə Seyid Əzimdən bəzi nümunələri oğlu üçün mütəmadi qiraət edərmiş. O, Təbrizdə orta təhsil alıb Tehran Universitetinin tibb fakültəsini bitirir. Elə o vaxtlar da artıq istedadı özünü göstərir, tez bir zamanda şair kimi tanınır və sevilir.

Dünya ədəbiyyatının klassikləri, poeziya korifeyləri Hafiz və Füzuli ilə müqayisə oluna bilən sevgi şeirləri, fəlsəfi-hikmətamiz qəsidələr, lirik poemalar yazmaqla İran ədəbiyyatının ən yüksək zirvəsinə ucalır. Şəhriyar klassik şeirin bütün janrlarında qələmini sınamış, fars və Azərbaycan ədəbiyyatını geniş məzmunlu qəzəl, qəsidə, məsnəvi, dübeyti, qitə və rübailərlə zənginləşdirmişdir.

Professor Elman Quliyev bildirir ki, Şəhriyarın İran ədəbiyyatında, İran mühitində, o cümlədən ətraf ölkələrdə geniş mənada qəbul olunması bilavasitə şairin dilə yaradıcı yanaşması və Azərbaycan “Laylay” dilinin işlənmə imkanlarının genişlənməsində göstərdiyi xidmətlərdən irəli gəlirdi:

Nə tək İranda mənim

qülqülə salmış qələmim,

Bax ki, Türkiyədə,

Qafqazda nə qovğa elədim.

Ədəbiyyatşünasların “Türkün Hafizi” adlandırdıqları M.Şəhriyar elə öz yaşadığı dövrdə neçə-neçə sənət fədailərinin yetişməsində misilsiz rol oynadı”.

Akademik İsa Həbibbəylinin sözlərilə desək, “qüdrətli söz ustadı M.Şəhriyarın ölməz irsi ümumən dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir”. İranın, Şərqin alimləri, Azərbaycan şərqşünasları sübut edirlər ki, Şəhriyar müasir farsdilli şeirin kuliminasiya zirvəsini fəth etmiş söz ustadıdır. Onun şeirləri dünyanın bir çox dillərinə tərcümə edilib, insanların ruhunu oxşayıb. Bu gün yer üzündə az insan tapılar ki, Şəhriyar poeziyasından xəbərsiz olsun, onun şeirlərini sevməsin.

Güney poeziyasının araşdırıcısı Esmira Fuada görə, Şəhriyarın həm fars, həm də Türk dilində yazdığı əsərlər şairin, bütövlükdə, yaradıcılığı, sanki, əsrarəngiz bir dəryadı, bu dəryaya baş vuranda isə çıxmaq mümkünsüz olur, çünki çox dərindi, intəhasızdı.

Şəhriyarın türkcə yazdığı əsərlər barədə sitatlardan da göründüyü kimi, geniş və ətraflı tədqiq olunsa da, farsca yazdığı poetik nümunələr Quzeydə fundamental araşdırılmamışdır. Mərhum ədəbiyyatşünas Sabir Əhmədov “Şəhriyar fars ədəbiyyatşünaslığında” adlı monoqrafiyasında bu məsələyə toxunmuşdu. Şəhriyarın fars şeirində sənətkarlığı, İran ədəbi mühiti ilə bağlı mövqeyinə dair ədəbiyyatşünas Məsiağa Məhəmmədi yazır: “Şəhriyarın dərin ruhi qatları daha çox farsca yazdığı şeirlərilə bağlıdır. Bunun iki səbəbi var. Birincisi Şəhriyarın düşüncə və nəsr dili farsca idi, ikincisi farsca yazdığı şeirlərinin həcminin müqayisədə daha çox olmasıdır”.

Farsca yazdığı qəzəlləri və ümumiyyətlə, bütün əsərləri irfani özəllik, bədii-poetik gözəllik daşıyan Şəhriyar milli mənsubiyyətindən asılı olmayaraq İran Azərbaycanında – Təbrizdə dünyaya göz açmış böyük Türk şairidir.

Şəhriyarın bioqrafiyası şeirlərində, memuarları yaradıcılığında poetik şəkildə əks olunub. O, uşaq vaxtı yuxuda görür ki, 13 yaşında Təbrizdən Tehrana gedir, yolun ortasında – dağın zirvəsində böyük bir təbil çalır. Elə gur çalır ki, ildırım səsinə bənzəyir. Özü təbilin səsindən dəhşətə gəlir və səsə oyanır. Bu yuxunu onun gələcək şöhrəti kimi yazmaq olar. Dağ başına çıxan şair sənətdə ən uca nöqtəni fəth edir və sənətinin şöhrəti ildırım kimi dünyaya yayılır, cahana səs salır.

19 yaşında ikinci yuxusunda görür ki, Behcətabadın hovuzunda öz məşuqəsi ilə üzür, birdən sevgilisi suyun dibinə gedir. Məhəmmədhüseyn onun ardınca suyun dibinə baş vurur, nə qədər axtarır, onu tapa bilmir. O, suyun dibində bir ləl-gövhər daşı götürür. Bu daş günəş kimi işıq saçır. Ətrafdan ona deyirlər ki, o – gecə çırağının gövhərini tapıb. Yəni farsca “qouhəri-şəbi-çerağ”. Bu yuxu da onun məşhurluğuna aid yozula bilər.

Şəhriyar çox həssas, hissiyyatlı, səxavətli, kinsiz, ürəyitəmiz, saf insan imiş. Özünə aid olan əşyaları kimin xoşu gəlsə həvəslə hədiyyə edərmiş. Onu sevməyənlərə də kini yox imiş. O qədər xəyala dalarmış ki, nahar və şam yeməyini unudarmış.

Tək qalmağı da sevərmiş Şəhriyar. Bəzi vaxtlar heç kəslə təmasda olmaz, qapını bağlayıb heç kəsi içəri buraxmazmış. Öz xəyalları ilə təkbətək qalarmış. O qədər hissiyyata qapılarmış ki, özünü dərk etməzmiş. O, müqəddəs ruhlara etiqad göstərərmiş.

Ustad şair təbi gələndə yazarmış. Bəzən aylarla bir beyt yaza bilməyən şair, bəzən bir gecədə böyük bir əsər qələmə alarmış. O, farsca ən böyük əsəri – 400 beytlik “Təxti-Cəmşid”i (Cəmşidin taxtı) 2-3 günə yazıbmış.

Şəhriyar vətənpərvər, Allaha bağlı, dindar şəxsiyyət olub. Onun “Minacat”, “Məhəbbət dərsi”, “Əbədiyyət, himmət və eşq qanadı”, “Tovhid”, “Əli” və s. şeir və qəzəlləri dini mövzuda yazılmış yüksək bədii-poetik nümunələrdir:

Qulaq as gecə o “Ya Həqq”

quşuna ki, Şəhriyara,

Biləsən nə xoşdur açmaq

gecə dosta macəranı.

Şəhriyarın həyatında ən acı xatirə anasının ölümü idisə, ən şirin xatirəsi qızı Şəhrizadla bağlı olub. Şəhrizad 5 yaşı olanda Şəhriyarın Fikrət Sadığın tərcüməsində məşhur “Azərbaycan” şeirini farsca Təbriz ləhcəsində atası üçün əzbərdən söyləyəndə şair sevincdən göz yaşlarını saxlaya bilmir.

İran poeziyasında, yəni mənzum ədəbiyyatda bir çox şeir nümunələri, üslublar var. Türk, fars, hind, İraq şeir üslub və nümunələri, əruz, heca, sərbəst şeirləri əxz edən və yaradıcılığında ustalıqla təcəssüm etdirən yeganə şair Şəhriyar olmuşdur.

Türküstan üslubu: Dastan şeirləri üçün münasibdir. Məsələn, saraylar, əmirlər və ordular üçün ruh yüksəkliyi, cəngavərlərin qəhrəmanlıq tərzi. Bu üslubda yazılan şeirlərdə zəriflik, lətafətli sözləri ifadə etmək olmur.

Əraq – yəni İraq üslubu: Elmə və eşqə aid olan şeirlərdir. İsti və yumşaq, arifanə və gizli, müəmmalı ruhdur. Bu əsərlərdə İsfahan, İraq, Şiraz və Azərbaycan sözlərindən istifadə etmək lazımdır.

Çağdaş üslub: Avropalılar bu üsluba yeni klassik, yənİ “neoklassik üslub” deyirlər. Bu isə haqqında danışdığımız Türküstan və İraq üslublarıdır ki, zamanın rəngini özünə götürmüş və dövrana, zamana uyğun olaraq dəyişir, adaptasiya olunur. Bu üslub milli ədəbiyyatımızda XIX əsrdə Seyid Əzimdə, XX yüzilliyin əvvəllərində “Molla Nəsrəddin” jurnalında - Molla Nəsrəddinçi şairlərdə, xüsusilə Sabirdə öz əksini tapmışdır.

İran ədəbiyyatşünaslarının fikrincə, “Yeni İraq” üslubu Dehxodanın qitələrində, Vəhid Dəstgirdinin əsərlərində, Şeydanın təsnif və qəzəllərində, “Yeni türküstan” üslubu isə Məlikəşşüəra Baharın qəsidələrində, eləcə də görkəmli ədib M.C.Pişəvərinin bəzi əsərlərində öz əksini tapıb. Müasir şairlərin klassik mahiyyət daşıyan poetik nümunələrinin əksəriyyətində istifadə olunub.

Sadə üslub: İranlı alimlərin fikrincə, bu üslubda yazanlar sadə xalqın işlətdiyi ümumişlək sözlərdən istifadə etməyə çalışırlar. Bu üslubda nəzm əsərləri yazmaq İrəc Cəlalülməmalikə qismət olub. Onun iki şah əsəri – “Arifanə” və “Zöhrə və Mənuçöhr” misilsiz sənət nümunələri hesab olunur.

Vaxtilə Şəhriyarın əsərləri pərakəndə çap olunmuşdu. Son dövrlər 50-ci dəfə təkrar nəşr olunan, əvvəllər 3 cilddə, indi isə 2 cilddə “Divan”ında qəzəllər, qəsidələr, rübailər onu uca zirvəyə yüksəltmişdir.

Şəhriyarın ilk kitabı hicri-şəmsi tarixi ilə 1309-cu ildə çap olunub. Məlikəşşüəra Bahar kitabın müqəddiməsində yazırdı: “Şəhriyar böyük və füsunkar bir şairdir. Şəhriyar böyük şeir ustadlarından biridir. Şəhriyar İranın ən hünərli və ən böyük müasir şairidir və yeganə həssas şairdir. Şəhriyar təkcə İranın fəxri deyil, bəlkə Şərqin fəxridir”. 24 yaşlı cavan şairi bu qədər tərifləmək mübaliğəli görünə bilərdi. Lakin Şəhriyarın heyrətamiz poeziyası bu tərifi öz ünvanına çatdırdı.

Akademik Gövhər Baxşəliyeva Məhəmmədhüseyn Şəhriyarı Azərbaycan və İran poeziyasının ən nəhəng simalarından biri, qüdrətli söz ustadı, XX əsr Azərbaycan və fars ədəbiyyatının iftixarı adlandıraraq yazır: “Şairin poeziyası dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin canlı aynasıdır. Onun ölməz irsi əbədidir, nəinki Şərq, dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir. Ecazkar poeziyası ilə ürəkləri fəth etmiş, kütlələrin sonsuz məhəbbətini qazanmışdır. Onun şeirləri dildən-dilə düşmüş, bir çox dillərə tərcümə olunmuş, insanların ruhunu oxşamışdır. Bu gün ölkəmizdə çətin elə bir insan tapıla ki, Şəhriyar poeziyasının vurğunu olmasın, onun şeir nümunələrini bilməsin”.

Şəhriyarın yaradıcılığı istər İranda, istərsə də Azərbaycanda daim tədqiqatçıların diqqət mərkəzində olub. Ə.Atəş, Q.Beqdeli, H.Billuri, Böyük Nikəndiş, Əliməmməd Əbülfəzl, Cəmşid Əlizadə, Həmid Məmmədzadə, Kərim Məşrutəçi Sönməz, İsa Həbibbəyli, Teymur Əhmədov, Həsənəli Məhəmmədi, Əhməd Kaviyanpur, Gövhər Baxşəliyeva, İslam Qəribli, E.Quliyev, Məsiağa Məhəmmədi, N.Əlizadə, Mühəyyin Məhəmmədhüseyn, Zilli Mənuçöhr, Hüseyn Münzəvi, B.Nəbiyev, Fəthi Nüsrətullah, Nazim Rizvan, Sabir Əmirov, Y.Şeyda, Ə.Bije, S.Bayramzadə, Aybəniz Həsənova və başqaları Şəhriyarın həyat və yaradıcılığı barədə araşdırmalar aparmış, monoqrafiya, kitab və məqalələr yazmışlar. Artıq Azərbaycanda milli şəhriyarşünaslıq məktəbi formalaşmaqdadır.

Şəhriyarın farsca yazdığı əsərlərin bir hissəsi Azərbaycanın istedadlı şair və alimləri tərəfindən ana dilimizə tərcümə olunub. AMEA Nizami adına Ədəbiyyat İnstitutu bu ənənəni davam etdirir. “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsi ustadın iki cildliyi üzərində çalışır. Bura ancaq şairin farsca yazdığı əsərlərin tərcüməsi daxil ediləcək. Şəhriyarşünas alim Esmira Fuadla cildin üzərində çalışırıq. Bir ildir ki, ustad şairin qəzəl, qəsidə, məsnəvi, dübeyti, rübai eləcə də dini şeirlərinin sətri tərcüməsi ilə məşğulam. Ömür vəfa qılsa bunları poetik tərcümə ilə oxuculara təqdim edəcəyəm. Böyük şairin 50-yə yaxın əsəri üzərində çalışıram. Şair, professor Şahin Fazilin, təbrizli Pur Azərin də yeni tərcümələri topluya daxil ediləcək.

Şəhriyar klassik ənənələri dövrünün yenilikləri ilə uğurla birləşdirməyi bacarmış, ənənə və novatorluq arasında düzgün nisbəti, “etidalı”, “qızıl ortanı” tapmağa və yaradıcılığında gerçəkləşdirməyə nail olmuşdur.

Onun dahiliyi ən incə hisslərin tərənnümündə, ən yüksək bəşəri istək və arzuların təcəssümündə, doğma xalqının keçmişinin, etnoqrafiyasının, uşaqlıq həyatının, anasının xatırlanmasında, İlahi eşqdə - bütün poetik təsvir və tərənnümlərdə hiss olunur. Saf, ülvi təbiəti, xarakteri, Qurani-Kərimi mükəmməl bilməsi və məqamında dini sitatları poetik yönümdə işlətməsi, sözünün əxlaqi, didaktik təsiredici qüvvəyə malik olması Şəhriyarı sənətdə ən uca məqama çatdırmışdır.

Şəhriyarın İrana və Azərbaycana aid vətənpərvər ruhda yazdığı şeirlərində Vətənə məhəbbət, düşmənə nifrət aşılanır. Məsələn; “Şivəne-Şəhriyar”, “Mehmane-Şəhriyar”, “Səbe-xun” və başqa əsərləri düşmənlərə şairin nifrətinin poetik təcəssümüdür. Bu gün müasir İranın elə bir guşəsi yoxdur ki, Şəhriyarın adını, qəzəllərini, “Heydərbabaya salam” dastanını, qəsidələrini, rübailərini əzbər bilməmiş olsun.

Şəhriyar həyatın enişli-yoxuşlu, dolanbac, əyri-üyrü yollarından, dar dalanlarından keçmiş, ölməz əsərləri ilə özünə əbədi bir yol qazanmışdır.

Vüqar ƏHMƏD,

AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor

“Xalq qəzeti”

  • Paylaş: