Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan dili  və dövlət siyasəti: müasir çağırışlar və ana dilinin qorunması
01.08.2026 10:58
  • A-
  • A
  • A+

Azərbaycan dili və dövlət siyasəti: müasir çağırışlar və ana dilinin qorunması

“Dil hər bir xalqın milli sərvətidir. Onu qorumaq hər bir

vətəndaşın müqəddəs borcudur.”

Heydər Əliyev

Müstəqilliyin ən mühüm atributlarından biri dövlət dilidir və Azərbaycan bu baxımdan zəngin tarixi irsə malik ölkələr sırasındadır. Dünyada elə xalqlar, dövlətlər mövcuddur ki, onların ana dili müxtəlif tarixi-siyasi səbəblərdən dövlət dili statusuna malik deyil. Azərbaycan xalqı isə öz ana dilini dövlət dili kimi yaşatmaq və inkişaf etdirmək imkanını əldə etmişdir. Azərbaycan dilinin dövlət dili kimi hüquqi status qazanması və konstitusion səviyyədə təsbit olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dövründə Onun Ümummilli Liderin prinsipial mövqeyi və uzaqgörən siyasəti, iradəsi nəticəsində Azərbaycan dilinin dövlət dili statusu Azərbaycan SSR Konstitusiyasında da öz əksini tapmışdır. Müstəqillik illərində isə bu siyasət daha da inkişaf etdirilərək Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. Sonrakı dövrdə Ümummilli Lider tərəfindən Azərbaycan əlifbasının latın qrafikasına tam keçidinin təmin olunması və 1 avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilməsi ana dilimizin qorunması. inkişafı istiqamətində dövlət siyasətinin mühüm mərhələsini təşkil edir. Azərbaycan dili xalqımızın milli varlığının, tarixi yaddaşının, mədəni irsinin və dövlətçilik ənənələrinin əsas dayaqlarından biridir. Xalqın mənəvi dünyasını, tarixi keçmişini, milli təfəkkürünü və gələcəyə baxışını özündə yaşadan ana dilimiz müstəqil dövlətimizin ən mühüm atributlarından biri olmaqla yanaşı, milli təhlükəsizliyin və ideoloji bütövlüyün əsas təminatlarındandır. Məhz buna görə də Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, zənginləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində təsbit olunmuşdur: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir." Bu müddəa dövlət dilinin hüquqi statusunu müəyyən etməklə yanaşı, onun inkişafının dövlətin birbaşa vəzifəsi olduğunu da təsdiqləyir. Müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən məqsədyönlü dil siyasəti nəticəsində Azərbaycan dili dövlət idarəçiliyinin, təhsil sisteminin, elmin, mədəniyyətin və ictimai həyatın bütün sahələrində öz mövqeyini möhkəmləndirmişdir. Onun “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı(18 iyun 2001-ci il), “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Sərəncamı (9 avqusi 2001-ci il) və digər mühüm sənədlər milli dil siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmişdir. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilməkdədir.  Dövlət başçısının Azərbaycan dilinin elektron məkanda tətbiqinin genişləndirilməsi, dil normalarının qorunması və terminologiyanın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar dövlət dili siyasətinin ardıcıl xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin 2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında,  2026-cı il yanvarın 5-də televiziya jurnalistləri ilə keçirilən görüşlərdə səsləndirdiyi fikirlər müasir dövlət dili siyasətinin yeni inkişaf mərhələsini müəyyən edən mühüm konseptual yanaşma kimi qiymətləndirilməlidir. O, həmin çıxışlarda vurğulanmışdır ki, elmi tədqiqatlar yalnız nəzəri nəticələrlə məhdudlaşmamalı, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına xidmət etməlidir. Dövlət başçısı xüsusilə dil, tarix və milli kimlik istiqamətində aparılan araşdırmaların strateji əhəmiyyətini qeyd etmiş, normativ bazanın müasir çağırışlara uyğun yenilənməsinin vacibliyini diqqətə çatdırmışdır. Çıxışın əsas tezisləri göstərir ki, elmin praktik dövlət siyasətinə töhfəsi artırılmalı, dövlət dili siyasəti süni intellekt, rəqəmsal platformada müasir texnologiyaların tələbləri ilə uzlaşdırılmalıdır.

Müasir dövrdə Azərbaycan dilinin hüquqi bazası kifayət qədər geniş olsa da, qloballaşma, rəqəmsal transformasiya və informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı yeni çağırışlar meydana çıxarmışdır. Xarici dillərin təsirinin artması, sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması, yeni elmi və texnoloji terminlərin nizamsız şəkildə işlədilməsi, süni intellekt sistemlərində Azərbaycan dilinin yetərincə təmsil olunmaması mövcud normativ bazanın daim yenilənməsini zəruri edir. Bu baxımdan dövlət dili siyasətinin əsas prioritet istiqamətlərindən biri müasir dil standartlarının hazırlanmasıdır. Dövlət idarəçiliyində, məhkəmə-hüquq sistemində, təhsil müəssisələrində, mediada və rəqəmsal platformalarda vahid dil normalarının tətbiqi rəsmi üslubun dəqiqliyini və hüquqi sənədlərin anlaşıqlığını təmin edir. Eyni zamanda, terminologiyanın vahid elmi konsepsiya əsasında yenilənməsi xüsusi əhəmiyyət kəsb edir. Süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, biotexnologiyalar və digər yeni sahələr üzrə yaranan anlayışların Azərbaycan dilində elmi cəhətdən əsaslandırılmış qarşılıqlarının işlənməsi dilimizin zənginləşməsinə və beynəlxalq elmi məkana inteqrasiyasına xidmət edir.

Dövlət dili siyasətinin elmi əsaslarla həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun rolu danılmazdır. İnstitutda fundamental dilçilik tədqiqatları  Azərbaycan dilinin tarixi inkişaf mərhələlərinin, dialekt və şivələrinin, fonetik, morfoloji, sintaktik və leksik-semantik xüsusiyyətlərinin sistemli şəkildə öyrənilməsinə imkan yaratmışdır. Onilliklər ərzində formalaşmış bu elmi irs dövlət dili siyasətinin nəzəri bazasını təşkil edir. Bununla yanaşı, tətbiqi dilçilik müasir dövrdə xüsusi aktuallıq qazanmışdır. Korpus dilçiliyi, rəqəmsal lüğətçilik, nitqin avtomatik tanınması, mətnlərin kompüter emalı, maşın tərcüməsi, konkordasların və baza dil modellərinin hazırlanması istiqamətində aparılan tədqiqatlar Azərbaycan dilinin rəqəmsal platfornada yerini  müəyyənləşdirən əsas amillərdəndir.

Milli dil resurslarının formalaşdırılması dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, elektron xidmətlərin inkişafı, təhsil sisteminin modernləşdirilməsi və milli informasiya təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan dili həm də milli təhlükəsizliyin mühüm elementlərindən biri kimi qiymətləndirilməlidir. İnformasiya müharibələrinin geniş vüsət aldığı, rəqəmsal platformaların ictimai rəyə ciddi təsir göstərdiyi bir şəraitdə dövlət dilinin norma və qaydalarının qorunması milli maraqların müdafiəsinin tərkib hissəsinə çevrilmişdir. Rəsmi üslubda dil normalarına ciddi əməl olunması, təhsil müəssisələrində ana dilinin yüksək səviyyədə tədrisi, media və sosial şəbəkələrdə ədəbi dil normalarının təşviqi, cəmiyyətdə dil mədəniyyətinin yüksəldilməsi bu istiqamətdə qarşıda duran əsas vəzifələrdəndir.

Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi: “Millətin milliliyini yaşadan onun dilidir”. Bu gün həmin siyasi fəlsəfə Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun yeni məzmun qazanmışdır. Azərbaycan dilini qorumaq, onu elmin və texnologiyanın dili səviyyəsinə yüksəltmək, gələcək nəsillərə daha zəngin və daha qüdrətli şəkildə ötürmək hər birimizin həm vətəndaşlıq borcu, həm də milli-mənəvi məsuliyyətidir. Məhz bu məsuliyyət hissi Azərbaycan dilinin gələcək inkişafının və dövlətçiliyimizin möhkəmlənməsinin əsas təminatlarından biridir.

Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə bütün xalqımızı təbrik edir, ana dilimizin saflığının qorunması, elmi əsaslarla inkişaf etdirilməsi və gələcək nəsillərə milli-mənəvi irs kimi ötürülməsi naminə həyata keçirilən fəaliyyətin davamlı olmasını arzulayırıq.

Nadir MƏMMƏDLİ, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: