Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Dil xalqın əbədi imzasıdır
01.08.2026 08:24
  • A-
  • A
  • A+

Dil xalqın əbədi imzasıdır

 

Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, mədəniyyəti, dünyagörüşü və milli kimliyinin daşıyıcısıdır. Dil canlı və daim inkişaf edən ictimai hadisədir. Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci il avqustun 9-da imzalanan fərmanla hər il avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın milli-mənəvi dəyərlərinə göstərilən diqqətin və ana dilimizin inkişafına verilən önəmin ifadəsidir. Bu əlamətdar gün hər birimizə dilimizin zənginliyini, saflığını və gözəlliyini qorumağın vacibliyini bir daha xatırladır. Hər il bu əlamətdar gün qeyd olunarkən ana dilinin vəziyyəti və onun qorunması məsələlərinə yenidən diqqət yetirilir, çünki ana dili mövzusu buna imkan verir. Müasir dövrün reallıqları dil məsələsinə təkrar qayıtmaq, dilin qarşı-qarşıya olduğu təhdidləri, onları aradan qaldırmaq üçün görülməli olan tədbirləri müəyyən etmək zərurəti yaradır.

Azərbaycan dilinin qorunması təkcə mənəvi məsələ deyil, həm də dövlət siyasətinin mühüm istiqamətidir. Azərbaycan dövləti ana dilinin qorunmasını mühüm prioritet hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olduğu təsbit edilmiş, dövlət dilinin tətbiqinin genişləndirilməsi, latın qrafikalı əlifbanın tam tətbiqi və Azərbaycan dilinin inkişafı ilə bağlı mühüm hüquqi sənədlər qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında ana dilinin saflığının qorunmasının əhəmiyyətini vurğulayıb, bu sahədə konkret istiqamətlər müəyyən edib. Bu isə göstərir ki, ana dilinin qorunması təkcə fərdi deyil, həm də dövlət səviyyəsində həyata keçirilən strateji siyasətin tərkib hissəsidir və dilimizin bugünkü inkişafı təsadüfi deyil, ardıcıl dövlət siyasətinin nəticəsidir. Yəni Azərbaycan dili bu gün müstəqil dövlətimizin dili kimi möhkəm hüquqi statusa, zəngin ədəbi ənənəyə və geniş istifadə imkanlarına malikdir. Lakin dilin hüquqi statusunun möhkəm olması onun saflığının öz-özünə qorunacağı anlamına gəlmir. Hər bir canlı dil kimi Azərbaycan dilinin də saflığının, ifadə zənginliyinin və ədəbi normalarının qorunması daim diqqət və məsuliyyət tələb edir.

Deməli, ana dilinin saflığının qorunması həm də vətəndaş məsuliyyətidir. Bu məsuliyyət yalnız dilçi alimlərin və ya müəllimlərin üzərinə düşmür. Valideynlər öz uşaqları ilə danışarkən, müəllimlər şagirdlərdə nitq mədəniyyəti formalaşdırarkən, jurnalistlər və media nümayəndələri ədəbi dil normalarına riayət edərkən, o cümlədən rəsmi sənədlərdə, reklam lövhələrində, ictimai yerlərdə, internet saytlarında və xidmət sahələrində Azərbaycan dilinin normaları qorunmalı, hər bir vətəndaş isə öz gündəlik danışığında və yazışmalarında dilimizə hörmətlə yanaşmalıdır. Çünki dilin saflığının qorunması həm də milli kimliyin və milli şüurun qorunmasıdır. Dünyada öz dilini yaşada bilən xalqlar milli varlıqlarını qoruyub saxlamışlar. Dil insanları ortaq tarix, mədəniyyət və dəyərlər ətrafında birləşdirən ən güclü vasitədir. Ana dilinə laqeyd münasibət zamanla milli kimliyin zəifləməsinə, milli-mənəvi dəyərlərin unudulmasına səbəb ola bilər.

Dilin qorunması mədəni irsin yaşadılması baxımından da mühüm əhəmiyyət daşıyır. Əsrlər boyu böyük sınaqlardan keçərək bu günə gəlib çatmış Azərbaycan dilinin öz söz ehtiyatı, zəngin ifadə vasitələri vardır. Qədim dövrlərdən başlayaraq yaranmış folklor nümunələrimiz, şairlərimizin, yazıçılarımızın ölməz əsərləri dilimizin nə qədər zəngin ifadə imkanlarına malik olduğunu sübut edir. Qloballaşmanın yaratdığı reallıqlar qarşısında dil öz orijinallığını itirərsə, bu irsin gələcək nəsillər tərəfindən tam dərk olunması da çətinləşər. Bəs bu reallıqlarla, dillərin qarşı-qarşıya qaldığı təhlükələrlə mübarizənin ən düzgün yolu hansıdır? 

Əlbəttə, dilimizi qoruyarkən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ardıcıl əməl olunmalıdır. Çünki bu Qanun bütün sahələrdə dilin istifadəsini tənzimləyir və bütün aid qurumlar qarşısında Azərbaycan dilinin normalarına əməl olunması tələbini qoyur.

Dilimizin qorunması ilk növbədə məktəbdən başlayır. Ona görə də təhsilin ilk pilləsindən başlayaraq şagirdlərə yalnız qrammatikanı öyrətməklə kifayətlənilməməli, onlarda düzgün nitq, sözlərdən məqsədəuyğun istifadə bacarıqları formalaşdırılmalı, ədəbi dil normaları praktiki şəkildə öyrədilməlidir. Bu zaman mütaliə vərdişinin kiçik yaşlardan formalaşdırılması da uşaqların söz ehtiyatının zənginləşməsində ən təsirli vasitədir. Şagird və tələbələr fikirlərini ana dilində nə qədər dəqiq ifadə edə bilsələr, onların məntiqi təfəkkürü, nitq mədəniyyəti və yazı bacarıqları da bir o qədər inkişaf edər. Dəqiq terminologiya, düzgün qrammatika və zəngin söz ehtiyatı elmi biliklərin mənimsənilməsini asanlaşdırır və cəmiyyətdə intellektual inkişafı dəstəkləyir.

Günümüzdə dilin inkişafına istiqamət verən, eyni zamanda onun təbliğ olunduğu əsas platforma Kütləvi İnformasiya Vasitələri, o cümlədən rəqəmsal mediadır. Onların cəmiyyət üzərində təsir gücünü nəzərə alsaq, televiziya aparıcıları, jurnalistlər, radio əməkdaşları və xəbər portalları cəmiyyət üçün örnək rolunu oynayırlar. Onların nitqi və yazısı milyonlarla insana təsir göstərir. Buna görə də burada dilin düzgün, peşəkar istifadəsi insanlara ən yaxşı nümunə ola bilər.

Şübhəsiz, müasir dövrdə dilin inkişafına mane olan əsas amillərdən biri sosial şəbəkələrdir. Burada Azərbaycan dilinin təbliğinin gücləndirilməsi, Azərbaycan əlifbasının, ədəbi dilinin normalara uyğun istifadəsi dilin saflığının qorunmasına çox böyük töhfə verə bilər. Bu gün gənclərin böyük hissəsi sosial şəbəkələrdə ünsiyyət qurur. Burada orfoqrafik səhvlər, lazımsız xarici sözlər və jarqonlar sürətlə yayılır. Media və məzmun istehsalçılarının Azərbaycan dilində keyfiyyətli məzmun hazırlamasının, dil mədəniyyətini təşviq edən layihələr həyata keçirməsinin dilin qorunmasına və inkişafına müsbət  təsiri danılmazdır. 

Elm və texnikada sürətli tərəqqi şəraitində yeni terminlərin dilə daxil olması təbiidir. Lakin Azərbaycan dilində qarşılığı olan sözlərin yerinə səbəbsiz şəkildə xarici sözlərin işlədilməsi məqsədəuyğun deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda səsləndirdiyi aşağıdakı fikirlər dilimizin saflığının qorunması məsələsinin nə qədər aktual olduğunu bir daha təsdiq edir. “Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”. Müasir dövrdə qloballaşma və rəqəmsal texnologiyaların inkişafı xarici dillərlə təmasları artırmışdır. Xarici dilləri bilmək elmi, iqtisadi və peşəkar inkişaf üçün vacibdir. Dilə yeni sözlərin daxil olması təbii prosesdir, lakin bu proses dilin daxili qanunlarına və normalarına uyğun şəkildə baş verməlidir. Həmçinin yaranan yeni anlayışları da ifadə etmək üçün dilin daxili imkanlarından istifadə daha məqsədəuyğundur, yaxud dilə daxil olan yeni terminlər mümkün qədər dilimizin fonetik və qrammatik xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır. Rəsmi sənədlərdə, reklam lövhələrində, ictimai yerlərdə, internet saytlarında və xidmət sahələrində Azərbaycan dilinin normaları qorunmalı, yazı və nitq səhvlərinə qarşı nəzarət gücləndirilməlidir.

Müasir dövrdə dilin gələcəyi təkcə kitablardan deyil, həm də texnologiyadan asılıdır. Azərbaycan dili üçün keyfiyyətli elektron lüğətlərin, tərcümə proqramlarının və süni intellekt modellərinin hazırlanması dilimizin rəqəmsal mühitdə mövqeyini gücləndirəcək. Bu, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində Azərbaycan dilinin inkişafı dəstəkləməyə xidmət edəcəkdir. 

Deməli, dilin saflığının qorunmasında ailə, məktəb, media, dövlət qurumları və cəmiyyətin hər bir üzvü məsuliyyəti paylaşmalıdır. Bu gün Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili, eyni zamanda dünya azərbaycanlılarının vahid ünsiyyət vasitəsi, onları birləşdirən dəyərdir. Təhsil və dövlət idarəçiliyinin əsas dilidir və zəngin ədəbi ənənəyə malikdir. Dilimizə göstərdiyimiz qayğı əslində milli kimliyimizə göstərdiyimiz qayğıdır. Dillər yalnız kitab səhifələrində və rəsmi sənədlərdə deyil, insanların gündəlik danışığında, yazısında, düşüncəsində yaşayır. Dilimizin gələcəyi hər birimizin ona münasibətindən başlayır. Ana dilini sevən, onu düzgün danışan və yazan hər bir insan xalqının mədəni irsinin yaşamasına töhfə verir. Buna görə də ana dilinin saflığının qorunması yalnız dil məsələsi deyil, həm də milli-mədəni təhlükəsizlik, mənəvi irsin yaşadılması və gələcək nəsillərin milli ruhda yetişdirilməsi məsələsidir.

Nuray Əliyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya elmləri doktoru

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: