Vasim müəllimin həyatdan köçməsi elm və təhsil sahəsində bir boşluq yaradıb. O, yalnız fundamental elmi əsərləri ilə deyil, həm də pedaqoji fəaliyyəti, yüksək intellekti, natiqlik məharəti və insanlara göstərdiyi mənəvi dəstəklə yadda qalıb. Onun yetişdirdiyi alimlər və tələbələr, formalaşdırdığı elmi məktəb və zəngin irsi bu böyük şəxsiyyətin adını gələcək nəsillərə çatdıracaq.
Bu fikirləri açıqlamasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva söyləyib.
Akademik xatirələrinə Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın sözləri ilə başlayıb:
Bir insan köçürsə dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir.
“Biz onun kitabları ilə yetişmişik, onun mühazirələrinə qulaq asa-asa formalaşmışıq, bir alim kimi püxtələşmişik. Vasim müəllimin alim kimi xidmətlərindən danışarkən onun ərəb dilçiliyi sahəsində fundamental tədqiqatlarını xüsusi qeyd etməliyik. Bəsrə, Kufə və Qahirə qrammatika məktəblərinə həsr olunmuş monoqrafiyaları, “Ərəb dilçiliyi” kitabı, Quranın tərcüməsi və digər əsərləri uzun illər ərzində şərqşünasların müraciət etdiyi əsas elmi mənbələr sırasında olub. Əlbəttə ki, bütün şərqşünaslar üçün stolüstü kitaba çevrilib”, - deyə akademik bildirib.
Müsahibimiz vurğulayıb ki, akademik Vasim Məmmədəliyevin gözəl nitq qabiliyyəti, yüksək pedaqoji istedadı var idi: “O dövrdə ölkəmizdə Azərbaycan dilində onun qədər rəvan, səlis və ifadəli danışan insanlar, etiraf etməliyik ki, çox az idi. Azərbaycan dilinin incəliklərini dərindən duyur, fikirlərini son dərəcə aydın, obrazlı və təsirli şəkildə ifadə edirdi. Onun nitqində həm elmi dərinlik, həm də dinləyiciyə təsir edən xüsusi bir səmimiyyət vardı. Natiqlik istedadı onun şəxsiyyətini tamamlayan mühüm xüsusiyyətlərdən biri idi. O, yalnız elm öyrədən müəllim deyil, danışığı, davranışı və dünyagörüşü ilə də insanlara nümunə olan pedaqoq idi.
Onun verilişlərinə bütün respublika daim qulaq asırdı, baxırdı və hamımız valeh olurduq onun çıxışlarına”.
Gövhər Baxşəliyeva qeyd edib ki, Vasim müəllimin ərəb dilini yüksək səviyyədə bilməsi onun həmkarlarının xatirələrində xüsusi yer tutur: “İraqda tərcüməçilik etdiyi zaman onun ərəb dilindəki danışığı o qədər mükəmməl olub ki, yerli ərəblər onun azərbaycanlı olduğunu anlamayıblar. Vasim müəllimin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ilahiyyat elminin və fənninin respublikada formalaşmasında mühüm xidmətləri olub. Onun insanlarla münasibəti də xatirələrdə xüsusi yer tutur. Həmkarlarına əlindən gələn köməyi göstərir, onların elmi fəaliyyətinə dəstək olur, kitabların redaktəsində iştirak edir, dissertasiya müdafiələrində opponent və şura üzvü kimi çıxış edirdi”.
Akademik Gövhər Baxşəliyeva doktorluq dissertasiyasının müdafiəsini də xüsusi minnətdarlıqla xatırlayıb: “Mənim doktorluq müdafiəmdə Vasim müəllim opponent kimi çıxış etdi, çox gözəl də çıxış etdi və mən buna görə ona daim minnətdaram. Allah ona rəhmət eləsin. Yeri daim görünür”.
Müsahibimiz xatirələrinin sonunda Ernest Heminqueyin “Əcəl zəngi” romanına epiqraf seçilmiş ingilis şairi Con Donnun fikirlərini diqqətə çatdırıb: “Elə bir insan yoxdur ki, ada kimi tək-tənha dayanıb dursun. Hər insan qitənin bir parçası, qurunun bir parçasıdır. Dalğalar sahildə dikələn qayanı qoparıb dənizə aparsa, sahilin bir guşəsini qoynuna alsa, sənin, ya sənin dostunun qəsrini uçurub dağıtsa, Avropa kiçilər; hər insanın ölümü də eləcə, mənim ömrümü qısaldır, çünki mən bəşəriyyətlə vəhdətdəyəm, ona görə kilsə zənginin harayını eşitsən, heç vaxt soruşma ki, kimdir dünyadan köçən? Sənsən dünyadan köçən”.
Bu fikir Vasim müəllimin itkisinə münasibətdə də xüsusi məna daşıyır. Çünki həyatdan gedən yalnız bir alim, bir müəllim, bir həmkar deyil. Onunla birlikdə onu tanıyan, ondan öyrənən, onunla bir dövrü bölüşən insanların həyatından da böyük bir parça ayrılıb”.