Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.09.2026 10:14
  • A-
  • A
  • A+

Bədirxan Əhmədli: Azərbaycan-Pakistan ədəbi əlaqələri xalqların ortaq bədii düşüncəsindən qaynaqlanır

Bədirxan Əhmədli: Azərbaycan-Pakistan ədəbi əlaqələri xalqların ortaq bədii düşüncəsindən qaynaqlanır

Azərbaycan-Pakistan ədəbi əlaqələri qədim tarixə malikdir və xalqların bədii düşüncəsindən, etnomədəni xüsusiyyətlərindən, Şərq ədəbi mühitində formalaşmış düşüncə mədəniyyətindən qaynaqlanır.

Bu fikirləri açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli bildirib.

Professorun sözlərinə görə, AMEA-da Pakistanla bağlı araşdırmalar bir neçə institutda müxtəlif istiqamətlər üzrə aparılır. Pakistan ədəbiyyatının tədqiqi isə əsasən Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində həyata keçirilir. Şöbənin yarandığı 2016-cı ildən etibarən Pakistan ədəbiyyatının tarixi, inkişaf yolu və mərhələləri, eləcə də görkəmli ədəbi şəxsiyyətləri ilə bağlı elmi məqalə və dissertasiyalar hazırlanır, müxtəlif elmi konfrans və sessiyalar təşkil olunur. Hazırda iki doktorant Pakistan ədəbiyyatı üzrə tədqiqat aparır. Şöbənin nəzdində yaradılmış Pakistan Ədəbiyyat Mərkəzi də bu istiqamətdə araşdırmaların davamlılığının təmin olunmasına xidmət edir. Burada Azərbaycan və Pakistan xalqlarının ədəbi-bədii düşüncəsinin qarşılıqlı öyrənilməsi istiqamətində elmi işlər aparılır.

Müsahibimiz bildirib ki, minilliklərdən gələn islami düşüncə və təsəvvüf görüşləri iki xalqın müasir bədii düşüncə arealında mühüm yer tutur. Professor Azərbaycan və Pakistan xalqlarının ədəbi-mədəni yaxınlığının tarixi köklərinə də diqqət çəkib. Onun sözlərinə görə, İslamın qəbulundan sonra hər iki xalq islami düşüncə sistemini paylaşmağa başlayıb. Mərkəzi Asiya regionunda bir-birini əvəz edən türk dövlətləri, xüsusilə Qəznəvilər və digər türk sülalələri indiki Pakistan ərazisinin islamlaşmasında mühüm rol oynayıb. Din, etnik, mədəni və ədəbi düşüncə bütövlükdə xalqların vəhdətini yaradıb. Bu tarixi və mədəni yaxınlıq müasir dövrdə özünü müxtəlif istiqamətlərdə göstərir.

Azərbaycan və Pakistan ədəbiyyatlarının ortaq xüsusiyyətlərindən danışan alim bildirib ki, Quran ayələri və dini motivlərdən istifadə, sufizm, hürufilik və digər Şərq ədəbi cərəyanları hər iki xalqın bədii düşüncəsində mühüm yer tutur. Rumi, Cami, Nizami Gəncəvi və Hindistan yarımadasında yaşayıb-yaratmış Əmir Xosrov Dəhləvi kimi böyük sənətkarlar isə hər iki xalq üçün ortaq ədəbi-mədəni dəyərlər sırasında yer alır.

Professor son illərdə Azərbaycan-Pakistan ədəbi əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihə və tədbirlərə də toxunub. Bildirib ki, bu tədbirlərdə Azərbaycan və Pakistanın diplomatik nümayəndələri də iştirak edərək iki xalqın ədəbiyyatının qarşılıqlı tədqiqinə dəstək veriblər. B.Əhmədli 2022-ci ildə Lahor Dövlət Kollec Universiteti ilə birgə Bakıda və Lahorda keçirilən konfransı iki xalqın ədəbi-mədəni mühitinin yaxınlaşması baxımından mühüm elmi tədbirlərdən biri kimi qiymətləndirib. Professor, həmçinin Pakistanda Nizami Gəncəviyə həsr olunmuş kitabın Pəncab Qubernatorluğunda təqdim edilməsini Pakistan cəmiyyətinin Azərbaycan klassik ədəbiyyatına marağının göstəricisi kimi dəyərləndirib. O, akademik İsa Həbibbəylinin ön sözü ilə “Kitabi-Dədə Qorqud” dastanlarının urdu dilinə tərcüməsinin İslamabadda nəşr olunmasını da Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələrinin əhəmiyyətli nailiyyətlərindən biri kimi qeyd edib. B.Əhmədli Ədəbiyyat İnstitutu əməkdaşlarının müxtəlif vaxtlarda Pakistanda keçirilən elmi konfranslarda məruzələrlə çıxış etdiyini və pakistanlı alimlərlə əməkdaşlıq əlaqələri qurduğunu bildirib.

“Şöbənin potensialının imkan verdiyi qədər Pakistan ədəbiyyatı ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik. Məqsədimiz iki xalqın zəngin ədəbi irsinin qarşılıqlı şəkildə öyrənilməsinə, elmi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verməkdir”, - deyə alim bildirib.

AzərTac

  • Paylaş: