Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
16.09.2026 12:00
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Sentyabrın 16-da AR Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminarı ŞAR-ın icraçı direktoru professor Nəriman İsmayılov açaraq iştirakçıları salamlayıb, onlara məruzənin mövzusu barədə məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynov “Fəal nüvəli qalaktikaların spektral tipinin dəyişməsi” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə fəal nüvəli qalaktikaların spektral tipinin dəyişməsi fenomeni araşdırılır. Spektral tipini dəyişən fəal nüvəli qalaktikalar (Changing-Look Active Galactic Nuclei — CLAGN) müasir astrofizikanın ən çox tədqiq olunan və standart modelləri çətinliyə salan obyektlərdəndir. Bu qalaktikalar cəmi bir neçə ay və ya il ərzində bir spektral tipdən digərinə (məsələn, geniş xətli Sy1 tipindən dar xətli Sy 2 tipinə və ya əksinə) keçid edirlər.

Məruzəçi seminarda spektral tipini dəyişmiş fəal nüvəli qalaktikalardan bir neçə nümunə gətirib. Bu fenomenin fərqli və oxşar cəhətlərini qeyd edib. Spektral tipin dəyişməsi ilə bağlı əsas həll edilməmiş problemləri təhlil edərək, bu fenomeni izah etmək üçün son dövrlərdə irəli sürülmüş nəzəri modellərin üstün və çatışmayan cəhətlərini diqqətə çatdırıb.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışın yekununda mövzu ətrafında geniş müzakirə olunub və məruzəçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: