Ceyms Vebb və Habl kosmik teleskoplarının birgə müşahidələri nəticəsində 27 yeni transneptun obyekti (TNO) aşkar edilib. Onlardan bəziləri indiyədək teleskopla müşahidə oluna bilən ən kiçik və ən tutqun göy cisimləridir.
AR Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, transneptun obyektləri Neptunun orbitindən sonra Günəş ətrafında hərəkət edən kiçik və buzlu göy cisimləridir. Onların böyük hissəsi Koyper qurşağı və Günəş sisteminin daha uzaq bölgələri ilə əlaqəlidir. Koyper qurşağı təxminən 30–50 astronomik vahid məsafədə yerləşir və Günəş sisteminin ilkin formalaşma dövründən qalmış çoxsaylı buz-daş və toz yığınını özündə saxlayır. Burada toz və buz hissəcikləri birləşib planet formalaşdırmayıb. Nəticədə isə bu hissədə maddə milyard illər öncəki halını qoruyub saxlamışdır. Onların tədqiqi Günəş sisteminin necə formalaşdığını araşdırmağa, həmçinin nədən planetə çevrilmədiklərini araşdırmağa imkan verəcəkdir.
Tədqiqat üçün astronomlar göyün eyni bir sahəsini həm Ceyms Vebb, həm də Habl teleskopu ilə müşahidə ediblər. Habl görünən işıq diapazonunda, Ceyms Vebb isə yaxın infraqırmızı diapazonda məlumat toplayıb. Müxtəlif dalğa uzunluqlarında aparılmış müşahidələr astronomlara obyektlərin parlaqlığını, rənglərini, səth xüsusiyyətlərini, ölçülərini və orbitlərini araşdırmağa imkan verib. Bu obyektlərin diametri 40 km-dən kiçikdir, ən kiçiyi isə cəmi 5 km diametrə malikdir. Müqayisə üçün bildirək ki, yerüstü teleskoplar 50 km, Habl isə 30 km ölçüsündə obyektləri tapa bilir.
Alimlər transneptun obyektlərini orbital xüsusiyyətlərinə görə müxtəlif dinamik qruplara ayırırlar. Tədqiqatda əsas diqqət dinamik baxımdan “soyuq” və “isti” TNO-lara yönəldilib. “Soyuq” TNO-ların orbitləri demək olar ki, dairəvidir və ekliptika müstəvisinə yaxın orbitlərdə hərəkət edirlər. Onlar harsda formalaşıblarsa, elə həmin yerdə də qalıblar. “İsti” TNO-ların isə Günəş sisteminin ilkin mərhələsində Uran və Neptunun indiki orbitləri arasındakı bölgədə formalaşdığı ehtimal edilir. Nəhəng planetlərin miqrasiyası zamanı qravitasiya təsirləri bu cisimlərin orbitlərini dəyişərək onları Günəş sisteminin daha xarici hissələrinə səpələyib. Bu səbəbdən onların orbitləri ekliptikaya daha çox meyillidir və dartılmış formadadırlar.
Tədqiqatın ən maraqlı nəticələrindən biri kiçik TNO-ların səth xüsusiyyətləri ilə bağlıdır. Əvvəllər hesab edilirdi ki, milyardlarla il ərzində baş verən toqquşmalar, xüsusilə kiçik cisimlərin səthlərini ciddi şəkildə dəyişdirməli və onların iri TNO-lardan fərqli rənglər göstərməsinə səbəb olmalıdır. Lakin ölçüsü ~40km olan klassik TNO-nın əksəriyyəti ilə eyni rəng göstəricisi və əksetdirmə qabiliyyətinə malikdirlər ki, bu da onların səthinin eyni kimyəvi quruluşa malik olduğu anlamına gəlir. Tədqiqatlar göstərib ki, bu tip TNO-ların səthi mürəkkəb üzvi birləşmələrlə zəngindir. Onların səthində H₂O , CO₂ və CH₃OH aşkarlanıb. Onlar uzun müddət kosmik şüalanmaya məruz qalsalar da, ilkin kimyəvi tərkibi qoruyub saxlayıblar. Səthləri toqquşmalardan çox da dəyişməyib. Bir sözlə, məlum olub ki, çox kiçik ölçülü TNO elə yarandığı ilk günkü kimi qalıblar. Buradan isə tədqiqat qrupu belə qərara gəlib ki, günəş sistemini xarici hissəsində toqquşmalar biz düşündüyümüzdan daha az baş verir, ya da bu toqquşmalar obyektin səthini zədələyəcək qədər güclü olmur.
Müşahidələr zamanı Günəş sisteminin xarici hissəsində çox kiçik ölçülü TNO sayının simulyasiyalarda proqnozlaşdırılandan daha az olduğu müəyyən edilib. Belə ki, “İsti” və “Soyuq” TNO-lar ölçücə də bərabər paylanma göstəriblər. Bu isə göstərir ki, planet formalaşması prosesi temperaturdan asılı olmayaraq diskin hər yerində eyni templə gedib.
Tədqiqat işi ilə bağlı “The Astronomical Journal”da “Combined JWST and HST Deep Imaging to Characterize the Smallest Known Trans-Neptunian Object” və “The Luminosity Function of Ultra-Faint Trans-Neptunian Objects Detected by JWST” adlı iki məqalə dərc olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.