Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.09.2026 11:18
  • A-
  • A
  • A+

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İşğal dövründə Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı törədilmiş cinayətlər sırasında tarixi abidələrin dağıdılması, dəyişdirilməsi və onların tarixi mahiyyətinin təhrif edilməsi xüsusi yer tutur.

Bu fikri açıqlamasında AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev söyləyib. O bildirib ki, Azərbaycan xalqının yaratdığı mədəni irs müxtəlif tarixi dövrləri əhatə edir və bu coğrafiyada zərdüştilik, xristianlıq və İslam dini ilə bağlı zəngin maddi-mədəni irs nümunələri mövcuddur.

Alim Azərbaycan tarixində Albaniya dövlətinin və onun irsinin mühüm yer tutduğunu qeyd edib. O, məşhur tarixçi-alim Yevgeni Krupnovun Qafqaz Albaniyasının tarixinin öyrənilməsində azərbaycanlı alimlərin xüsusi roluna dair fikirlərini xatırladıb.

E.Mustafayev qeyd edib ki, Azərbaycanın xüsusilə qərb bölgələri alban maddi-mədəni irsinə aid müxtəlif abidələrlə zəngindir. Xristianlığın qəbulundan sonra bu ərazilərdə monastır, kilsə və digər dini təyinatlı memarlıq nümunələri yaradılıb.

Alim deyib ki, işğal dövründə yüzlərlə alban maddi-mədəni irs nümunəsi zərər görüb. Bəzi abidələrdə dəyişikliklər aparılıb, tarixi yazılar və memarlıq elementləri zədələnib, bir sıra abidələrin tarixi-mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə cəhdlər göstərilib.

Müsahibimiz alban irsinin mənimsənilməsi və təhrif edilməsi cəhdlərinin daha əvvəlki dövrlərə də gedib çıxdığını bildirib. O, 1836-cı ildə Alban Apostol Kilsəsinin ləğvi ilə bağlı qərardan sonra alban dini-mədəni irsinin erməniləşdirilməsinə yönəlmiş proseslərin başladığını söyləyib.

Alim Kəlbəcər rayonunda yerləşən Gəncəsər və Xudavəng monastırlarını nümunə göstərərək, işğal dövründə bu abidələrdə aparılmış dəyişikliklərin onların memarlıq və tarixi xüsusiyyətlərinə təsir etdiyini deyib. O qeyd edib ki, həmin abidələrdə qədim yazıların silinməsi və ya örtülməsi, müxtəlif yeni yazı və memarlıq elementlərinin əlavə edilməsi kimi hallar müşahidə olunub.

“Tarixi abidələrin dəyişdirilməsi və onların mədəni-tarixi xüsusiyyətlərinin təhrif edilməsi yalnız milli irs baxımından deyil, beynəlxalq hüquq baxımından da əhəmiyyət daşıyan məsələdir.

1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu il İkinci Protokolu silahlı münaqişə və işğal şəraitində mədəni sərvətlərin qorunmasına dair beynəlxalq hüquqi çərçivə müəyyənləşdirir. UNESCO-nun məlumatına görə, İkinci Protokol işğal olunmuş ərazilərdə mədəni sərvətlərin qanunsuz ixracının və mədəni, tarixi və elmi sübutları gizlətmək və ya məhv etmək məqsədi daşıyan dəyişikliklərin qarşısının alınmasını nəzərdə tutur”, - deyə alim bildirib. O vurğulayıb ki, Azərbaycan ərazisində mövcud olan alban mədəni irsinin qorunması, tədqiqi və beynəlxalq elmi ictimaiyyətə çatdırılması mühüm elmi və mədəni vəzifələrdəndir.

“Qarabağda işğal dövründə mədəni irsə vurulmuş zərər təkcə Azərbaycan üçün deyil, ümumbəşəri mədəni irsin qorunması baxımından da əhəmiyyətli məsələdir. UNESCO da mədəni irsə dəyən zərərin bəşəriyyətin ümumi mədəni irsinə təsir etdiyini vurğulayır”, - deyə E.Mustafayev fikrini yekunlaşdırıb.

AzərTac

  • Paylaş: