Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hikmət Quliyev: “Milli geyim kollektiv mədəni yaddaşın vizual-semantik ifadə formalarından biridir”
19.09.2026 18:50
  • A-
  • A
  • A+

Hikmət Quliyev: “Milli geyim kollektiv mədəni yaddaşın vizual-semantik ifadə formalarından biridir”

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda “Milli Geyimlər Günü” çərçivəsində milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə Azərbaycanın müxtəlif tarixi-etnoqrafik bölgələrinə məxsus milli geyim nümunələri nümayiş etdirilib, milli rəqslər təqdim olunub, geyimlərin tarixi, semantik və regional xüsusiyyətləri barədə məlumat verilib. Milli geyimlərin mədəni yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsindəki rolu ilə bağlı AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev fikirlərini bildirib.

Tədbir çərçivəsində İçərişəhərdə yeləşən Bakı Fotoqrafiya Evində Azərbaycan geyim mədəniyyətinin tarixi inkişafı və Səfəvi irsi, milli geyimlərin tarixi mövzularında elmi-praktiki seminarlar keçirilib, alim və mütəxəssislərin məruzələri dinlənilib.

Qoşa Qala meydanındakı sərgidə Azərbaycanın zəngin geyim mədəniyyəti ilə yanaşı, ölkəmizin çoxəsrlik multikultural mühiti də milli geyim nümunələri vasitəsilə təqdim olunub. Müxtəlif rəng, biçim, ornament, material və kompozisiya xüsusiyyətlərinə malik geyimlər milli mədəniyyətin tarixi inkişafını, estetik təsəvvürlərini və sosial-mədəni müxtəlifliyini əks etdirən mühüm irs nümunələri kimi diqqət çəkib.

Hikmət Quliyev bildirib ki, milli geyimə yalnız maddi mədəniyyət nümunəsi və ya etnoqrafik predmet kimi yanaşmaq kifayət deyil. Onun sözlərinə görə, milli geyim kollektiv mədəni yaddaşın vizual-semantik ifadə formalarından biridir.

Alim qeyd edib ki, geyimin rəngi, ornamentikası, biçimi, materialı, istifadə məkanı və funksional xüsusiyyətləri müəyyən tarixi-mədəni mühit haqqında informasiya daşımaqla yanaşı, toplumun özünüifadə və identiklik mexanizmlərinin formalaşmasında da mühüm rol oynayır.

 

Folklorşünas alimin fikrincə, folklorun maddi və mənəvi komponentləri arasındakı sərhədləri yalnız predmetin fiziki xüsusiyyətləri ilə müəyyənləşdirmək mümkün deyil. Milli geyim maddi formaya malik olsa da, onun daşıdığı mənalar sosial yaddaş, ənənə, dünyagörüşü, identiklik və kollektiv təcrübə ilə sıx bağlıdır. Bu baxımdan geyim mədəniyyəti folklorşünaslıq üçün həm maddi mədəniyyətin, həm də kollektiv mənalandırma proseslərinin öyrənilməsi baxımından əhəmiyyətli tədqiqat sahəsidir.

Hikmət Quliyev diqqətə çatdırıb ki, müasir dövrdə milli geyimlərin qorunmasına yalnız keçmişdən qalan nümunələrin mühafizəsi kontekstində yanaşmaq yetərli deyil. Qloballaşma, rəqəmsal transformasiya və süni intellektin mədəni kommunikasiya mühitini sürətlə dəyişdirdiyi bir şəraitdə milli-mədəni irsin yeni kommunikativ mühitlərdə reaktuallaşdırılması xüsusi əhəmiyyət daşıyır.

“Ənənənin yaşarlığı onun yalnız dəyişməz şəkildə qorunması ilə deyil, yeni sosial-mədəni mühitlərdə öz mahiyyətini və mədəni mənasını qoruyaraq yenidən aktuallaşa bilməsi ilə müəyyən olunur”, - deyə Hikmət Quliyev vurğulayıb.

Alimin sözlərinə görə, İçərişəhər kimi tarixi-mədəni məkanlarda milli geyimlərin təqdim edilməsi xüsusi əhəmiyyətə malikdir. Belə məkanlarda geyim yalnız sərgi eksponatı kimi nümayiş olunmur, tarixi məkan, mədəni yaddaş və canlı kommunikasiya arasında əlaqə yaradan vasitəyə çevrilir. Milli geyimlərin musiqi, rəqs və digər folklor nümunələri ilə birlikdə təqdim edilməsi onların ənənəvi mədəni sistem daxilindəki funksional və semantik əlaqələrini daha aydın göstərir.

Hikmət Quliyev milli geyimlərin müasir mədəni dövriyyəyə qaytarılmasını, xüsusilə gənc nəslin milli-mədəni yaddaşla əlaqəsinin möhkəmləndirilməsi baxımından mühüm hesab edir. Onun fikrincə, milli geyim yalnız keçmişin geyim forması deyil, bu gün də mədəni kimliyin ifadəsində iştirak edən canlı yaddaş elementidir.

AMEA Folklor İnstitutunun direktoru İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun milli-mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirdiyi təşəbbüsü yüksək qiymətləndirib. O, Qoruğun İdarə Heyətinin sədri Rüfət Mahmudun və kollektivin milli geyimlərə həsr olunmuş tədbirə xüsusi həssaslıqla yanaşmasını, tədbirdə milli geyimlərdə iştirak etməsini milli ənənələrə münasibətin həm praktik, həm də simvolik ifadəsi kimi dəyərləndirib.

Alim maddi və qeyri-maddi mədəni irsin qorunması, öyrənilməsi və cəmiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə AMEA Folklor İnstitutu arasında formalaşmış əməkdaşlıq və qarşılıqlı hörmət münasibətlərinin mədəni irsin tədqiqi və təbliği baxımından perspektivli olduğunu qeyd edib.

“Milli geyim mədəni yaddaşın görünən qatıdır. Onu qorumaq yalnız keçmişin izlərini saxlamaq deyil, həmin yaddaşın müasir nəsillər tərəfindən dərk edilməsinə və gələcəyə ötürülməsinə şərait yaratmaqdır”,- deyə Hikmət Quliyev qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: