19 sentyabr 2026-cı il tarixində İçərişəhərdə “Milli Geyimlər Günü” çərçivəsində tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində Azərbaycan milli geyim mədəniyyətinin tarixi, etnoqrafik xüsusiyyətləri, sosial-mədəni mahiyyəti və müasir təqdimat imkanlarına həsr olunmuş sərgilər, elmi-praktiki seminarlar və müxtəlif təqdimatlar təşkil edilib.
Bakı Fotoqrafiya Evində keçirilən elmi-praktiki seminarlar çərçivəsində AMEA Folklor İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, Afaq Ramazanova “Milli geyim: sosial-mədəni kodlar və müasir yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.
Afaq Ramazanova çıxışında milli geyimin yalnız keçmişdən qalmış məişət atributu olmadığını, xalqın tarixini, estetik zövqünü, dünyagörüşünü, sosial münasibətlərini və milli kimliyini özündə yaşadan mühüm mədəni yaddaş daşıyıcısı olduğunu bildirib. Folklorşünas alim qeyd edib ki, “Milli Geyimlər Günü”nün təsis edilməsi milli geyimə yalnız muzey eksponatı kimi deyil, yaşayan mədəni irs nümunəsi kimi yanaşmağa imkan verir. Bu baxımdan milli geyimlərin elmi əsaslarla öyrənilməsi və təbliği, ənənəvi bilik və bacarıqların yeni nəslə ötürülməsi xüsusi əhəmiyyət daşıyır. Afaq Ramazanova kəlağayının hazırlanması və istehsalı prosesinin nümayişi, “Araxçının məndədi” ustad dərsinin keçirilməsini də milli-mədəni yaddaşın və ənənəvi sənətkarlıq biliklərinin yaşadılması baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirib.
Folklorşünas alim milli geyimin folklor-etnoqrafik kontekstdə öyrənilməsinin əhəmiyyətinə toxunaraq, Gülzadə Abdulovanın bu istiqamətdə apardığı sistemli tədqiqatları xüsusi qeyd edib. Məruzəçi bildirib ki, milli geyimə sosial-antropoloji yanaşma onun yalnız etnoqrafik artefakt kimi deyil, fərdin cəmiyyətdəki yaş, gender, ailə, sosial, peşə, regional və ritual statuslarını görünən edən mədəni işarələr sistemi kimi araşdırılmasına imkan verir.
Məruzədə milli geyimin daşıdığı sosio-mədəni kodlar gender, yaş və ailə vəziyyəti, sosial status, peşə, regional identiklik, ritual-mərasim, etnik-mədəni və estetik kodlar olmaqla qruplaşdırılıb.
Afaq Ramazanovanın məruzəsində qeyd olunub ki, ənənəvi Azərbaycan cəmiyyətində geyim insanın cinsini, yaşını, ailə və sosial vəziyyətini, peşəsini və regional mənsubiyyətini müəyyənləşdirən mühüm vizual kod funksiyası daşıyıb. Geyimdə istifadə olunan parçalar, rənglər, baş geyimləri, zinət əşyaları və ornamentlər müəyyən sosial-mədəni informasiyanı ifadə edib. Folklorşünas alim bu baxımdan “Kitabi-Dədə Qorqud” dastanında geyim nümunələrinin təqdimatına, Molla Pənah Vaqifin yaradıcılığında geyim və bəzək elementlərinin bədii əksinə, eləcə də Əzim Əzimzadənin əsərlərinə müraciət edərək, onların Azərbaycan geyim mədəniyyətinin sosial, regional və peşə xüsusiyyətlərinin öyrənilməsi baxımından əhəmiyyətli mənbələr olduğunu vurğulayıb. O, həmçinin milli geyimlərin mərasimlərdə insanın statusunu və rolunu ifadə etdiyini, müasir dövrdə isə milli kimliyin və etnik-mədəni mənsubiyyətin vizual təqdimat vasitələrindən birinə çevrildiyini diqqətə çatdırıb.
Çıxışının sonunda Afaq Ramazanova bildirib ki, müasir dövrdə milli geyim ənənəvi formaların sadəcə təkrarlanması ilə deyil, onların daşıdığı mədəni yaddaş və simvolik məzmunun yeni sosial-mədəni mühitdə davam etdirilməsi ilə yaşadılır. Onun sözlərinə görə, müasir dizaynerlərin milli geyim elementlərinə, ənənəvi biçimlərə, parçalara və ornamentlərə müraciəti bu irsin yeni estetik formalarda yaşamasına imkan verir. Məruzəçi milli geyimin yalnız geyim nümunəsi deyil, cəmiyyət tərəfindən oxunan “vizual folklor mətni” olduğunu, onun hər bir elementinin müəyyən sosio-mədəni kodun daşıyıcısı kimi çıxış etdiyini və folklor mətnlərinin həmin kodların semantikasını qoruyaraq nəsildən-nəslə ötürdüyünü vurğulayıb.
Daha sonra Bakı Fotoqrafiya Evində “Bir əsrin insanları” sərgisi nümayiş etdirilib, həmçinin Azərbaycan geyim mədəniyyətinin tarixi inkişafı və Səfəvi irsi, milli geyimlərin tarixi mövzularında elmi-praktiki seminarlar keçirilib.
Qeyd edək ki, Qoşa Qala meydanında Azərbaycanın milli geyim nümunələrindən ibarət sərgi, “Tağıyev” filmində istifadə olunmuş tarixi geyim nümunələrinin nümayişi, milli və etno geyimlərin təqdimatı, milli rəqslərin ifası, eləcə də yerli dizaynerlərin kolleksiyalarının nümayişi təşkil olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.