Aida xanımın anım günündə onunla söhbətlərimizi bir daha xatırlayıram. Keçmişin yaddaşımda qalan o anları yenidən yaşayıram və dərk edirəm ki, onlar artıq mənim taleyimin ayrılmaz bir parçasına çevrilib.
Şərqşünaslıq ixtisasını seçməyim təsadüfdən doğmuşdu. Uşaqlıqdan arxeoloq – qədimliyin sirlərini açan bir tarixçi olmaq istəyirdim. Müdrik anam isə mənə başqa yol göstərdi: sirlər sözlərin arxasında gizlənir, qədim dövrün səsləri yazılı abidələrin səhifələrindən gəlir. Gərək əvvəlcə onları oxumağı və anlamağı öyrənəsən. O zaman həmin abidələr öz sirlərini sənə açacaq.
Bundan sonra taleyimdə xoşbəxt qanunauyğunluqlar hökm sürməyə başladı.
Bu fikirləri açıqlamasında tarixçi-şərqşünas, tarix elmləri doktoru, dosent Fərda Əsədov söyləyib. O bildirib ki, təhsil aldığı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Şərqşünaslıq fakültəsində keçmiş SSRİ məkanının ən görkəmli alim və müəllimləri çalışırdılar: Ələsgər Məmmədov, Ziya Bünyadov, Fidan xanım Rzayeva, Vasim Məmmədəliyev, Nərminə xanım Sultanlı.
“Mənim artıq kifayət qədər uzun sürən elmi fəaliyyətim boyunca yolumu işıqlandıran, öz bilikləri ilə məni silahlandıran böyük ərəbşünas alim-müəllimlər! Aida xanım İmanquliyeva bu müəllimlərim sırasında xüsusi yer tutur,” – deyə Fərda Əsədov bildirib.
Müsahibimiz fikrinə davam edərək deyib: “Aida xanım fakültəyə akademik mühitdən gəlmişdi. O özü ilə ərəb dünyasına sərbəst və dərindən nüfuz edən bir düşüncə tərzi gətirmişdi - ərəb xalqını düşündürən və narahat edən problemlərə, onların yüksək qiymət verdikləri və qoruyub saxladıqları dəyərlərə xüsusi həssaslıq göstərməyi aşılayırdı.
Aida xanım bizə ərəb mühacirət ədəbiyyatının “Suriya-Amerika” məktəbi haqqında kurs keçirdi. Bu ədəbi mühit dünya ədəbiyyatına Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nuaymə və başqa böyük ədib-mütəfəkkirləri bəxş etmişdi. Bəs bu kursu bizim üçün xüsusi edən nə idi?
Qarşımızda müasir dünyanın qlobal çağırışları ilə üz-üzə qalmış böyük bir xalqın taleyi və narahatlıqları açılırdı: sənayenin sürətli inkişafı; müharibələr və qarşıdurmalar əsrində Allah və iman məsələsi; müstəmləkəçilik dövrünün geriliyi və alçaldılmış milli qürur; maddiyyatın və yoxsulluğun hökm sürdüyü dünyada sevgi və insanın ali duyğularının taleyi; keçmişə həsrət və gələcəyə ümid duyğularının qarşıdurması.
Biz Aida xanımı dinləyir və getdikcə daha aydın anlayırdıq ki, qarşımızda təkcə ərəb dünyası deyil, hər bir insanın, bütün insanların həyatı və qayğıları mənzərəsi açılır. Əslində, söhbət bizim özümüzdən gedirdi. O zaman bizim xalqımız da milli maarifçilik və modernləşmə dövrünün mürəkkəb və coşqun hadisələrini yaşayır, milli varlığını təsdiq etmək, gələcəyin lövhəsində özünə layiqli yer qazanmaq uğrunda mübarizə aparırdı. Beləcə, ərəbşünaslıq bizə getdikcə daha yaxın olurdu.
Vaxtilə təsadüfən seçdiyim peşəyə ömürlük sədaqətim artıq təsadüf deyildi – bu, bir qanunauyğunluğa çevrilmişdi. Taleyimin məni Şərqşünaslıq İnstitutuna gətirməsi də həmin qanunauyğunluğun davamı idi. O zaman Aida xanım institutda elmi işlər üzrə direktor müavini idi. Sonralar isə, təəssüf ki, bu fani dünyadan ayrılmasından az əvvəl, qısa müddət ərzində institutun rəhbəri oldu. Aida xanım inzibati məsələlərdə prinsipial və tələbkar rəhbər idi.
Mən o dövrdə dissertasiyamı müdafiə edib Leninqrad Şərqşünaslıq İnstitutunun filialında – indiki Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda – aspirantura təhsilimi başa vuraraq yenicə qayıtmışdım. Məni ora əvvəlki direktor akademik Ziya Bünyadov göndərmişdi. Qayıtdıqdan sonra Ziya müəllim mənə böyük etimad göstərərək Ərəb ölkələri tarixi şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra etməyi tapşırmışdı.
Bu məqamda Aida xanım şöbə müdirliyini tutmaq üçün açıq müsabiqə elan etdi və mənə namizədliyimi irəli sürməyimi tövsiyə etdi. İnstitutda və Azərbaycan ərəbşünaslığında məndən yaşca böyük, elmi xidmətləri və nüfuzu daha çox olan mütəxəssislər vardı. Tərəddüd içində idim - mən öz namizədliyimi irəli sürməyə layiq idimmi? Aida xanım mənim tərəddüdlərimi qətiyyətlə aradan qaldırdı. O, əldə etdiyim nailiyyətləri bir-bir sadaladı, bioqrafiyamın mənim şəxsi həyat təcrübəmi əks etdirən məqamlarına da diqqət çəkdi.
Aida xanımın məni hər hansı inzibati və ya texniki məsələ ilə bağlı kabinetinə çağırdığını, demək olar ki, xatırlamıram. Hər şey öz qaydasında gedir, məsələlər də müəyyən edilmiş qaydada həll olunurdu. Amma elmi məsələləri müzakirə etmək üçün biz kifayət qədər müntəzəm görüşürdük. Məni həmişə heyran edən bir məqam vardı: Aida xanım söhbət aparmağı necə də hörmətcil və məharətlə bacarırdı! O, suallar verir, onu maraqlandıran elmi mövzularla bağlı fikrimi soruşur, məni söhbətə, daha doğrusu, elmi müzakirəyə cəlb edirdi. O, mənim biliklərimin sərhədlərini dəqiq bilirdi və suallarını da məhz həmin çərçivədə verirdi.
Aida xanım sayəsində öz taleyimə sevinmək, elmimizlə fəxr etmək hissini hələ Bakıya qayıtmazdan əvvəl də yaşamışdım. Bu, 1981–1982-ci illərdə Moskvadakı Şərqşünaslıq İnstitutunda keçdiyim stajorluq dövründə olmuşdu. Aida xanım Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü idi və mənim orada işlədiyim müddətdə bir neçə dəfə Moskvaya gəlmişdi. Mənim üçün onu orada görmək xüsusi bir sevinc idi. Əsərləri və elmi fəaliyyəti ilə Moskvanın şərqşünas alimlərinə yaxşı tanış olan bu uca qamətli, gözəl qadın institutun dar və dolanbac dəhlizləri ilə addımlayır, qarşısına çıxanların hörmətli salamlarını təbəssümlə qarşılayırdı. Aida xanım iş otaqlarına daxil olanda masalarının arxasında yorğun halda əyilmiş həmkarların baxışları dərhal canlanırdı. Səmimi söhbətlər başlayır, otaqlara xoş bir ab-hava hakim olurdu. Buna onun təmkinli, gözəl danışığı və mehriban təbəssümü səbəb olurdu.
Aida xanımın vəfatından bir neçə il keçdi...
Mən Birləşmiş Ərəb Əmirliklərinə səfərdə idim. Böyük bir tikinti şirkətinin rəhbərliyi ilə aparılan danışıqlarda tərcüməçi kimi iştirak edirdim. Şirkətin direktoru livanlı idi. Danışıqlar başa çatdıqdan sonra şam yeməyində söhbət ərəb mədəniyyətinin dünya tarixindəki roluna, ərəb poeziyasına və ərəb ruhuna gəlib çıxdı. Mənim məktəbim, müəllimlərim həmin söhbətdə sanki yenidən mənimlə birlikdə idilər. Yaddaşım mənə nə deməli olduğumu, söhbətə necə qoşulmalı olduğumu xatırladır, duyğularım isə sözlərə çevrilirdi.
Səhər hoteldə mənə kiçik bir bağlama verdilər. İçindən Cübran Xəlil Cübranın “Peyğəmbər” kitabı çıxdı – həyatın mənası, hamımız üçün ortaq olan dəyərlər, narahatlıqlarımız və ümidlərimiz haqqında bir kitab. Kitabın ön səhifəsində müəllifin portreti vardı. Qısa ömrü ərzində – cəmi 49 il yaşamış – həm Qərbdə, həm də Şərqdə oxucularının rəğbətini və sevgisini qazanmış gözəl bir insanın portreti.
Mən həmin portretə baxırdım və orada öz müəllimimi, böyük həmkarımı, gözəl qadın və görkəmli alim Aida xanım İmanquliyevanı görürdüm. Onun əziz xatirəsi daim mənimlədir. Bu nurlu xatirə mənə yol göstərməkdə davam edir, məni qoruyur.
Ruhu şad olsun!”.