Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.09.2026 14:03
  • A-
  • A
  • A+

Sarıyoxuş 4 saylı kurqanda aparılan arxeoloji tədqiqatlar beynəlxalq mediada

Sarıyoxuş 4 saylı kurqanda aparılan arxeoloji tədqiqatlar beynəlxalq mediada

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun (Ağstafa rayonu) ərazisində tədqiq edilmiş 3600 illik kurqan beynəlxalq elmi-populyar medianın diqqətini cəlb edib.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən Qoruğun ərazisindəki Sarıyoxuş 4 saylı kurqanda aşkar edilmiş mühüm elmi nəticələr beynəlxalq elmi-populyar media və tarix-arxeologiya platformalarında geniş maraq doğurub.

Orta Tunc dövrünün sonu - Son Tunc dövrünün ilkin mərhələsinə aid kurqanda aşkar edilmiş nadir diorit toppuz başlığı, tunc xəncər, obsidian və çaxmaqdaşından hazırlanmış ox ucluqları, keramika nümunələri və digər arxeoloji materiallar qısa müddət ərzində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir sıra nüfuzlu elmi-populyar və xəbər platformalarının diqqətini cəlb edib.

Tədqiqatın nəticələri “Popular Archaeology”, “Archaeology News”, “Arkeonews, Ancient Origins”, “BIC News”, “AllaboutHistory” və “Ukraynanın NV Техно” nəşrlərində müxtəlif dillərdə geniş şəkildə təqdim olunub.

ABŞ-da fəaliyyət göstərən “Popular Archaeology” rəqəmsal arxeologiya jurnalı məlumatı “Keşikçidağda 3600 illik kurqanda hərbi elitanın rəmzi aşkar edilib” (“Symbol of military elite authority discovered in a 3,600-year-old kurgan in Keshikchidagh, Azerbaijan”) başlığı altında yayımlayıb. Nəşr arxeoloji qazıntılar və akademik tədqiqatlarda əldə edilən yeni nəticələri geniş oxucu auditoriyasına anlaşıqlı dildə çatdıran beynəlxalq rəqəmsal jurnaldır. Jurnalın təsisçisi və redaktoru arxeologiya üzrə ixtisaslaşmış jurnalist Dan McLerrandır. Nəşrin müəllifləri sırasında beynəlxalq səviyyədə tanınmış arxeoloq və tədqiqatçılar da yer alır.

“Archaeology News Online Magazine” 13 sentyabr 2026-cı ildə tədqiqat barədə “Azərbaycanda nadir gürz başlığına malik yüksək rütbəli döyüşçünün 3600 illik məzarı aşkar edilib” (“3,600-year-old burial of a high-ranking warrior with rare mace head found in Azerbaijan”) sərlövhəli geniş material dərc edib. Məqalənin müəllifi jurnalın daimi əməkdaşı Dario Radleydir. Arxeologiyanın bütün sahələrini əhatə edən beynəlxalq, qeyri-kommersiya onlayn jurnalı “Archaeology News” resursunun təsisçisi və baş redaktoru arxeoloq və dilçi Ashkan Garshasbidir. Jurnal dünya üzrə yeni arxeoloji kəşflər, ekspedisiyalar və tədqiqat nəticələrini sistemli şəkildə işıqlandırır.

Beynəlxalq arxeologiya xəbər platforması “Arkeonews” isə tədqiqatı “Azərbaycanda 3600 illik döyüşçü məzarında nadir diorit toppuz başlığı və silahlar aşkar edilib” (“Rare diorite mace head and weapons found in 3,600-year-old warrior burial in Azerbaijan”) başlığı ilə təqdim edib. Yazının müəllifi İstanbul Universitetində protohistorya və Ön Asiya arxeologiyası üzrə təhsil almış Leman Altuntaşdır. Arkeonews dünya arxeologiyasına dair son kəşfləri, elmi araşdırmaları və qazıntı nəticələrini geniş auditoriyaya çatdırır; onun arxeoloji xəbərlər arxivində minlərlə material toplanıb.

İrlandiyada qeydiyyatdan keçmiş beynəlxalq tarix və arxeologiya platforması “Ancient Origins” Keşikçidağ tapıntılarına “Zərif gürz Tunc Dövrünə aid elit döyüşçü məzarını işarələyir” (“Exquisite mace marks elite warrior’s Bronze Age burial”) adlı ayrıca material həsr edib. “Ancient Origins” qədim tarix, arxeologiya və insanın keçmişinə dair geniş auditoriyaya yönəlmiş beynəlxalq media platformasıdır və özünün bildirdiyinə görə, ən yeni arxeoloji tapıntılarla yanaşı, peer-reviewed akademik tədqiqatları da oxucularına təqdim edir. Kurqanın tədqiqi barədə material platformanın öz xəbər podkastında da yayımlanıb və bununla məlumat əlavə media kanalı vasitəsilə də auditoriyaya çatdırılıb.

Geniş profilli beynəlxalq xəbər portalı “BIC News” da Sarıyoxuş kurqanı barədə material yayımlayıb. Portalın ayrıca arxeologiya bölməsində dünyanın müxtəlif bölgələrində aparılan qazıntılar və yeni arxeoloji kəşflər mütəmadi işıqlandırılır.

Cənubi Koreyanın “AllaboutHistory” tarix, arxeologiya və mədəni irs platformasında tədqiqat Koreya dilində geniş məqalə şəklində təqdim olunub. Materialda Sarıyoxuş 4 saylı kurqanının quruluşu, diorit toppuz başlığı, tunc xəncər, obsidian və çaxmaqdaşı ox ucluqları, həmçinin layihə çərçivəsində aparılan sonrakı laboratoriya tədqiqatları barədə məlumatlar verilib. Elm və mədəni irs sahəsində ixtisaslaşmış media platforması olan AllaboutHistory-nın redaktoru Kim Tae-çik kimi tanınmış humanitar elmlər üzrə jurnalistdir.

Ukraynanın nüfuzlu “NV media” platformasının elm və texnologiya bölməsi olan “NV Техно” da Azərbaycan arxeoloqlarının tədqiqatını rus dilində “Silahlar və hakimiyyət simvolları. Azərbaycanda Tunc Dövrünə aid hərbi liderin dəfn yeri tapılıb” (“Оружие и символы власти. В Азербайджане раскопали захоронение военачальника эпохи бронзы”) başlığı ilə oxucularına təqdim edib. Materialın müəllifi Anton Xodorenkodur. “NV Техно”-ya 25 ildən artıq elm və texnologiya jurnalistikası təcrübəsi olan Oleksiy Bondarev rəhbərlik edir. Bölmədə elm, texnologiya, innovasiya və tarixi-arxeoloji kəşflərlə bağlı materiallar mütəmadi dərc olunur.

Beləliklə, Keşikçidağda aparılmış tədqiqatların nəticələri ingilis, koreya və rus dillərində müxtəlif beynəlxalq informasiya platformalarına çıxaraq Azərbaycan arxeologiyası ilə bağlı yeni elmi məlumatların daha geniş auditoriyaya çatdırılmasına imkan yaradıb.

Qeyd edilməlidir ki, xarici mediada yayılan məlumatların ilkin informasiya bazasını AMEA Arxeologiya və Antropologiya İnstitutunun və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəsmi saytlarının ingilisdilli versiyalarında, eləcə də hər iki qurumun sosial media hesablarında dərc edilmiş məlumat və fotoşəkillər təşkil edib. Bir sıra xarici platformalar bu ilkin mənbələrə birbaşa müraciət edib, digər media resursları isə həmin məlumatları artıq onları işıqlandırmış beynəlxalq arxeologiya xəbər platformaları vasitəsilə yenidən yayıb.

Keşikçidağ DTMQ-də aparılan arxeoloji tədqiqatların beynəlxalq elmi-populyar informasiya məkanında belə geniş əks-səda doğurması Azərbaycan arxeologiyasının yeni nəticələrinin dünya auditoriyasına çatdırılması, ölkənin arxeoloji irsinin beynəlxalq səviyyədə tanıdılması və Azərbaycan elmi qurumlarının beynəlxalq informasiya məkanında nüfuzunun artırılması baxımından əhəmiyyətlidir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: