Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kimya İnstitutunun alimləri infraqırmızı şüalanmaya həssas yeni materialların xüsusiyyətlərini tədqiq ediblər
18.09.2026 13:52
  • A-
  • A
  • A+

Kimya İnstitutunun alimləri infraqırmızı şüalanmaya həssas yeni materialların xüsusiyyətlərini tədqiq ediblər

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Nanoelektrokimya və Hidrogen enerjisi laboratoriyasının əməkdaşları Sevinc Cavadova, Vüsalə Məcidzadə, Samirə Cəfərova və Akif Əliyevin digər həmkarlarla birgə apardıqları tədqiqatın nəticələri beynəlxalq elmi jurnalda dərc olunub.

“Elektrokimyəvi çökdürülmə üsulu ilə alınmış Bi₂Se₃ nazik təbəqələrinin yarımkeçirici xassələrinin və xronoamperometriyasının tədqiqi” (“Investigation of the Semiconductor Properties and Chronoamperometry of Bi₂Se₃ Thin Films Obtained by Electrochemical Deposition”) adlı məqalə “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarında indeksləşən Q1 kateqoriyalı “Nanomaterials” jurnalında yayımlanıb.

Tədqiqatda susuz etilen-qlikol əsaslı elektrolitdən istifadə etməklə nazik Bi2Se3 təbəqələrinin elektroçökdürülməsi və onların arqon (Ar) mühitində termiki emalından sonra xassələrində baş verən dəyişikliklər araşdırılıb.

Aparılan analizlər nəticəsində Bi₂Se₃ nazik təbəqələrinin romboedrik kristal quruluşa malik olduğu təsdiqlənib. Eyni zamanda, təbəqələrin səthində cüzi oksidləşmə müşahidə olunub. Təbəqələrin yarımkeçirici xüsusiyyətlərini xarakterizə etmək üçün elektrik və temperaturdan asılı keçiricilik ölçmələrindən istifadə olunub.

Həmçinin 2800-4000 nm dalğa uzunluğu diapazonunda aparılan infraqırmızı fotokeçiricilik ölçmələri ilə, Bi2Se3-ün qadağan olunmuş zolaq enerjisi yaxınlığında nəzərəçarpacaq foto-cavab aşkar edilib.

 

Əldə edilən nəticələr, elektroçökdürülmüş Bi2Se3 nazik təbəqələrinin infraqırmızı şüalanmaya həssas yarımkeçirici və optoelektron tətbiqlər üçün potensialını nümayiş etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: