Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.09.2026 11:18
  • A-
  • A
  • A+

Akademik Gövhər Baxşəliyeva: Onun yoxluğu ilə hələ də barışa bilmirik

Akademik Gövhər Baxşəliyeva: Onun yoxluğu ilə hələ də barışa bilmirik

Azərbaycanda məşhur şərqşünaslar çox olub. Ərəb, fars və türk dillərində yazılmış poeziya nümunələrinin tədqiqatçıları, islamşünaslar, mətnşünaslar öz fundamental əsərləri ilə Azərbaycan şərqşünaslığının özünəməxsus simasını müəyyənləşdirib, keçmiş sovet şərqşünaslığında “Azərbaycan məktəbi”nin tanınmasına nail olublar.

Görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva həmin məktəbin inkişafında böyük xidmətləri olan, eyni zamanda, keçmiş ittifaq və dünya miqyasında onu layiqincə təmsil edən nüfuzlu alimlərdən biri olub.

Bu fikirləri açıqlamasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva söyləyib.

Görkəmli şərqşünas Aida İmanquliyeva haqqında xatirələrini bölüşən alim deyib: “Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə şərq və qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar qısa vaxt ərzində ona nəinki keçmiş SSRİ-də, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib. Aida xanım öz yaradıcılığı ilə sübut edib ki, məhz yeni ərəb ədəbiyyatı təmsilçilərinin fəaliyyəti nəticəsində XX əsr ərəb ədəbiyyatının mövzu dairəsi genişlənib, janr tərkibi daha rəngarəng olub, bədii ifadənin yeni formaları yaranıb və ərəb ədəbiyyatı ümumbəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib”.

Aida xanımla 15 il birgə çalışdığını xatırlayan müsahibimiz deyib: “Ulu Tanrı Aida xanıma yüksək şəxsi və intellektual keyfiyyətlərlə yanaşı, qibtə doğuran bir zahiri gözəllik də bəxş etmişdi. Bu zahiri gözəllik onun zəngin mənəvi dünyası, incə ruhu və həssas qəlbi ilə harmoniya təşkil edirdi.

Çox təəssüf ki, onun ömür yolu qısa oldu. Amma onsuz ötən illər bir həqiqəti də ortaya qoydu: Aida xanım bizdən yalnız cismən ayrılıb, adı dillərdən düşmür, xatirəsi qəlblərdə yaşayır. Əsərləri dönə-dönə oxunulur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Nə qədər ki onun alim qələmi ilə uğrunda mübarizə apardığı ideya və amallar aktuallığını itirməyib, insanlar dönə-dönə Aida İmanquliyevanın əsərlərinə müraciət edəcək və gələcək nəsillər onu daim minnətdarlıqla xatırlayacaqlar”.

Akademik Gövhər Baxşəliyeva Aida xanımla ilk tanışlığını və aralarında yaranan səmimi münasibətləri belə xatırlayır: “1977-ci ildə Azərbaycan Dövlət Universitetinin – (indiki Bakı Dövlət Universitetinin) Şərqşünaslıq fakültəsinin ərəb bölməsini bitirəndən sonra Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutuna (indiki Şərqşünasıq İnstitutu) işə qəbul olundum və məni burada ilk qarşılayan Aida xanım oldu. O, Şərq filologiyası şöbəsinin müdiri idi.

İlk günlərdən aramızda çox isti münasibət yarandı. İşlədiyim müddətdə Aida xanımdan yalnız diqqət və qayğı görürdüm və bütün bunların nəticəsində ona çox bağlanmışdım.

Aida xanım mənə Suriya ədəbiyyatı ilə məşğul olmağı məsləhət gördü. Dedi ki, şöbədə Misir, İraq, Livan ədəbiyyatlarını öyrənənlər var, amma Suriya ədəbiyyatı ilə heç kim məşğul olmur. Aida xanım məni ovaxtkı Leninqrad Dövlət Universitetinin professoru, görkəmli şərqşünas, ərəbşünas-alim Anna Arkadyevna Dolininanın yanına göndərdi. Anna Arkadyevna məni Saltıkov-Şedrin adına kitabxanaya və Moskvada Xarici ədəbiyyat kitabxanasına yönəltdi. Mən Suriya ədəbiyyatı haqqında materialları topladıqdan sonra Anna Arkadyevnanın yanına getdim. O mənə XX əsr görkəmli Suriya yazıçısı Əbdüssəlam Əl-Uceylinin yaradıcılığı ilə məşğul olmağı məsləhət bildi.

Beləliklə, illər ərzində mənimlə Aida xanım arasında sıx bağlılıq yarandı. Apardığım tədqiqat zamanı mənə hakim kəsilən bir fikir olurdu ki, bu yazımı Aida xanım oxuyacaq, görəsən nə deyəcək?

Mən Aida xanımla ünsiyyətdə olduğum illər ərzində ondan nəinki elmi, eyni zamanda, həyati dərslər alırdım. Mənim bir insan kimi yetişməyimdə, püxtələşməyimdə Aida xanımın çox böyük rolu olub. Bu illər ərzində ona çox bağlanmışdım. Onunla ünsiyyət mənə mənəvi rahatlıq gətirirdi.

Çox təəssüf ki, aramızdan vaxtsız getdi. Onun həyatdan getməsi ilə həm şöbəmizdə, həm institutda böyük bir boşluq yarandı. Əvvəllər işə böyük həvəslə gedirdim. Amma Aida xanım olmayanda artıq mənim üçün hər şey mənasını itirdi. Mən 3-4 ay sonra Aida xanım haqqında bir yazı yazdım, lakin çap etdirmədim. İstəmirdim ki, bu hisslərimə kimsə hakim kəsilsin. Amma zaman ötdükcə anladım ki, bu yazını çap etdirməliyəm. Aida xanımın vəfatının ikinci ildönümündə o yazını “İki ilin sənsizliyi” adı ilə çap etdirdim. Onun dünyadan vaxtsız köçməsi mənim üçün faciə idi. Heç cür barışa bilmirdim ki, həyat eşqi ilə çağlayan, enerjili, gözəl bir xanım 52 yaşında birdən-birə dünyasını dəyişib.

Aida xanımın istər xatirə günündə, istər doğum günündə məzarını ziyarət edirik və mən o ayrılıq ağrısını hər dəfə yenidən yaşayıram.

Onun yoxluğu institutda bu gün də hiss olunur. Ümumiyyətlə, biz bu illər ərzində çox həmkarlarımızı itirmişik. Mən instituta gələndə gənc mütəxəssis idim. O vaxt gördüyüm əməkdaşlardan bu gün həyatda cəmi 4 nəfəri qalıb. Çox heyifsilənirəm ki, belə insanlar dünyadan gedir. Onlar bizim müəllimlərimiz, mürşidlərimiz idi.

Bizim əlimizdən yalnız onların xatirəsini yaşatmaq gəlir. Bir layihəm var: material toplayıram, istəyirəm “Mürşidlərim” adlı kitab yazam və bu kitabda həyatım boyu rastlaşdığım, öyrəndiyim, bəhrələndiyim insanların əziz xatirəsini əks etdirəm ki, sonrakı nəsillərə yadigar qalsın. Allah hamısına rəhmət eləsin!”

AzərTac

  • Paylaş: