AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi sentyabrın 19-da XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Anım mərasimində çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan şərqşünaslığında ərəbşünaslıq sahəsinin çox inkişaf etdiyini bildirərək, bu sahədə ədəbiyyatşünaslığın əsasının görkəmli şərqşünas alim, professor Aida İmanquliyeva tərəfindən qoyulduğunu deyib. Akademik İsa Həbibbəyli bu sahənin inkişafında Aida xanımın xidmətlərinin əvəzsiz olduğunu, onun Azərbaycan ərəbşünaslığında bir məktəb yaratdığını, mühacirət ədəbiyyatının tədqiqində yeni bir yol açdığını qeyd edib. AMEA rəhbəri bu gün Aida İmanquliyeva məktəbinin davamçılarının bu yolu davam etdirdiyini, Şərqşünaslıq İnstitutunda, Ədəbiyyat İnstitutunda, eləcə də ölkəmizin digər elm və təhsil müəssisələrində ərəb məhcər ədəbiyyatına dair tədqiqatlar aparıldığını, dissertasiyalar, məqalələr yazıldığını, kitablar nəşr edildiyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti v.i.e., akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 34 il öncə sentyabrın 19-da dünyasını dəyişmiş görkəmli alim Aida İmanquliyevanın Azərbaycan Şərqşünaslıq elminin inkişafında silinməz izlər qoyduğunu, dəyərli əsərləri ilə dünya ərəbşünaslığına böyük töhfələr verdiyini söyləyib. O, Aida İmanquliyavanın ərəb-Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənən ilk alimimiz olduğunu qeyd edib. Akademik G.Baxşəliyeva Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi də özünü göstərdiyini bildirib. G.Baxşəliyeva Aida İmanquliyevanın itkisinin şərqşünaslarımız üçün çox ağır olduğunu, alimlərimizin onun əziz xatirəsini daim uca tutduqlarını deyib.
Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü, Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Mehdi Kazımov və başqaları Aida İmanquliyevanın dəyərli elmi fəaliyyətindən bəhs edib, onun gənc şərqşünaslara göstərdiyi qayğıdan danışıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.