Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq-alim, professor Hidayət Cəfərovun 80 illik yubileyinə həsr edilmiş “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Elmi konfransda giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan arxeologiya elminin formalaşması və inkişafında elmi məktəblərin rolunu xüsusi vurğulayıb. Akademik İsa Həbibbəyli bildirib ki, XX əsrin əvvəllərindən etibarən Azərbaycanda aparılan arxeoloji qazıntılar əsasən xarici ekspedisiyaların rəhbərliyi altında həyata keçirilsə də, sonrakı mərhələdə tədqiqatlar azərbaycanlı alimlərin rəhbərliyi ilə davam etdirilib və ölkədə milli arxeoloji məktəblər formalaşıb. Bu məktəblər yeni nəsil arxeoloqların yetişməsinə və müstəqillik dövründə elmin bu istiqamətdə uğurla inkişaf etməsinə mühüm töhfə verib.
AMEA rəhbəri professor Hidayət Cəfərovun Azərbaycan arxeologiyasının aparıcı simalarından biri olduğunu, yeni elmi məktəb formalaşdırdığını diqqətə çatdırıb. Qeyd edib ki, Hidayət Cəfərov bütün həyatını elmə, akademiyaya, tədrisə və alim etikasına həsr edib.
Akademik İsa Həbibbəyli alimin elmi fəaliyyətində Qarabağ mövzusunun xüsusi yer tutduğu vurğulayıb. Bildirib ki, həm işğaldan əvvəlki dövrdə, həm də ərazilərimizin işğaldan azad edilməsindən sonra Qarabağın arxeoloji tədqiqi Hidayət Cəfərovun araşdırmalarında aparıcı istiqamət təşkil edib. AMEA prezidenti yubilyarın Erkən Tunc və İlk Dəmir dövrünə, Tərtərçay və Arpaçay hövzəsi arxeologiyasına həsr olunmuş dəyərli tədqiqatlarını yüksək qiymətləndirərək, onu Azərbaycan arxeologiyasının "Qarabağnamə"sini yaradan alim kimi səciyyələndirib.
AMEA rəhbəri, eyni zamanda, arxeoloji çöl tədqiqatları zamanı əldə olunan materialların sistemləşdirilərək kitablar, məqalələr və elmi nəşrlərdə öz əksini tapmasının vacibliyini qeyd edib, Hidayət Cəfərovun bu istiqamətdə də əvəzsiz fəaliyyətini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli daha sonra professor Hidayət Cəfərovun çoxillik elmi-pedaqoji fəaliyyəti və Azərbaycan arxeologiya elminə verdiyi böyük töhfələrin nəzərə alınaraq, onun “AMEA-nın döş nişanı” ilə təltif edildiyini söyləyib. O, “AMEA-nın döş nişanı”nı yubilyara təqdim edib, alimə möhkəm cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzulayıb.
Tədbirdə çıxış edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bugünkü toplantının Azərbaycan arxeologiyasının böyük sütunlarından birinə həsr olunduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə XIX əsrin sonlarında təşəkkül tapmış arxeologiya elmi ilk vaxtlar daha çox əcnəbi alimlərin adı ilə bağlı olsa da, sonralar Məmmədəli Hüseynov, İdeal Nərimanov, İsmayıl Cəfərzadə kimi böyük alimlərin yetişməsi sayəsində yerli elmi məktəbin əsası qoyulub.
İnstitut direktoru vurğulayıb ki, professor Hidayət Cəfərov 1970-ci illərdə akademik Qurban Əlizadənin məsləhəti ilə elmi laboratoriyada fəaliyyətə başlayıb, qısa müddətdə böyük nüfuz qazanaraq İdeal Nərimanovun rəhbərlik etdiyi Böyük Qarabağ ekspedisiyasının rəis müavini səviyyəsinə yüksəlib. O, 1980-ci illərdə Qarabağda Tunc dövrü mədəniyyətlərinin əsaslı şəkildə öyrənilməsində və konseptual məsələlərin qoyulmasında böyük elmi nailiyyətlərə imza atıb, Qarabağ arxeologiyasının görkəmli mütəxəssislərindən biri kimi tanınıb.
Sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva çıxış edərək konfransın xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, yazılan kitablar və elmi əsərlər tarixdə, bəşəriyyətin yaddaşında əbədi qalır. Akademik Gövhər Baxşəliyeva professor Hidayət Cəfərovun illər boyu böyük zəhmət çəkərək genişmiqyaslı arxeoloji qazıntılar apardığını vurğulayıb. O, formalaşmış zəngin elmi ənənələrin yaşadılmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, Hidayət Cəfərov zəngin təcrübəsini müasir nəsillərə ötürərək dəyərli tələbələr yetişdirib və elmi məktəbin davamlılığına mühüm töhfələr verib.
Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru, i.ü.f.d., dos. Gəray Musayev çıxış edərək universitetin rektoru, professor Ədalət Muradovun yubilyara ünvanladığı təbrik məktubunu səsləndirib.
Professor Gəray Musayev bildirib ki, professor Hidayət Cəfərov 40 ilə yaxın bir dövr ərzində UNEC-də səmərəli fəaliyyət göstərib, yüksək ixtisaslı kadrların hazırlanmasına və gənc nəslin təlim-tərbiyəsinə mühüm töhfələr verib. Prorektor yubilyarın universitetdəki çoxillik pedaqoji və elmi xidmətlərinin həmişə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Heydərova çıxışında professor Hidayət Cəfərovun Azərbaycan elmində öz dəst-xətti olan görkəmli alim olduğunu, xüsusilə Qarabağ arxeoloji ekspedisiyasında və yaşayış məskənlərinin tədqiqində mühüm xidmətlər göstərdiyini vurğulayıb. O, SEBA ilə Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlığın 2005-ci ildən başladığını bildirib, bu müddətdə birgə işlərin, elmi nəşrlərin və beynəlxalq səviyyəli layihələrin həyata keçirildiyini söyləyib.
AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov çıxışında professor Hidayət Cəfərovun 80 illik yubileyinin Azərbaycan elm tarixinin mühüm hadisələrindən biri kimi səciyyələndirib. Qeyd edib ki, Azərbaycan tarixinin müəyyən dövrlərinə aid yazılı mənbələrin azlığı səbəbindən qədim dövrdən orta əsrlərədək bir çox fundamental məsələlər məhz arxeoloji tədqiqatlar sayəsində bərpa olunub.
Daha sonra t.ü.f.d., dosent Fərhad Quliyev və t.e.d., prof. Qafar Cəbiyevin sədrliyi ilə panel iclasları keçirilib. İclasda “Hidayət Cəfərov – Azərbaycan arxeologiya məktəbinin görkəmli nümayəndəsidir”, “Qarabağ abidələrinin dili ilə danışan alim: görkəmli pedaqoq-arxeoloq Hidayət Cəfərov”, “Professor Hidayət Cəfərovun Qarabağ bölgəsində apardığı tədqiqatların arxeologiya fənninin tədrisində əhəmiyyəti” və digər mövzularda məruzələr dinlənilib.
Tədbirdə professor Hidayət Cəfərovun Azərbaycan arxeologiya elminin inkişafında mühüm xidmətləri, uzunillik elmi-pedaqoji fəaliyyəti və Qarabağın qədim və orta əsrlər tarixinin, arxeoloji irsinin öyrənilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb. Bildirilib ki, alimin elmi araşdırmaları Azərbaycan ərazisində mövcud olmuş qədim mədəniyyətlərin tədqiqi, arxeoloji abidələrin öyrənilməsi və milli tariximizin mühüm mərhələlərinin elmi əsaslarla araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxışlarda yubilyarın zəngin elmi irsi, arxeoloji tədqiqatlarının nəticələri və yetişdirdiyi gənc alimlərdən bəhs olunub, beynəlxalq elmi konfransın Qarabağın arxeoloji irsinin müxtəlif aspektlərinin müzakirəsi baxımından əhəmiyyəti vurğulanıb.
Beynəlxalq elmi konfrans oktyabrın 1-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.