AMEA Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin təşkilatçılığı və AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin koordinatorluğu ilə “Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlimin ilk modulu keçirilib.
Təlimi giriş sözü ilə açan Tarix və Etnologiya İnstitutunun Elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini t.e.d., dosent İlqar Niftəliyev təlimin tarix və etnologiya elmlərində tətbiqinin əhəmiyyətindən danışıb.
AMEA Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin əməkdaşı, təlimçi Aygün Əliyeva “İnsanlar, elmlər və süni zəka” və “Süni zəka etikası – Azərbaycan tarixi üçün” mövzusunda təlim keçib. Təlimçi süni intellektin müasir elmi tədqiqatlarda rolu, elm və texnologiyanın qarşılıqlı əlaqəsi, tədqiqat prosesində süni intellekt alətlərindən istifadə imkanları, eləcə də süni intellektdən istifadənin etik aspektləri barədə məlumat verib. Azərbaycan tarixinin öyrənilməsi və tədqiqi kontekstində süni intellekt texnologiyalarından istifadənin imkanları və bu prosesdə elmi və etik prinsiplərin qorunmasının əhəmiyyəti diqqətə çatdırıb.
Tarix və Etnologiya İnstitutu Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri, t.ü.f.d. Nigar Camalova təlimdə çıxış edərək tarixi-etnoloji tədqiqatlarda süni intellektin tətbiqi istiqamətləri, mərhələləri barədə məlumat verib və elmi tədqiqatlarda əsas götürülən Sİ etikası prinsiplərini auditoriyanın diqqətinə çatdırıb.
Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, süni intellektin elmi tədqiqatlarda tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.