Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.10.2026 18:54
  • A-
  • A
  • A+

Şərqşünas alim konfransda Azərbaycan birgəyaşayış mədəniyyətinin fəlsəfi və ictimai əsaslarından danışıb

Şərqşünas alim konfransda Azərbaycan birgəyaşayış mədəniyyətinin fəlsəfi və ictimai əsaslarından danışıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev oktyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göygöl şəhərində keçirilən "Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi" mövzusunda regional konfransda “Azərbaycan birgəyaşayış mədəniyyətinin fəlsəfi və ictimai əsasları (tarixi mənbələr əsasında)” adlı məruzə ilə çıxış edib.

Məruzəçi qeyd edib ki, Azərbaycan fəlsəfi və ictimai fikrində birgəyaşayış mədəniyyətinin tarixi əsaslarının araşdırılması göstərir ki, bu mədəniyyətin formalaşması çoxəsrlik tarixi, dini, sosial və mədəni proseslərin qarşılıqlı təsiri nəticəsində baş vermişdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müxtəlif sivilizasiyaların qovşağında yerləşməsi, ticarət və mədəni əlaqələrin genişlənməsi, eləcə də fərqli dini və etnik icmaların tarixi mövcudluğu birgəyaşayış təcrübəsinin formalaşmasına təsir göstərmişdir. E.Mustafayev bildirib ki, bu baxımdan, Qafqaz Albaniyasının dini-mədəni irsi Azərbaycan ərazisində dini müxtəlifliyin qədim tarixi köklərini öyrənmək üçün mühüm mənbədir. İslamın yayılması isə regionun fəlsəfi, hüquqi və mənəvi həyatında yeni mərhələnin başlanmasına səbəb olmuş, ədalət, mərhəmət, insanlıq və mənəvi məsuliyyət kimi dəyərlərin ictimai fikirdə inkişafına təsir göstərmişdir.

Bununla yanaşı, tarixi dövrlərdə müxtəlif dini icmaların hüquqi və sosial vəziyyətinin fərqli olduğunu nəzərə almağın birgəyaşayış təcrübəsinin obyektiv qiymətləndirilməsi üçün vacibliyini vurğulayan şərqşünas alim Azərbaycanın orta əsr fəlsəfi irsində birgəyaşayış mədəniyyətinin mənəvi əsasları ilə səsləşən mühüm ideyaların mövcud olduğunu bildirib: “Nizami Gəncəvinin yaradıcılığında ədalət, humanizm, mərhəmət və sosial məsuliyyət, Nəsirəddin Tusinin fəlsəfəsində əxlaqi kamillik, ictimai həmrəylik və ədalətli münasibətlər, İmadəddin Nəsiminin poeziyasında insanın mənəvi mahiyyəti və özünüdərki, Məhəmməd Füzulinin əsərlərində isə sevgi, mərhəmət və mənəvi həssaslıq kimi məsələlər ön plana çıxır”.

XIX əsr Azərbaycan maarifçiliyində cəmiyyətin inkişafı, təhsilin yayılması, dini və sosial münasibətlərin tənqidi təhlili, ictimai məsuliyyət və müasirlik məsələləri yeni məzmun qazandığını deyən məruzəçi Azərbaycan fəlsəfi və ictimai fikrində birgəyaşayış mədəniyyətinin əsaslarının ədalət, insan ləyaqətinə hörmət, mərhəmət, mənəvi kamillik, maarifçilik, qarşılıqlı anlaşma və ictimai məsuliyyət kimi dəyərlərlə səciyyələndiyini, bu dəyərlərin müxtəlif tarixi dövrlərdə fərqli formalarda ifadə olunsa da, onların bir qisminin müasir cəmiyyətdə mədəniyyətlərarası dialoqun, sosial həmrəyliyin və dinc münasibətlərin nəzəri-metodoloji əsaslarının işlənib hazırlanması üçün mühüm əhəmiyyət daşıdığını bildirib. O, vurğulayıb ki, Azərbaycanın zəngin fəlsəfi və ictimai irsinin sistemli şəkildə öyrənilməsi, tarixi qaynaqlar əsasında təhlili və müasir təhsil-mədəniyyət sisteminə inteqrasiyası birgəyaşayış mədəniyyətinin elmi əsaslarla inkişafına töhfə verə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: