Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş “Gəncənin mədəni irsinin qorunması – gənclərin gözü ilə” adlı forum keçirilib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin dəstəyi, Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə reallaşıb.
Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Gəncə Dövlət Regional Kollecinin və Etno Miras Araşdırma və Tədqiqat Mərkəzinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində gənclərin ifasında müxtəlif rəqs kompozisiyaları nümayiş olunub. Daha sonra Gəncənin mədəni irsinin qorunmasında gənclərin roluna həsr edilmiş panel müzakirəsi təşkil edilib. Müzakirələr zamanı şəhərin tarixi-mədəni irsinin mühafizəsi, mədəni irs nümunələrinin gələcək nəsillərə çatdırılması, gənclərin bu sahədəki təşəbbüslərinin dəstəklənməsi və ictimai iştirakçılığın artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Forumda çıxış edən AMEA Gəncə Bölməsinin Elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini Əlimuxtar Muxtarov dahi şairin həyat və yaradıcılığından bəhs edib. O, Nizami Gəncəvinin əsərlərində doğma Azərbaycana və Gəncəyə olan sevgisinin güclü ifadə olunduğunu, yaradıcılığında yer alan tolerantlıq fəlsəfəsinin mənsub olduğu Azərbaycan xalqının həyat tərzinin təzahürü kimi çıxış etdiyini vurğulayıb. Çıxışçı, həmçinin Azərbaycan nizamişünaslıq elminin tarixinə də toxunub.
Ə.Muxtarov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dahi şairin həyat və yaradıcılığının, əsərlərinin və xatirəsinin əbədiləşdirilməsi, məqbərəsinin bərpası və qorunması istiqamətində tarixi xidmətlərindən geniş söhbət açıb. Natiq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Ulu Öndərin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı və yaradcılığının, irsinin öyrənilməsi, qorunması ilə bağlı tarixi xidmətlərini daha da inkişaf etdirərək, müasir yanaşmalar və yeni meyarlarla daha da zənginləşdirmişdir. Azərbaycan Prezidentinin Nizami Gəncəvinin 870 və 880 illik yubileylərinin qeyd edilməsi, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamların böyük tarixi əhəmiyyətini qonaqların, gənclərin diqqətinə çatdırıb.
Çıxışındada Ə.Muxtarov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığı ilə bağlı həyata keçirdiyi tarixi xidmətlərinə geniş yer verilib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Nizami Gəncəvinin əsərlərinin miniatürləri dünya dillərinə tərcümə olunub, dahi şairin xatirəsinin ölkəmizdə və ölkəmizdən kənarda, xüsusilə doğma Gəncəsində əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Bu barədə məlumat tədbir iştirakçılarının, o cümlədən gənclərin diqqətinə çatdırılıb.
Digər çıxış edənlər Gəncənin Azərbaycanın qədim mədəniyyət və şəhərçilik ənənələrinin formalaşdığı mühüm mərkəzlərdən biri olduğunu qeyd edərək, şəhərin zəngin tarixi-mədəni irsinin qorunmasında gənc nəslin fəal iştirakının vacibliyini vurğulayıblar. Bildirilib ki, gənclərin mədəni irsin mühafizəsi və təbliği prosesinə cəlb olunması milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Forumun sonunda tədbirdə fəallığı ilə seçilən gənclər təltif olunublar.
Qeyd edək ki, forum Gəncənin zəngin mədəni irsinin qorunması və təbliği, gənclərin bu sahəyə marağının artırılması, eləcə də onların mədəni irsin mühafizəsində fəal iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.