Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.10.2026 16:52
  • A-
  • A
  • A+

Hikmət Quliyev: “Aşıq Hüseyn Saraçlının irsi müasir folklorşünaslığın yeni nəzəri-metodoloji yanaşmaları əsasında araşdırılmalıdır”

Hikmət Quliyev: “Aşıq Hüseyn Saraçlının irsi müasir folklorşünaslığın yeni nəzəri-metodoloji yanaşmaları əsasında araşdırılmalıdır”

Oktyabrın 8–10-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Folklor İnstitutu və Azərbaycan Aşıqlar Birliyinin birgə dəstəyi ilə ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş “Aşıq yaradıcılığı: təşəkkülü, inkişaf mərhələləri və müasir istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Gürcüstan, Türkiyə, Almaniya, Bolqarıstan və Orta Asiya respublikalarından olan tədqiqatçılar iştirak edirlər.

Konfransda AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev ustad sənətkar Hüseyn Saraçlının yaradıcılığının müasir folklorşünaslığın nəzəri-metodoloji imkanları əsasında öyrənilməsi məsələlərinə həsr olunmuş məruzə ilə çıxış edib.

Hikmət Quliyev bildirib ki, Aşıq Hüseyn Saraçlının yaradıcılığı, ilk növbədə, formalaşdığı Borçalı aşıq mühitinin tarixi-mədəni xüsusiyyətləri kontekstində araşdırılmalıdır. Bununla belə, Borçalı aşıq mühiti təcrid olunmuş ənənə kimi deyil, Gəncəbasar, Urmiya, Qars və digər aşıq arealları ilə tarixi-mədəni əlaqələr şəraitində formalaşmış sənət sistemi kimi nəzərdən keçirilməlidir. Bu yanaşma həm sənətkarın fərdi yaradıcılıq xüsusiyyətlərini, həm də onun mənsub olduğu ənənənin daha geniş mədəni əlaqələrini müəyyənləşdirməyə imkan verir.

Alim Azərbaycan aşıq sənətinin tarixi qaynaqlarının türk mifoloji dünyagörüşü və qədim inanc sistemləri (tanrıçılıq, şamanizm), təkkə-təsəvvüf ədəbiyyatı, orta əsrlərin yazı mədəniyyəti və klassik ədəbi ənənələrlə əlaqəli şəkildə öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Ozan-aşıq transformasiyası, sənətin fəlsəfi-kulturoloji və ideoloji funksiyaları və missiyası, eləcə də müxtəlif tarixi mərhələlərdə dəyişən ifaçılıq formaları və mədəni təsirlər Azərbaycan aşıq sənətinin təşəkkül və inkişaf mexanizmlərinin araşdırılması baxımından mühüm elmi istiqamətlərdir.

Hikmət Quliyev qeyd edib ki, Azərbaycan aşıq sənətinin türk xalqlarının ənənəvi sənət formaları ilə müqayisəli tədqiqi də yeni elmi perspektivlər açır. Ozan, aşıq, baxşı, akın və jirau ənənələrinin müqayisəsi ortaq mədəni yaddaşın xüsusiyyətlərini, tarixi əlaqələri və regional fərqləri müəyyənləşdirməyə imkan verir. Bu müqayisədə ortaq cəhətləri üzə çıxarmaqla yanaşı, hər bir ənənənin özünəməxsus inkişaf yolunu və ifaçılıq xüsusiyyətlərini də nəzərə almaq vacibdir.

Məruzədə Borçalı aşıq mühitinin ifaçılıq yönümü ayrıca vurğulanıb. Alimin fikrincə, bu mühitdə saz ifaçılığı və dastan söyləmə ənənəsi xüsusi mövqeyə malikdir. Aşıq Hüseyn Saraçlının irsi də məhz bu baxımdan diqqətlə araşdırılmalıdır. Onun aşıq şeirinin müxtəlif şəkillərindəki yaradıcılığı ilə yanaşı, saz ifaçılığı, özünəməxsus dastan söyləmə texnikası və xüsusilə “Koroğlu” dastanının ifası sənətkarın fərdi yaradıcılıq üslubunu və Borçalı aşıq ənənəsinin səciyyəvi cəhətlərini öyrənmək üçün əhəmiyyətli materialdır.

Hikmət Quliyev aşıq sənətinin yalnız şeir mətnləri və ədəbi yaradıcılıq nümunələri əsasında təhlilinin onun mahiyyətini tam əhatə etmədiyini bildirib. Müasir sosial-antropoloji folklorşünaslıq bu sənətə canlı kommunikasiya və performans hadisəsi kimi yanaşmağa imkan verir. Belə tədqiqatlarda söz və sazla yanaşı, ifaçının fərdi üslubu, auditoriya ilə münasibəti, ifanın baş verdiyi sosial-mədəni şərait və dinləyicilərin iştirakı da nəzərə alınır. Folklor mətninin mənası yalnız sözlərin məzmununda deyil, həm də onun necə, harada, kim tərəfindən və hansı şəraitdə ifa olunmasında meydana çıxır.

Məruzədə ustad–şəyird münasibətlərinin mədəni yaddaşın ötürülməsindəki rolu da diqqətə çatdırılıb. Bu münasibətlər vasitəsilə yalnız repertuar və ifaçılıq bacarıqları deyil, həm də sənət etikası, davranış normaları, ənənəyə münasibət və kollektiv mədəni təcrübə nəsildən-nəslə ötürülür. Borçalı aşıq mühitində ustad sənətkarın nüfuzu və sənət məktəbi ətrafında formalaşan əlaqələr aşıqlıq ənənəsinin davamlılığını təmin edən mühüm amillərdəndir.

Hikmət Quliyev Aşıq Hüseyn Saraçlının irsinin müasir elmi-texnoloji imkanlardan istifadə edilməklə araşdırılmasının vacibliyini də vurğulayıb. O, Azərbaycan Dövlət Televiziyası və Azərbaycan Dövlət Radiosunun arxivlərində qorunan audio-video materialların, eləcə də sənətkarın Gürcüstanda yaşadığı evdə saxlanılan materialların sistemli şəkildə öyrənilməsini perspektivli tədqiqat istiqaməti kimi dəyərləndirib.

Alim qeyd edib ki, həmin materialların toplanması, elmi təsnifatı və rəqəmsallaşdırılması Aşıq Hüseyn Saraçlının yaradıcılığının yalnız bioqrafik və poetik tərəflərini deyil, həm də ifaçılıq xüsusiyyətlərini, repertuarını, sənət mühitini və auditoriya ilə əlaqələrini araşdırmağa imkan verə bilər. Rəqəmsal arxivlər bu baxımdan keçmişin materiallarını sadəcə qoruyan saxlanc deyil, folklor nümunələrinin sosial-mədəni kontekstini və performativ xüsusiyyətlərini təhlil etməyə imkan verən elmi yaddaş məkanı kimi əhəmiyyət daşıyır.

Məruzənin əsas qənaəti ondan ibarət olub ki, Hüseyn Saraçlının irsinin müasir folklorşünaslıq çərçivəsində öyrənilməsi sənətkarın yaradıcılığını daha geniş elmi kontekstdə dərk etməyə, Borçalı aşıq mühitinin özünəməxsusluğunu müəyyənləşdirməyə və Azərbaycan aşıq sənətinin canlı ənənə kimi davamlılığını təmin edən mexanizmləri üzə çıxarmağa şərait yaradır. Aşıq sənəti keçmişdən qalan mətnlərin məcmusu deyil, sözün, sazın, ifanın, auditoriyanın və mədəni yaddaşın hər yeni performansda yenidən məna qazandığı dinamik mədəni sistemdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: