Oktyabrın 10-u görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın doğum günüdür. Aida xanım Azərbaycan şərqşünaslıq elminin inkişafında böyük xidmətlər göstərib, onu respublikamızdan kənarda layiqincə təmsil edib. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət qazandırıb.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Zenfira Şıxəlibəyli Aida xanım İmanquliyeva ilə bağlı xatirələrini bölüşüb.
Şərqşünaslıq İnstitutunun şöbə müdiri Zenfira Şıxəlibəyli Aida xanımla işlədiyi illəri belə xatırlayır: “Aida xanım Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunun (indiki AMEA Şərqşünaslıq İnstitutunun) Ərəb filologiyası şöbəsinin müdiri idi. Mən Şərqşünaslıq fakültəsini bitirən kimi həmin institutun əməkdaşı oldum. Qeyd etmək lazımdır ki, ötən əsrin 70-ci illərindən 90-cı illərinin əvvəllərinədək olan dövr elmi fəallığın yüksəliş mərhələsi kimi səciyyələndirilə bilər. Həmin dövrdə Aida İmanquliyevanın rəhbərliyi ilə gənc alimlərin konfransları, elmi seminarlar təşkil olunur, institut müttəfiq respublikaların şərqşünaslıq mərkəzləri ilə sıx əlaqələr saxlayırdı; keçmiş İttifaqın ərəbşünasları arasında ərəb filologiyasının aktual məsələlərinə dair zəngin təcrübə mübadiləsi həyata keçirilirdi.
Şöbəmizin iclaslarında tez-tez əməkdaşların elmi məqalələri və dissertasiya işləri müzakirə olunurdu. Bütün əməkdaşların öz fikirlərini ifadə etdikləri, bu və ya digər elmi əsərin müsbət və mənfi cəhətlərini qeyd etdikləri bu qızğın müzakirələr gənc mütəxəssislər olaraq, bizim üçün böyük əhəmiyyət kəsb edirdi. Aida xanımın bizi bu müzakirələrə cəlb etməklə, elmi diskussiyalar aparmaq və öz mövqeyimizi müdafiə etmək bacarığımızı formalaşdırması bizim üçün son dərəcə vacib idi. Məhz belə elmi diskussiyalar nəticəsində şöbəmizin bir çox əməkdaşının ərəb ədəbiyyatına dair fundamental tədqiqatları ərsəyə gəldi”.
Zenfira Şıxəlibəyli vurğulayıb ki, Aida İmanquliyeva ərəb filologiyası sahəsində elmlər doktoru elmi dərəcəsini və professor adını almış ilk qadın idi: “Aidə xanımın rəhbərliyi ilə ondan artıq namizədlik dissertasiyası müdafiə olunub, ərəb ədəbiyyatının müxtəlif aktual məsələlərinə dair çoxsaylı məqalələr dərc edilib. Professor Aida İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabı ərəb ədəbiyyatının tədqiqinə misilsiz töhfə olmaqla yanaşı, onun Azərbaycanda şərqşünaslığın inkişafı sahəsində müstəsna rolunun bariz nümunəsidir”.