Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.10.2026 12:16
  • A-
  • A
  • A+

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycan ədəbiyyatının ərəb dünyası ilə əlaqələri qədim və çoxşaxəli tarixi-mədəni proseslərdən qaynaqlanır. İslam sivilizasiyasının formalaşması və yayılması, ərəb dilinin uzun müddət elm və mədəniyyət dillərindən biri kimi mövcud olması, Azərbaycan alim və şairlərinin ərəb dilində əsərlər yaratması Azərbaycan-ərəb ədəbi-mədəni əlaqələrinin tarixi əsaslarını müəyyənləşdirən mühüm amillərdir. Professor Aida İmanquliyevanın elmi yaradıcılığında Azərbaycan-ərəb ədəbi əlaqələrinin öyrənilməsi xüsusi yer tutur: alimin birbaşa Azərbaycan-ərəb ədəbi-mədəni əlaqələrinə dair araşdırmaları və ərəb ədəbiyyatının dünya ədəbiyyatı ilə qarşılıqlı əlaqələrini tədqiq edərkən formalaşdırdığı müqayisəli metod.

Bu fikirlər AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlünün təqdim etdiyi “Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri” məqaləsində yer alıb.

Məqalədə qeyd olunub ki, professor Aida İmanquliyevanın Azərbaycan-ərəb ədəbi əlaqələrinin tədqiqindəki rolunu yalnız onun ərəb ədəbiyyatına dair monoqrafiyalarında deyil, redaktə etdiyi, ön söz yazdığı və tərcümə etdiyi əsərlərdə də izləmək mümkündür. Bu baxımdan alimin redaktorluğu ilə Faiq Əliyevin 1987-ci ildə çap olunmuş “Azərbaycan-ərəb ədəbi əlaqələri” kitabı xüsusi əhəmiyyət daşıyır. Bu fakt alimin Azərbaycan-ərəb ədəbi əlaqələri probleminin yalnız nəzəri tədqiqatçısı deyil, həm də bu yöndə aparılan elmi işlərin təşkilində və istiqamətləndirilməsində fəal iştirak etdiyini göstərir.

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb münasibətlərinin digər mühüm istiqaməti ərəb ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi və onların Azərbaycan oxucusuna təqdim edilməsidir. Alimin 1974-cü ildə çap olunmuş “İnsan və quş” adlı ərəb hekayələri toplusu və 1983-cü ildə İraq ədəbiyyatından nümunələrin yer aldığı “Ağ günlərin sorağında” kitablarına ön sözün müəllifi olması onun bu istiqamətdə fəaliyyətinin konkret nümunələridir. 2010-cu ildə Şərqşünaslıq İnstitutunda akademik Gövhər Baxşəliyevanın redaktorluğu ilə nəşr olunmuş “Məqalələr və tərcümələr” toplusu isə bu baxımdan xüsusi mənbə əhəmiyyəti kəsb edir. Kitabda professor Aida İmanquliyevanın məqalələri və ərəb dilindən Azərbaycan dilinə hekayə tərcümələri toplanıb.

Professor A.İmanquliyevanın “Möhkəmlənən dostluq Azərbaycan-ərəb mədəni əlaqələri haqqında” məqaləsində Azərbaycan-ərəb əlaqələri yalnız diplomatik və ya siyasi münasibətlər müstəvisində deyil, mədəni və ədəbi münasibətlər baxımından nəzərdən keçirilir. Məqalədə əsas məqsəd Azərbaycan oxucusunu ərəb ədəbiyyatının müasir inkişaf prosesləri ilə tanış etməkdir. Bu məqam Aida xanımın elmi fəaliyyətinin geniş konsepsiyası ilə uyğun gəlir. Alim üçün ədəbiyyat xalqlar arasında mədəni əlaqələrin vasitələrindən biridir. Ədəbi mətnin başqa dilə çevrilməsi yalnız dil dəyişməsi deyil, eyni zamanda, bir mədəniyyətin digər mədəniyyətə təqdim edilməsidir. Aida İmanquliyevanın Azərbaycan-ərəb ədəbi əlaqələrinin öyrənilməsinə verdiyi əsas töhfələrdən biri məhz məhcər ədəbiyyatının Azərbaycan ərəbşünaslığında sistemli tədqiqat obyektinə çevrilməsidir. Bu problem onun elmi yaradıcılığında daha geniş – mədəniyyətlərarası dialoq və müqayisəli ədəbiyyatşünaslıq müstəvisində nəzərdən keçirilib.

Beləliklə, Aida xanımın Azərbaycan-ərəb əlaqələri sahəsində fəaliyyəti üç istiqamətdə ümumiləşdirilə bilər. Bu sıraya ərəb ədəbiyyatının elmi tədqiqi; ərəb ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi və təqdimatı; Azərbaycan-ərəb ədəbi-mədəni əlaqələrinin ayrıca elmi problem kimi öyrənilməsi daxildir.

AzərTac

  • Paylaş: