4 dekabr 2026-cı il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və AMEA Gənc Alimlər və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Müasir dövrün çağırışları kontekstində Humanitar və İctimai Elmlər” mövzusunda III Respublika Elmi konfransı keçiriləcək.
Konfransda iştirak etmək istəyənlər məruzənin tam mətnini cari ilin 15 noyabr tarixinədək göndərməlidirlər. Mətnlərin qəbulu haqqında məlumat 15-22 noyabr tarixlərində veriləcək. Konfrans AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçiriləcək.
Qəbul şərtləri və məlumat:
• Konfransa ölkənin müxtəlif ali təhsil məktəbləri və elmi-tədqiqat müəssisələrindən gənc alim və tədqiqatçılar qatıla bilərlər;
• Magistr və doktorantlar məruzənin tam mətnini elmi rəhbərinin (məsləhətçilərinin) rəyi ilə birlikdə təqdim etməlidirlər (rəyin skan variantı əlavə olunmalıdır);
• Konfransın dili Azərbaycan və ingiliscədir;
• Xülasə ingilis dilində, 150-250 sözdən ibarət olmalı və mətnin əvvəlində verilməlidir (ingilis dilində olan mətnlərdə isə azərbaycanca);
• 5 açar söz qeyd olunmalıdır;
• Məruzə mətninin tərtibinə dair tələblər: Times New Roman, 12 şrift, kənar ölçülər hər tərəfdən 2,5 sm, abzas 1 sm, interval 1,15.
• Məruzə mətnin adı böyük hərflərlə ortada, məruzəçinin adı, soyadı, doktorantı (magistr) olduğu müəssisə və ya işlədiyi yer, e-mail ünvan səhifənin sağ tərəfində qeyd olunmalıdır;
• Məruzənin tam mətninin həcmi 5-8 səhifə olmalıdır (məruzənin tam mətni üçün şablon əlavə olunur);
• Ədəbiyyat siyahısı AAK-ın tələblərinə uyğun hazırlanmalı (şablonda qeyd olunub) və istinadlar böyük mötərizədə göstərilməlidir. Məsələn, [2, s.23];
• Məruzə mətnləri göndərilərkən konfransın hansı bölməsinə aid ediləcəyi haqqında qeyd e-mailin mövzu hissəsində göstərilməlidir (humanitar və ya ictimai);
• Məruzə mətni tələblərə uyğun olaraq hazırlanmalıdır, əks halda dəyərləndirilməyə buraxılmayacaq;
• Məruzənin tam mətni əvvəllər heç bir yerdə təqdim olunmamalı və çap edilməməlidir;
• Məruzə mətni konfransın mövzuları, elmi şərtlərə uyğunluğu və tədqiqatın orijinallığı nəzərə alınaraq Elmi heyət tərəfindən dəyərləndiriləcəkdir;
• Məruzənin mətnini Konfransın Təşkilat Komitəsinə göndərən iştirakçılar onların çap olunmasını təsdiq etmiş olur;
• Məruzə mətnləri gencalim.konfrans@gmail.com elektron ünvanına göndərilməlidir;
• Konfrans materiallarının çapı nəzərdə tutulur.
Konfransın mövzuları aşağıdakı əsas başlıqlar altında qruplaşdırılacaq:
- Mətnşünaslıq və mənbəşünaslıq;
- Yazılı irs, tarixşünaslıq və arxiv işi;
- Rəqəmsal dövrdə humanitar elmlər və süni intellekt;
- Mədəni müxtəliflik və tolerantlıq;
- İctimai elmlər və elmi-texniki tərəqqi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.