Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Seyid Yəhya Bakuvi: Birliyin qovşağında” mövzusunda seminar keçirilib
22.10.2026 09:45
  • A-
  • A
  • A+

“Seyid Yəhya Bakuvi: Birliyin qovşağında” mövzusunda seminar keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində “Seyid Yəhya Bakuvi: Birliyin qovşağında” mövzusunda seminar keçirilib.

Fil.e.d. Xuraman Hümmətova məruzəsində XV əsr xəlvətin şeyxi Seyid Yəhya Şirvaninin həyatı və təriqətdə oyadığı roldan ətraflı bəhs edib. Məruzəçi Azərbaycanda fəaliyyət göstərən xəlvətiyə təriqəti və onun Azərbaycandan bütün dünyaya yayılması haqqında ətraflı söz açıb. Xəlvətiliyin ilk yaradıcı şeyxləri olan Zahid Gilani və Pir Ömər xəlvətinin fəaliyyətini önə çəkib.   

Bildirib ki, Seyid Yəhya Şirvani Şamaxıda anadan olub, ilk təhsilini mədrəsədə alıb, onun şeyxi Şeyx Sədrəddin olub. Onunla bağlı müxtəlif rəvayətləri məruzəçi dinləyicilərin diqqətinə çatdırıb. Bir müddət Şamaxıda yaşayıb fəaliyyət göstərən mütəfəkkir alim, sonradan fəaliyətini Bakıda hökmdar İbrahim Xəlilullah sarayı ətrafında davam etdirib. 20 mindən çox müridi olub. Bunlardan 360-ı  xilafətə yüksəlib. Xəlvətiyə təriqətinin 40-dan çox qolunun olduğu məlumdur.  

Seyid Yəhya Şirvaninin nəsil şəcərəsi İmam Museyi Kazıma bağlıdır. Seyid Yəhya Şirvani ədəbi düşüncədə dərin iz buraxmasa da, fəlsəfi düşüncənin formalaşmasında böyük rol oynayıb. O, ərəb, fars və türk dillərini mükəmməl bilmiş və bu dillərdə təsəvvüf və xəlvətiliklə bağlı böyük əsərlər qoyub getmişdir. Onun Türk dilində qələmə aldığı “Şəfa əl Əsrar” (Sufiliyin sirləri) əsəri təsəvvüf nəzəriyyəsinin əsaslarını özündə ehtiva edir. Onun 21-ə yaxın əsərinin olması məlumdur. Bunlardan biri türk dilində, dördü ərəb, on altısı fars dilindədir. “Kəşfül qülüb” əsərini Şirvanşah İbrahim Xəlullaha təqdim etmişdir. “Şəfa əl Əsrar” əsərinin yeganə əlyazma nüsxəsi Türkiyədə Osmaniyyə  kitabxanasında saxlanılır.

Xəlvətiyə  təriqətinin bədii  düşücəyə təsir göstərən şairləri Dədə Ömər Rövşəni, İbrahim Gülşəni, Ümmi Sinan, Niyazi Misri olmuşdur. Onlar yazdıqları poetik nümunələrlə xəlvətiliyi yaymışlar. Xəlvətilik Azərbaycandan bütün Şərqə, oradan da Cənubi Afrikaya, Balkanlara qədər yayılmışdır. Bu təriqət XIX əsrin ikinci rübünə qədər fəaliyyət göstərmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: