Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.11.2026 20:00
  • A-
  • A
  • A+

AMEA-da dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı keçirilib

AMEA-da dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı keçirilib

AMEA Rəyasət Heyətində dünya şöhrətli fotoqraf Reza Deqatinin “Odun zərifliyi” və “Günahsızların qətliamı” adlı kitablarının təqdimatı keçirilib.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Reza Deqatinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, məşhur fotoqraf 1990-cı illərdən etibarən Qarabağ müharibəsinin faciələrini, 20 yanvar hadisələrini, o cümlədən Xocalı soyqırımının şahidlərini çəkməyə müvəffəq olub. Bundan başqa, müharibə gedən Şuşa, Zəngilan, Cəbrayıl rayonlarında baş verən hadisələri fotoyaddaşa köçürüb. Birinci Qarabağ müharibəsindən sonra Rza Deqati qaçqın və məcburi köçkünlərlə görüşərək, onların şəkillərini çəkib. O, xalqımızın ağrı-acılarını və insan talelərini fotoşəkilləri vasitəsilə əbədiləşdirərək dünya ictimaiyyətinə təqdim edib.

“Reza Deqatinin əsərləri yalnız sənət nümunələri deyil, həm də Azərbaycanın yaxın tarixini əks etdirən mühüm sənədli mənbələrdir”, - deyən akademik İsa Həbibbəyli qeyd edib ki, dünya şöhrətli fotoqraf müxtəlif ölkələrdə təşkil olunan sərgilər vasitəsilə Qarabağ həqiqətlərinin dünyada tanıdılmasına, Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti və milli dəyərlərinin beynəlxalq miqyasda təbliğinə mühüm töhfələr verib. Fotoqrafın Xocalı faciəsi zamanı həyatını təhlükəyə ataraq baş verən hadisələri lentə almasını xüsusi vurğulayan akademik İsa Həbibbəyli onun müxtəlif təzyiqlərə baxmayaraq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq missiyasına sadiq qaldığını bildirib. AMEA prezidenti bildirib ki, Reza Deqatinin obyektiv fotoşəkilləri erməni təbliğatının yaydığı saxta məlumatların ifşasında və münaqişənin gerçək mənzərəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyət daşıyır.

Akademik İsa Həbibbəyli məşhur fotoqrafın yaradıcılığında Qarabağın keçmişi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin, Böyük Qayıdış prosesinin də əks olunduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin Azərbaycanın öz tarixi torpaqlarını yenidən abadlaşdırmaq və çiçəkləndirmək qüdrətini nümayiş etdirdiyini bildirib. O, həmçinin Reza Deqatinin Heydər Əliyev Fondu ilə əməkdaşlığının, Fondun həyata keçirdiyi layihələrdə və beynəlxalq tədbirlərdə iştirakının Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından önəmini vurğulayıb.

AMEA rəhbəri təqdim olunan “Odun zərifliyi” və “Günahsızların qətliamı” kitablarının əhəmiyyətinə toxunaraq onların gələcək elmi araşdırmalar üçün də dəyərli mənbə olduğunu qeyd edib. Bildirib ki, Reza Deqatinin fotoşəkilləri tarixçilər, ədəbiyyatşünaslar, etnoqraflar və filosoflar üçün mühüm tədqiqat materialı olmaqla yanaşı, tarixi hadisələrin sənədləşdirilmiş sübutu kimi böyük önəm daşıyır. O, kitab nüsxələrinin Akademiyaya hədiyyə edilməsini yüksək qiymətləndirib, bu nəşrlərin elmi ictimaiyyət üçün faydalı olacağına əminliyini ifadə edib.

Akademik İsa Həbibbəyli AMEA-da keçirilən görüşü gələcək əməkdaşlıq baxımından mühüm başlanğıc kimi dəyərləndirib. AMEA prezidenti dünya şöhrətli fotoqrafın Azərbaycanla mənəvi bağlılığını, ölkəmizin haqq səsinin dünyaya çatdırılması naminə göstərdiyi fədakarlığı yüksək qiymətləndirərək ona uzun illik fəaliyyətinə, Azərbaycan reallıqlarının beynəlxalq miqyasda tanıdılmasına və milli yaddaşın qorunmasına verdiyi töhfələrə görə minnətdarlığını bildirib.

Sonra Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında göstərdiyi xidmətlərə görə Reza Deqati AMEA-nın döş nişanı ilə təltif olunub.

Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev və AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva çıxış edərək Reza Deqatinin sənətkarlığından, Azərbaycan reallıqlarının dünyada tanıdılması istiqamətində nümayiş etdirdiyi prinsipial mövqedən, çətin və riskli məqamlarda belə öz missiyasına sadiqliyindən bəhs ediblər. Qeyd olunub ki, Reza Deqatinin sərgiləri geniş ictimai maraq doğurur, fotoəsərləri isə mühüm ictimai və mənəvi mesajlar daşıyır. Çıxışçılar dünyaşöhrətli fotoqrafa gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıblar.

Daha sonra dünyaşöhrətli fotoqraf Reza Deqatinin peşəkar fəaliyyətini əks etdirən videosujet nümayiş olunub.

Sonda çıxış edən Reza Deqati uzun illərə söykənən fotojurnalist fəaliyyəti, dünyanın müxtəlif bölgələrində şahidi olduğu hadisələr və fotoqrafiyanın tarixi həqiqətlərin qorunmasındakı rolu barədə fikirlərini bölüşüb.

O, dünyanın müxtəlif ölkələrində, xüsusilə münaqişə və müharibə bölgələrində apardığı çəkilişlərdən, qarşılaşdığı insan talelərindən və müşahidələrindən bəhs edib. Reza Deqati fotoşəkillərin yalnız müəyyən anı əks etdirmədiyini, eyni zamanda həmin anın arxasında dayanan insan hekayələrini, yaşanan ağrı-acıları və tarixi reallıqları gələcək nəsillərə çatdıran mühüm vasitə olduğunu diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: