Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

44 günlük Zəfər: Azərbaycan dövlətinin siyasi iradəsi və hərbi qüdrətinin təntənəsi
07.11.2026 22:05
  • A-
  • A
  • A+

44 günlük Zəfər: Azərbaycan dövlətinin siyasi iradəsi və hərbi qüdrətinin təntənəsi

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın hərbi qüdrətini, dövlətçilik iradəsini və xalq-ordu birliyini nümayiş etdirməklə yanaşı, regionda yeni siyasi reallıqlar formalaşdırdı.

Bunu açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsi tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev deyib.

O bildirib ki, Qarabağ problemi Azərbaycanın müstəqilliyinin ilk illərindən dövlətin qarşısında dayanan əsas təhlükəsizlik məsələlərindən biri olub.

“Birinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması xalqımızın yaddaşında dərin iz buraxıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə baxmayaraq, uzun illər davam edən danışıqlar prosesi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verməyib. Həmin dövrdə Azərbaycan dövləti siyasi, iqtisadi və hərbi potensialın gücləndirilməsi, müasir ordu quruculuğu və müdafiə qabiliyyətinin artırılması istiqamətində ardıcıl siyasət həyata keçirib. Bu strategiya gələcək Zəfərin mühüm əsaslarını formalaşdırıb”, - deyə tarix üzrə fəlsəfə doktoru vurğulayıb.

Alim qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın hərbi-strateji hazırlığını, Silahlı Qüvvələrin döyüş qabiliyyətini və müasir texnologiyalardan istifadə imkanlarını nümayiş etdirib: “Qələbənin əldə olunmasında ordunun peşəkarlığı ilə yanaşı, xalqın dövlət və ordu ətrafında sıx birləşməsi, cəmiyyətin mənəvi dəstəyi də mühüm rol oynayıb. Noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici hadisələrindən biri olmaqla, həm də milli-mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Mürəkkəb dağlıq relyef şəraitində həyata keçirilən əməliyyat Azərbaycan hərbçilərinin cəsarətini, peşəkarlığını və yüksək döyüş hazırlığını nümayiş etdirib. Şuşa Azərbaycanın tarixi-mədəni yaddaşında xüsusi yer tutduğundan onun azadlığı xalqımız üçün həm də mənəvi qələbə idi.

Şuşanın azad edilməsi müharibənin sonrakı siyasi gedişinə ciddi təsir göstərib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasını şərtləndirən əsas hərbi-siyasi amillərdən birinə çevrilib. Zəfərin tarixi əhəmiyyəti yalnız hərbi nəticələrlə məhdudlaşmır. Bu Qələbə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, regionda yeni təhlükəsizlik reallıqlarının formalaşmasına və milli həmrəyliyin daha da güclənməsinə təsir göstərib”.

Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, infrastrukturun yenidən qurulması, tarixi-mədəni irsin bərpası və Böyük Qayıdış Proqramının icrası Zəfərin yeni mərhələsini təşkil etdiyini deyən Ədalət Mustafayev doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtmasını Qələbənin real nəticələrinin təzahürü adlandırıb: “Qarabağ Zəfəri güclü dövlətçilik, ardıcıl siyasi strategiya, müasir ordu və milli həmrəyliyin birliyinin tarixi nümunəsidir. Bu Qələbənin qazanılmasında canlarından keçən şəhidlərin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq”.

AzərTac

  • Paylaş: