Xalqımızın qəhrəmanlıq salnaməsi inamlı hərbi qələbələrlə zəngindir. Tarix boyu Azərbaycanın qüdrətli oğulları yadelli düşmənlərə qarşı sinə gərib, yağıların layiqli cavabını verərək xalqımızı və ərazilərimizi işğalçılardan qoruyublar. Lakin tariximizdə faciəli hadisələr də olub. Onların sırasında Qarabağın və ətraf ərazilərin itirilməsi xüsusi yer tutur. Bu acı məğlubiyyət nəticəsində xalqımıza vurulan ağır mənəvi-psixoloji zərbənin ağrısı 30 il davam edib. Buna baxmayaraq, xalqımız sınmayıb, ümidini və torpaqlarımıza qayıdacağına inamını itirməyib.
Bu fikirləri açıqlamasında akademik Gövhər Baxşəliyeva bildirib.
”Ulu Öndər Heydər Əliyevin, daha sonra onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən, müdrik və hərtərəfli düşünülmüş siyasəti müşahidə etdikcə böyük Zəfər Gününün uzaqda olmadığına inanırdıq. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi çoxsaylı təxribatlara cavab olaraq rəşadətli Ordumuzun əks-hücum əməliyyatlarına başlaması ilə əslində 44 gün ərzində böyük bir möcüzənin şahidi olduq. Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz xalqımızın qəhrəmanlıq ənənələrinin ən parlaq nümunəsini göstərərək yağı düşməni əzəli torpaqlarımızdan çıxardı.
Bəli, bu Qələbənin memarı və böyük sərkərdəsi məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev idi. Onun onilliklər boyu apardığı müdrik, mahir xarici və daxili siyasət, ordu quruculuğu və həyata keçirilən çoxsaylı hazırlıq işləri nəticəsində bu Qələbə əldə edildi. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı beynəlxalq informasiya vasitələrinə Azərbaycanın haqq işi haqqında yorulmadan müsahibələr verməsi, hərbi əməliyyatlara ümumi komandanlığı və illər ərzində görülən hazırlıq işləri bir daha göstərirdi ki, bu möhtəşəm Zəfərin əsas memarı məhz dövlətimizin başçısıdır”, – deyə akademik vurğulayıb.
Gövhər Baxşəliyeva məşhur ingilis yazıçısı Stefli Bartsonun “Müharibəni silah, iradə və ruh yüksəkliyi hesabına udmaq olar” fikrini xatırladaraq vurğulayıb ki, Azərbaycan Ordusu da məhz bu amillərin vəhdəti sayəsində möhtəşəm Zəfər qazanıb. Müasir silahlarla təchiz olunmuş Ordumuz rəhbərliyin dərin iradəsi, düzgün və vaxtında verilmiş qərarları, xalqın yüksək ruh yüksəkliyi hesabına Qələbəyə nail olub. Akademik noyabrın 8-nin tariximizə qızıl hərflərlə yazıldığını qeyd edərək həmin günün 30 illik yurd həsrətimizin sona çatdığı tarixi gün olduğunu bildirib.
O, Qarabağsız, Şuşasız keçən illəri də xatırlayıb: “Şuşamızın itirilməsinin 20-ci ilində “İtirilmiş cənnətim – Şuşam mənim” adlı çox kədərli bir esse yazmışdım. Yuxumda Şuşanı tez-tez gördüyümü, yenidən onun qoynunda olduğumu xəyal etdiyimi yazmışdım. İnsanın heç olmasa yuxuda da olsa, bir neçə saatlıq acı həqiqəti unutması, yaralı qəlbini ovundurması necə gözəldir. Lakin ən gözəl yuxu belə bitir və insan yenidən acı həqiqətlə üz-üzə qalır. Şuşasızlıq ruhun bədəndən ayrı düşməsi kimi bir hiss idi. Ruhumuz çırpınır, fəryad edir, bütün varlığı ilə itirilmiş cənnətinə qovuşmağa can atırdı.
Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, əsrarəngiz və ecazkar mədəniyyətimizin parlaq rəmzi idi. Həmin essedə bütün varlığımla inanırdım ki, biz mütləq Şuşaya qayıdacağıq, ayrılıq bitəcək. O əziz günü – Şuşaya qayıdacağımız günü hər an, hər dəqiqə, hər saat, hər gün səbirsizliklə gözləyirdim”. Akademik xatırladıb ki, bu gün həmin arzular gerçəkləşib: “Şükürlər olsun ki, Ali Baş Komandanımızın və qəhrəman Ordumuzun sayəsində biz Şuşaya da, bütöv Qarabağımıza da qayıtdıq!”