AMEA-nın Rəyasət Heyətində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Memarlıq və İncəsənət İnstitutu və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun birgə icra etdiyi “Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” beynəlxalq elmi layihəsi çərçivəsində növbəti müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli beynəlxalq elmi əməkdaşlığın dərinləşdirilməsində xüsusi rola malik olan bu layihənin əhəmiyyətindən danışıb, bu işdə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun və Kembric Universitetinin böyük rolunu və mühüm töhfələrini xüsusi qeyd edib. İlk layihə çərçivəsində işıq üzü görən “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının Bakıda, Tbilisidə və Kembricdə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr olunduğunu bildirib.
Akademik İsa Həbibbəyli bildirib ki, hazırda layihənin dahi Azərbaycan şairi Nizami Gəncəvi və böyük gürcü mütəfəkkiri Şota Rustavelinin zəngin irsinə həsr olunmuş ikinci hissəsi üzrə son işlər gedir. Akademik AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu, Memarlıq və İncəsənət İnstitutu və Gəncə Bölməsinin də layihənin ikinci hissəsinin fəal iştirakçıları olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, ikinci hissənin mövzuları artıq geniş müzakirə edilib, tədqiqat prosesi uğurla yekunlaşıb və iştirakçı institutların bu barədə təqdim edəcəkləri hesabatlarla mərhələnin tam başa çatdığını hesab etmək olar.
AMEA rəhbəri Rəyasət Heyətində keçirilən ötən görüşdə layihənin üçüncü və dördüncü hissələrinin də əsas istiqamətlərinin müzakirə edildiyini bildirib. Akademik İsa Həbibbəyli qeyd edib ki, birinci istiqamət kimi Nizami Gəncəvi və Şota Rustavelinin tipoloji müqayisəli təhlili aparılıb, ikinci istiqamət kimi isə “Nizami və Rustaveli Şərq-Qərb ədəbiyyatında” mövzusu təklif olunub. Onun sözlərinə görə, indiyədək geniş tədqiq olunmayan, həm orijinal, həm də elmi baxımdan mühüm əhəmiyyət kəsb edən bu iki mövzu dərindən təhlil ediləcək və bu mövzular layihənin üçüncü və dördüncü hissələrinin mövzularını təşkil edəcək.
Sonra çıxış edən Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor İrma Ratiani akademik İsa Həbibbəyliyə layihəyə göstərdiyi böyük dəstəyə görə dərin təşəkkürünü bildirib. Gürcü Ədəbiyyatı İnstitutu tərəfindən layihənin rəhbər heyəti və iştirakçıları barədə məlumat verib. Professor bildirib ki, işçi qrupuna ədəbiyyatşünaslarla yanaşı, digər elm sahələrinin təmsilçiləri də daxil edilib. Gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşən İrma Ratiani seçilən yeni mövzuların bir daha müzakirə olunacağını diqqətə çatdırıb. Alim nəşrdə Azərbaycan və gürcü ədəbiyyatı, eləcə də incəsənət nümunələrinin paralel şəkildə təqdim olunacağını qeyd edib.
Daha sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək institut tərəfindən layihəyə cəlb olunan iştirakçıları təqdim edib. O, ümumilikdə 5 hissədən ibarət olan layihənin strukturunda Azərbaycan və gürcü xalqlarının zəngin incəsənət irsinin, memarlıq və təsviri sənət ənənələrinin hərtərəfli əks olunduğunu bildirib.
Gürcü Ədəbiyyatı İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Maka Elbakidze isə öz növbəsində layihə çərçivəsində görülən işlər barədə məlumat verərək musiqi, teatr, kino, ədəbiyyat və təsviri incəsənət sahələrini əhatə edən materialların sistemləşdirildiyini və tamamlama işlərinin uğurla aparıldığını deyib. O, layihənin bu yaxınlarda tam yekunlaşacağını bildirib və Gürcüstan tərəfindən layihənin təşkilati strukturu barədə məlumat verib.
İclasda layihədə təmsil olunan institutların nümayəndələri – AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru İvane Amirxanaşvili, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova, filologiya elmləri doktoru Zəhra Allahverdiyeva və başqaları layihə ilə bağlı fikirlərini bölüşüblər. Həmçinin layihədə yer alan məruzələrin mövzuları sadalanıb və geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrə yekun vuran akademik İsa Həbibbəyli dekabr ayında layihənin nəticələrinə həsr olunmuş onlayn iclasın keçiriləcəyini qeyd edib. Eyni zamanda, ötən il AMEA-nın Gəncə Bölməsində layihə ilə bağlı keçirilən beynəlxalq konfransın uğurlarını xatırladaraq qarşıda duran vəzifələrin icrası ilə bağlı tövsiyələrini verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.