Kimyəvi silah kütləvi qırğın silahlarının ən təhlükəli növlərindən biri hesab edilir. Əgər kimyəvi silah öz inkişaf başlanğıcında tənəffüs yolları vasitəsilə insan orqanizminə ağır zərbə yetirirdisə, onun hazırki müasir nümunələri dərinin müdafiəsiz sahələri və selikli qişalarına nüfuz edərək insana zərər yetirə bilir.
hi-news.ru saytının məlumatına görə, Şimali Karolina Universitetindən olan bir qrup tədqiqatçı tərəfindən zəhərləyici maddələrin təsirini müstəqil şəkildə neytrallaşdıran yeni növ parça hazırlanıb.
Xüsusi qoruyucu parça katalizator və filtr rolunu yerinə yetirən sirkonium və bir sıra materiallardan ibarət xüsusi metalorqanik birləşmələr (metal-organic frameworks, MOF) əsasında hazırlanıb.
Bu strukturlar kimyəvi silahların tərkibinə daxil olan müxtəlif birləşmələri tamamilə parçalamaq və zərərsizləşdirmək bacarığına malikdir. Tozvari metalorqanik strukturlar əleyhqazların filtrları kimi də bəzi növ qazları udmaq qabiliyyətindədir. Sözügedən parça zəhərli maddəni 5 dəqiqə ərzində tamamilə neytrallaşdırır.