Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

10.07.2017 10:52
  • A-
  • A
  • A+

Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin tarixi köklərindən bəhs edən kitabların təqdimatı olub

Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin tarixi köklərindən bəhs edən kitabların təqdimatı olub

İyulun 8-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan tarixinin Stalin dövrünün tədqiqatçısı, mərhum polkovnik Sadiq Zeynaloğlunun “Tarixin qan yaddaşı” və “Onları Vətəndən məhrum ediblər” kitablarının təqdimatı keçirilib.

“Kaspi” qəzetinin təşkil etdiyi tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək kitabların əhəmiyyətindən danışıb. Bildirilib ki, arxiv sənədləri əsasında yazılan “Tarixin qan yaddaşı” sənədli-publisistik povestində 1930-1942-ci illərdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax, Ərəfsə, Şahbuz rayonunun Keçili kəndlərində, habelə Xızı rayonunun Ağdərə kəndində baş verən hadisələr əks olunub. Müəllif Xalq Daxili İşlər Komissarlığının (XDİK) Orbelyan soyadlı əməkdaşının xalqımıza qarşı uydurma ittihamlar, dəhşətli işgəncələrlə müşayiət olunan əməllərini, onun heç kəsə - nə uşaqlara, nə qocalara, nə də qadınlara aman vermədən güllələnmə, sürgün hökmləri çıxarmasını ürəkağrısı ilə təsvir edir. Kitabda Naxçıvanda və ölkəmizin digər bölgələrində repressiya olunanların və Qazaxıstana sürgün edilənlərin siyahısı verilib.

Mətbuat Şurasının sədri vurğulayıb ki, “Onları Vətəndən məhrum ediblər” kitabı “Tarixin qan yaddaşı” silsiləsindən sonuncu kitabdır. Burada Azərbaycan tarixində parlaq iz qoymuş ailələrin - Bədəlbəylilərin, Şıxlinskilərin, Usubbəyovların, Qaşqayevlərin və bir göz qırpımında doğma yurdunda “vətən düşməninə” çevrilmiş bir çox digər günahsız ailələrin faciəli taleyindən danışılır. Müəllif vurğulayır ki, köçürülmə barədə qərarları çox vaxt erməni millətindən olan XDİK əməkdaşları imzalayıblar.

“Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva bildirib ki, bu kitablarda bəhs edilənlər Azərbaycan xalqının başına gətirilən faciələrin, ona qarşı aparılan təcavüzkar siyasətin bir hissəsidir. Bu, unudulmaz tarixdir, bu tarixə laqeyd yanaşmaq olmaz. Zaman-zaman xalqımızın başına gətirilən müsibətləri, qırğınları, sürgünləri tarixi faktların dili ilə oxucuya çatdıran Sadiq Zeynaloğlu haqlı olaraq yazır ki, bu hadisələrin birbaşa təşkilatçıları ermənilər olub.

Hər iki kitabın tariximizin öyrənilməsinə, faciələrimizin unudulmamasına xidmət etdiyini söyləyən Sona Vəliyeva deyib ki, belə nəşrlərin işıq üzü görməsi milli yaddaşımızın itməməsi baxımından olduqca vacibdir.

“Kitab arxiv sənədləri əsasında yazılıb və heç bir qərəzdən, təhrifdən söz gedə bilməz. Nəşrlərdə bəhs olunan faktlar son 200 ildə davam edən, indinin özündə də ardı-arası kəsilməyən belə hadisələr, ermənilərin apardığı mənfur siyasətin nəticəsidir. Təqdimatına toplaşdığımız kitabların müəllifi Sadiq Zeynaloğlunun və bu nəşrlərin Azərbaycan dilinə tərcümə edilməsində xidməti olan Mehdi Məmmədovun ailələri repressiyadan əziyyət çəkib. Bu faciələri, repressiyaları həyata keçirənlər ermənilər olub, ümumiyyətlə, bu proseslərin kökündə erməni siyasəti dayanır. İyulun 4-də dinc sakinlərimizin vəhşicəsinə öldürülməsi bir daha göstərdi ki, ermənilər öz mənfur siyasətlərini hər zaman olduğu kimi yenə də davam etdirməkdə israrlıdırlar. İnsanın yaddaşı pozula bilər, ancaq tarixin yaddaşı heç zaman pozulmayacaq. Sadiq Zeynaloğlu Naxçıvanda daxili işlər naziri işlədiyi illərdə bütün arxiv sənədlərini qoruyub saxladığı üçün bu gün biz bu faktları reallığı ilə görə bilirik. Bu kitablarda yer alan faktlar müəllifin əziyyətinin və vətənpərvərliyinin bariz nümunəsidir”,  - deyə S.Vəliyeva söyləyib.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra - 1996-cı ildə “1920–1950-ci illər arası  repressiya qurbanı olmuş azərbaycanlıların reabilitasiyası haqqında” sərəncam imzaladığını diqqətə çatdıran S.Vəliyeva deyib: “Bu sərəncamdan sonra arxivlərdə saxlanılan gizli sənədlərin aşkara çıxarılmasına imkan verildi. Bu, bizə tariximizin qaranlıq səhifələrini öyrənməyə imkan yaratdı. Bizim milli yaddaşımız itməməlidir. Bu cür kitablar milli yaddaşımızın itməməsi üçün çox vacibdir”.

Sona Vəliyeva əlavə edib ki, bu kitablar ölkəmizin bütün kitabxanalarına göndərilməlidir və bu yöndə qısa müddət ərzində lazımi addımlar atılacaq. Burada repressiyanın qurbanı olmuş insanların adları ilə yanaşı, həm də kəndbəkənd siyahı var. Bu kitablar repressiyanın qurbanı olmuş insanlardan xəbər tuta bilməyən yaxınlarının intizarına son qoyacaq. 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli hər iki kitabın əhəmiyyətindən danışıb. Bildirilib ki, nəşrlər tariximizin müstəqilliyə gətirən yollarını yenidən öyrənməklə yanaşı, onları təhlil etmək üçün elmi mənbə kimi istifadə edilə bilər.

“Kitabların əhəmiyyəti ondan ibarətdir ki, repressiyalardan əziyyət çəkən çoxsaylı həmvətənlərimizi həm tanıyırıq, həm də uzun müddət səs-sorağı olmayan qurbanlardan xəbər tuturuq. O vaxtkı siyasi rejimin əlaltıları sayılan ermənilər öz məkrli və çirkin siyasətlərini həyata keçirmək üçün, təbii ki, xalqımızı hədəf seçmişdilər. Həmçinin mənim boya-başa çatdığım doğma kəndimdən iki ailə repressiya qurbanı olub. Onların da adı kitabdakı siyahıda yer alıb. Kitab tarixi faktlara güzgü tutur, başımıza gələn hadisələrdən nəticə çıxarmağa çağırır, haqqı və ədaləti ortaya qoyur. Bu kitablar müstəqilliyimizi qorumağa və onun qədrini bilməyə xidmət edir, eyni zamanda, tarixi hadisələri yeni nəsillərə daşıyan çox əhəmiyyətli elmi mənbədir”, - deyə İ.Həbibbəyli vurğulayıb.

Xalq şairi Sabir Rüstəmxanlı deyib ki, Azərbaycan xalqının tarixində qanlı qırğın maşınının yüz minlərlə ailənin ocağını söndürdüyü faciəli səhifələr az deyil. Xalqımız Stalin repressiyalarının, azərbaycanlıların Ermənistandakı dədə-baba torpaqlarından deportasiyasının şahidi olub. Ötən əsrin axırlarında əzəli Azərbaycan torpağı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkün ordusunun yaranması isə sinəmizə çalın-çarpaz dağ çəkib. Bu faciələrin unudulmaması baxımından belə kitabların xalqımızın ixtiyarına verilməsi bəlkə gələcəkdə bu faciələri yenidən yaşamamağımıza bir zəmin ola bilər.

Kitablarda Azərbaycanın müxtəlif rayonlarında 1920-ci illərdən sonra baş verən repressiyaların, faciələrin öz əksini tapdığını söyləyən Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova deyib ki, burada çox ciddi tarixi faktlar var. Bütün bunlar insanlara tarixi məlumatları dolğun təqdim etməyə imkan verir. Bu baxımdan kitabın müəllifi ilə yanaşı, bu işdə əməyi olan hər kəsə minnətdar olmalıyıq.

Tarixçi-alim, Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı hər iki kitabın tariximizin öyrənilməsi, müstəqilliyə gedən yolda qarşılaşdığımız çətinliklər və onları təhlil etmək baxımından əhəmiyyətli mənbə kimi dəyərləndirib.

Digər çıxış edənlər də kitabların məziyyətlərindən danışıb, nəşrləri Azərbaycan tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından yüksək qiymətləndiriblər.

Tədbirdə nəşrlərin ideya rəhbəri və sifarişçisi Mehdi Məmmədova “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin diplomu təqdim olunub.

“Zərdabi LTD” MMC tərəfindən nəşr olunan hər iki kitabın rus dilindən Azərbaycan dilinə tərcüməçisi Elxan Zal Qaraxanlı, redaktoru Fərid Hüseyn və buraxılışına məsul Əfqan Nəsirlidir.

"AzərTac"

  • Paylaş: