Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Yüksək Texnologiyalar Parkında “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksi açılıb
23.11.2017 16:02
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkında “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksi açılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında (“YT Park”) AMEA və Böyük Britaniyanın “Millers Oils LTD” şirkətinin birgə təsis etdiyi “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksinin açılış  mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA “YT Park”ın yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamını xatırladıb. Akademik bildirib ki, bu sənəd müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin inkişaf etdirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin qurulmasına xidmət edir. Qeyd edib ki, AMEA Sərəncamdan irəli gələrək sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədi ilə “YT Park”ın ərazisində müvafiq infrastruktur yaradıb.

AMEA rəhbəri “Millers Oils LTD” şirkəti ilə əlaqələri yüksək qiymətləndirdiyini deyib. Birgə əməkdaşlığın elm və istehsalat arasında əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib.

Akademik Akif Əlizadə çıxışında Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrinin mühüm istiqamətlərindən danışaraq AMEA-nın qarşısına Milli iqtisadiyyat perspektivi üzrə, o cümlədən kimya məhsulları da daxil olmaqla neft və qaz sənayesinin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın, telekommunikasiya, informasiya texnologiyaları və digər sahələrin inkişafına dair əsas hədəflərin müəyyənləşdirildiyini bildirib. Qeyd edib ki, hazırda ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır. Məhz “Millers Oils Azerbaijan” MMC-nin təsis edilməsi də Akademiyanın bu  fəaliyyətə yönəlmiş növbəti addımıdır.

Sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Krofts çıxış edib. Böyük Britaniyanın Azərbaycanla münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu deyən diplomat hər iki ölkə arasında əlaqələrin 25 ildir ki, uğurla davam etdiyini vurğulayıb.  Kerol Krofts Britaniya şirkətlərinin Azərbaycanda ən fəal investisiya yatırıcılarından olduğunu qeyd edib.  Səfir “Millers Oils Azerbaijan” MMC-nin istehsalat  kompleksində görülən işlərin məmnunluq doğurduğunu bildirib, şirkətə gələcək fəaliyyətində uğurlar diləyib.

Tədbirdə “Millers Oils LTD” şirkətinin icraçı direktoru Cemi Rayn təmsil etdiyi şirkət haqqında məlumat verib. Bildirib ki, Birləşmiş Krallığın 130 illik tarixə malik nüfuzlu şirkətlərindən olan “Millers Oils LTD”  “Millers oils Azerbaijan” MMC-nin təsisçilərindəndir. Qeyd edib ki, şirkət dünyada tanınan premium klass mühərrik yağlarının istehsalı ilə məşğuldur. Cemi Rayn “Millers oils Azerbaijan” MMC-nin təsis edilməsində əsas məqsədin dünya standartlarına cavab verən neft məhsullarının istehsalını artırmaq olduğunu deyib. Onu da əlavə edib ki, bu sahədə ölkənin təlabatını qarşılamaq, həmçinin Azərbaycan vasitəsilə Şərq, Orta Asiya bazarında istehsal etdikləri mühərrik yağlarını tanıtmaq şirkətin əsas hədəflərindəndir. Cemi Rayn gələcəkdə AMEA ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. “YT Park”da rezidentlər üçün yaradılan şəraitdən məmnun qaldığını vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev çıxış edərək ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyasından, istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsində dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, elmin kommersiyalaşdırılması sahəsində AMEA-da həyata keçirilən islahatlardan danışıblar. Natiqlər şirkətin kollektivini təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirdə həmçinin “Millers Oils LTD” nin icraçı direktoru Cemi Rayna AMEA “YT Park”ın rezident şəhadətnaməsi və diplomu təqdim edilib.   

Daha sonra rəmzi açılışı bildirən qırmızı lent kəsilib. Qonaqlar “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksində yüksək texnoloji keyfiyyətlərə malik mühərrik yağlarının istehsalı üçün nəzərdə tutulan sahə və ofis kompleksi ilə yaxından tanış olublar. Bundan başqa, “YT Park”ın fəaliyyəti, rezidentləri və onların istehsal edəcəkləri məhsullar haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: