Yanvarın 24-də Geologiya və Geofizika İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda Şəki Regional Elmi Mərkəzinin (ŞREM) 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə çıxış edən müəssisənin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü mərkəzin fəaliyyətinin fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətləri üzərində qurulduğunu bildirib. Natiq "Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələri"nin icrası ilə bağlı AMEA-nın tədbirlər planına uyğun olaraq mərkəz tərəfindən "Təbii rəngli ipək alınması texnologiyasının patentləşdirilməsi və sənayedə tətbiqinə hazırlanması" istiqamətindəki tədqiqatların davam etdirildiyini vurğulayıb.
Əldə olunan mühüm nəticələr barədə məlumatları diqqətə çatdıran Yusif Şükürlü hesabat ilində 8 şöbə üzrə 8 mövzu daxilində elmi-tədqiqat işlərinin yerinə yetirildiyini deyib: "Hesabat ilində mərkəz əməkdaşlarının 45 tezisi, 23 məqaləsi və 4 kitabı nəşr olunub. Alimlərin xarici dərgilərdə, eləcə də impakt faktorlu jurnallarda da əsərləri çap edilib".
Bildirilib ki, 2017-ci ildə ŞREM AMEA, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, BACSA (Qara Dəniz, Xəzər Dənizi və Orta Asiya İpək Assosiasiyası) və bir sıra yerli və xarici qurumlarla birgə Azərbaycanda ipəkçiliyin inkişafı ilə əlaqədar beynəlxalq konfrans, regional seminar və digər tədbirlər təşkil edib. Hesabat ilində müxtəlif cinslərə aid bitki növləri sınaqdan keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim olunub.
ŞREM-in əməkdaşlarının xaricdə keçirilən konfranslarda iştirakından danışan Y.Şükürlü alimlərin əsasən Türkiyə, Özbəkistan, Gürcüstan, Bolqarıstan olmaqla 16 konfransda iştirak etdiyini bildirib. İlk dəfə Şəki rayonunun dağlıq və dağətəyi ərazilərində yayılmış yabanı Yergilası (Physalis L.) və Quşarmudu (Sorbus L) dərman bitkilərinin vegetativ orqanlarının kimyəvi və biokimyəvi tərkibinin öyrənildiyini deyən məruzəçi Azərbaycanın şimal-qərb bölgəsində, Qax və Zaqatala ərazisində 23 növ yabanı dərman bitkisinin aşkar edilərək biomorfoloji göstəriciləri təyin edilib, yayılma arealı müəyyən olunub. Məruzədə, həmçinin şöbələr üzrə yerinə yetirilən elmi-tədqiqat işləri barədə geniş məlumat verilib.
İclasda hesabat təsdiq edilib, alınmış mühüm nəticələr AMEA-nın illik hesabatına daxil edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.