AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar toplusunun doktorant və dissertantlarının əsərlərindən ibarət nəşrinin növbəti on ikinci və on üçüncü nömrələrinin təqdimatı olub.
Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov humanitar elmlərin tədqiqi üzrə dəyərli mənbələrdən hesab olunan “Risalə” toplusunun beynəlxalq standart seriya nömrəsi ilə çap olunması və Amerikanın “EBSCO” beynəlxalq elektron məlumat bazasına daxil edilməsi haqqında məlumat verib. “Risalə” elmi məqalələr toplusunun beynəlxalq statusunun artdığını söyləyib.
Bildirilib ki, muzeyin “Şərq”, “Xəzinə”, “Qaynaq”, “Məclis” və “Risalə” kimi daimi nəşrləri var.“Risalə”nin əsas məqsədlərindən biri də gənc alimlərin ən müxtəlif elmi mövzulara dair əsərlərinin elmi ictimaiyyətə çatdırılmasına imkan yaratmaqdır. Toplunun təqdim edilən nömrələrində R.Hüseynovun elmi rəhbəri olduğu gənc alimlərin məqalələri yer alıb. Vurğulanıb ki, məqalə müəllifləri sırasında elmlər və fəlsəfə doktorları ilə yanaşı, dissertasiya müdafiəsinə hazırlaşan cavan tədqiqatçılar da var. Bu araşdırmaçılar klassik və müasir Azərbaycan ədəbiyyatının bir sıra aktual və az öyrənilmiş problemlərinə yeni baxış bucağından yanaşırlar.
R.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan, eləcə də Yaxın və Orta Şərq xalqları ədəbiyyatının müxtəlif mövzu və məsələlərinə dair tədqiqatların yer aldığı mötəbər elmi mənbələrdən biri sayılan “Risalə” elmi araşdırmalar toplusunun ildə iki nömrəsi çap olunur. Toplunun birinci nömrəsində muzeyin əməkdaşlarının elmi tədqiqatları, ikinci nömrədə isə akademikin özünün elmi rəhbəri olduğu doktorant və dissertantların məqalələri nəşr olunub.
Sonra akademik R.Hüseynov doktorant və dissertantlarla tədqiqat mövzuları ətrafında müzakirələr aparıb, onlara tövsiyələrini verib.
Sonda gənc alimlərə “Risalə” elmi araşdırmalar toplusunun on ikinci və on üçüncü nömrələri təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.