Dekabrın 10-da AMEA Rəyasət Həyətində “Heydər Əliyev: zaman, şəxsiyyət və əbədiyyət” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq müasir müstəqil Azərbaycanın qurulması, inkişafı və dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, dövlət müstəqilliyimizin bərpasından sonra ulu öndərin ölkəmizdə elmin inkişafı üçün gördüyü işlərdən söz açıb.
H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində vahid ideologiya və məqsədə xidmət göstərdiyini deyən alim bu böyük şəxsiyyətin daim ölkənin inkişafı və işıqlı gələcəyini düşündüyünü bildirib. 1993-cü ildə AMEA Rəyasət Heyətində alimlərin dahi liderlə görüşünü xatırlayan A.Əlizadə onun akademiyaya, ümumilikdə Azərbaycan ziyalılarına, elm və təhsilinə hər zaman xüsusi diqqət göstərdiyini vurğulayıb.
AMEA rəhbəri qeyd edib ki, məhz ümummilli liderin ictimai-siyasi, iqtisadi, eləcə də elmi sahədə məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan dünya ölkələri arasında öz layiqli mövqeyini hər zaman qoruyub saxlayır. Hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən bu müdrik siyasət və düzgün strategiya uğurla davam etdirilir, daha da möhkəmləndirilir.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyev: zaman, şəxsiyyət və əbədiyyət” mövzusunda məruzə ilə çıxış edib. Alim dahi liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, zəngin və çoxşaxəli ictimai-siyasi fəaliyyətindən, respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahəsinin inkişafındakı misilsiz rolundan söhbət açıb.
Görkəmli dövlət xadimi Heydər Əliyevin böyük bir epoxanın yaradıcısı olduğunu deyən İ.Həbibbəyli ulu öndərin bu yolda ardıcıl və məqsədli siyasət nümayiş etdirdiyini, cəmiyyətin hərtərəfli inkişafı sahəsində mühüm nailiyyətlərə imza atdığını deyib. O, Heydər Əliyev epoxasını şərtləndirən mühüm amillərdən söz açaraq, böyük dövlət xadiminin müstəqil dövlətçilik uğrunda apardığı mübarizə, azərbaycançılıq, böyük siyasi iradə kimi əsas prinsiplərin bu epoxada aparıcılıq təşkil etdiyini diqqətə çatdırıb.
Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu ilk dövrlərdə, 1969-1982-ci illərdə Azərbaycanın bütün sahələr üzrə sürətli inkişafına nail olduğunu deyən məruzəçi siyasi və elmi ədəbiyyatda ulu öndərin ölkəyə rəhbərliyinin bu dövrünün qızıl və ya intibah dövrü kimi qiymətləndirildiyini deyib. Bildirib ki, həmin illərdə Azərbaycan iqtisadi, siyasi və mədəni inkişafa görə qabaqcıl sıralarda yer alıb.
Ulu öndərin əbədiyaşar ideyalarının əhəmiyyətini vurğulayan İ.Həbibbəyli azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğunu qeyd edib.
AMEA-nın vitse-prezidenti Azərbaycan elminin inkişafının ümummilli lider Heydər Əliyevin XX əsrin 70-80-ci illərində respublikaya rəhbərliyi ilə bilavasitə bağlı olduğunu söyləyib. Qeyd edib ki, bu dövrdə Azərbaycan Elmlər Akademiyasında yeni institutlar, ali məktəblər formalaşdırılmışdır. Heydər Əliyev görkəmli simalara, şəxsiyyətlərə o dövrün ən böyük mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə nail olmuşdur. Xalq yazıçısı Mirzə İbrahimov, Süleyman Rəhimov, Xalq şairləri Rəsul Rza və Süleyman Rüstəmin Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi o zaman ədəbiyyat sahəsində olan inkişafın göstəricisi idi.
H.Əliyev hakimiyyətinin ikinci böyük mərhələsi olan 1993-2003-cü illəri xarakterizə edən hadisələrdən söz açan İ.Həbibbəyli bu dövrün müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazıldığını bildirib. Qeyd edib ki, ictimai-siyasi sabitliyin bərqərar edilməsini bu dövrün ən mühüm nailiyyəti hesab etmək olar.
Akademikin sözlərinə görə, görkəmli dövlət xadiminin siyasi hakimiyyətinin ikinci dövründə həyata keçirtdiyi islahatlar böyük inkişafın möhkəm təməllərinin yaranması ilə nəticələnmiş, gələcək inkişafın bünövrəsini qoymuşdur.
İsa Həbibbəyli ulu öndər Heydər Əliyevin vətənimizin yetişdirdiyi dünyamiqyaslı siyasi lider olduğunu qeyd edib: “XX əsrin sonlarında, mürəkkəb və taleyüklü tarixi bir dövrdə dövlətə və xalqa rəhbərliyi öz üzərinə götürmüş H.Əliyev Azərbaycanı siyasi anarxiya, vətəndaş müharibəsi, parçalanma, iqtisadi tənəzzül kimi bəlalardan xilas edərək dövlət müstəqilliyi, milli dirçəliş, sülh və tərəqqinin əsas qarantına çevrilmişdir”.
Ümummilli liderin fəaliyyətinin Naxçıvan dövrü ilə bağlı fikirlərini bölüşən alim bildirib ki, dahi şəxsiyyət muxtar respublikanın ərazi bütövlüyü və muxtariyyətinin qorunmasında, siyasi-iqtisadi əlaqələrinin inkişafında, azərbaycançılıq ideologiyasının və müasir milli dövlətçilik ənənələrinin yaşadılmasında əvəzsiz xidmətlər göstərmişdir.
Azərbaycanı müasir inkişafa aparan “Əsrin müqaviləsi”nin məhz ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə imzalandığını diqqətə çatdıran vitse-prezident bu böyük neft layihəsinin ölkənin dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müstəsna əhəmiyyətini vurğulayıb.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, hazırda ölkə rəhbəri İlham Əliyev ulu öndər Heydər Əliyevin böyük ideyalarını ardıcıllıqla və uğurla həyata keçirir, müstəqil Azərbaycanı sürətlə inkişaf etdirərək yeni sabahlara doğru aparır.
2019-cu ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 ilinin tamam olacağını xatırladan İ.Həbibbəyli AMEA-da bu münasibətlə beynəlxalq konfransın keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Daha sonra Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda məruzəsini təqdim edərək, görkəmli dövlət xadiminin xalqımızın milli dilinə daim böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, onun saflığının qorunması və işlək dilə çevrilməsində ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olduğunu deyib.
M.Nağısoylu 1974-cü ildə respublikamızın bir qrup dilçi aliminin Dövlət mükafatına layiq görülməsini mühüm hadisə kimi qiymətləndirərək, bu addımın ana dilimizin statusunu daha da möhkəmləndirdiyini qeyd edib.
Alim diqqətə çatdırıb ki, ölkəmizə rəhbərlik etdiyi ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olan ulu öndərin təşəbbüsü və qətiyyəti ilə doğma dilimiz dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) əksini tapıb. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.
Tədbirdə “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda çıxış edən Fizika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva müdrik rəhbər Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. Bildirib ki, 1993-cü ildə bu görkəmli şəxsiyyət akademiyada ziyalılarla keçirdiyi görüş zamanı ölkə elminin inkişafına dair mühüm fikirlər səsləndirmiş, alimlərimizin fəaliyyətini yüksək qiymətləndirmişdir.
S.Mehdiyeva ölkə başçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dövlətimizin bu gün də bütün istiqamətlərdə dünyanın dinamik inkişafda olan ölkələrindən birinə, tolerantlıq və multikulturalizmin beynəlxalq mərkəzinə çevrildiyini qeyd edib.
Konfransda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slaydlar göstərilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.