Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.12.2018 15:26
  • A-
  • A
  • A+

“Professor Rövşən Mustafayev” adına medalın təqdimetmə mərasimi olub

“Professor Rövşən Mustafayev” adına medalın təqdimetmə mərasimi olub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Professor Rövşən Mustafayev” adına medal və sertifikatların təqdimetmə mərasimi keçirilib.

Bu mükafat Hüquq və İnsan Haqları İnstitutu və professor R.Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilib. Mükafat hər il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda araşdırmalar aparan və münaqişə barədə həqiqətləri dünya birliyinə düzgün, təkzibolunmaz faktlarla çatdıran alimlərə təqdim olunur.

Təqdimetmə mərasimində institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə R.Mustafayevin 1993-cü ildə respublikada ilk dəfə yaradılan qeyri-hökumət elmi-tədqiqat intellektual mərkəzinin – Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun yaradıcısı və direktoru, həmçinin 1998-cu ildə formalaşdırılan İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun təşkilatçısı və ilk direktoru olduğunu bildirib.

Qeyd edib ki, Azərbaycanda Ombudsman təsisatının yardılması layihəsinin rəhbəri olan R.Mustafayev, eyni zamanda “Dirçəliş-XXI əsr” və “Возрождение-XXI век” jurnallarının qurucusu və baş redaktoru kimi də fəaliyyət göstərib.

Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olduğunu qeyd edən A.Mustafazadə Hüquq və İnsan Haqları İnstitutunun bu istiqamətdə araşdırmalar aparan alimlərinin tədqiqatlarını yüksək dəyərləndirib.

Daha sonra o, mükafatları sahiblərinə təqdim edib.

A.Mustafazadə bədnam ermənilərin saxtakarlıq və terrorla bağlı siyasətinin sübuta yetirilməsi istiqamətindəki səmərəli xidmətlərinə və Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etdiklərinə görə Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, hüquq üzrə elmlər doktoru Ramin Qurbanova və tədqiqatçı alim Şəlalə Həsənovaya “Professor Rövşən Mustafayev” adına medal və sertifikatı təqdim edib.

Qeyd edək ki, bir sıra ölkələrin elmi-tədqiqat mərkəzlərində hüququn müxtəlif sahələrinə dair elmi araşdırmalar aparan R.Qurbanov “Elektron məhkəmə” və “Elektron icra” kimi əhəmiyyətli sistemlərin yaradılmasında, Avropa Şurasının alimləri ilə birgə elmi nəşrlərin hazırlanmasında mühüm xidmətlər göstərib. O, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti seçilib.

Ş.Həsənova isə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya birliyinə düzgün şəkildə çatdırılması, Qafqaz regionuna gəlmə olan ermənilərin burada hər şeyi saxtalaşdırması, cinayətkar erməni obrazının açılması və Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olması faktının təkzibolunmaz materiallarla sübuta yetirilməsi istiqamətində tədqiqatlar aparıb. O, beynəlxalq terrorizmin ayrılmaz hissəsini təşkil edən və yüz ildən artıq müddətdə mövcud olan erməni terrorizmi və ermənilər tərəfindən törədilən soyqırımlarla bağlı sənədli filmlərin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: