AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti ümumi yığıncağı keçirilib. İclas bölmənin 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələrinə həsr olunub.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün elm adamlarına göstərilən diqqət və qayğıdan danışıb. O, dissertasiya mövzuları seçilərkən müasir elmin qarşısında duran əsas tələb və vəzifələri nəzərə almağın, mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb edən mövzulara üstünlük verməyin və digər bu kimi məsələləri diqqətdə saxlamağın vacibliyini vurğulayıb.
Sonra bölmənin Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi Leyla Səfərova 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri ilə bağlı məlumat verib. Bildirib ki, bölmə üzrə cari ildə 3 nəfər elmlər doktoru hazırlığı üzrə doktoranturaya, 2 nəfər elmlər doktoru hazırlığı üzrə dissertanturaya, 14 nəfər isə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya müraciət edib.
Müzakirələrdən sonra bölməyə təqdim olunan 19 dissertasiya mövzusu Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.