Rusiyalı publisist, yazıçı, tarixçi-qafqazşünas, professor Rudolf İvanov ömrünün 88-ci ilində dünyasını dəyişib.
Görkəmli alimlə vida və dəfn mərasimlərində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin və Rusiyadakı Azərbaycan diasporunun rəsmi nümayəndələri iştirak ediblər.
Moskva şəhərində keçirilmiş vida mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək R.İvanovun səmərəli elmi fəaliyyətindən danışıb, onun xidmətlərinə ölkəmizin elmi ictimaiyyətinin bəslədiyi böyük ehtiramı diqqətə çatdırıb.
Qeyd edək ki, tanınmış tarixçi R.İvanov Rusiya və Qafqazın tarixinə, Azərbaycan tarixinin XIX-XX əsrlər mərhələlərinə həsr edilmiş sanballı elmi əsərlərin müəllifi idi. Onun Hacı Murad və Şeyx Şamildən bəhs edən kitabları Qafqaz xalqlarının istiqlal mübarizəsinə dair mötəbər mənbələr hesab olunur.
Alimin qələminin məhsulları arasında “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” kitabı xüsusi yer tutur. Bu nəşrdə 475 tarixi sənəd, o cümlədən Nərimanovun nadir nəşrlərdən seçilmiş məqalələri və nitqləri toplanıb. R.İvanovun “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər” kitabı da böyük maraqla qarşılanıb. Nadir arxiv sənədləri və ədəbi-tarixi materiallar əsasında yazılmış bu əsərdə hərb tarixində mühüm xidmətləri olmuş Naxçıvanski generallar sülaləsindən söhbət açılır.
Rudolf İvanov Rusiya Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin, Moskva Jurnalistlər İttifaqının üzvü, Beynəlxalq Qeyri-Dövlət İnformatlaşdırma Akademiyasının həqiqi üzvü, AMEA Tarix İnstitutunun fəxri professoru və Naxçıvan Dövlət Universitetinin fəxri doktoru idi. O, ictimai və elmi fəaliyyətinə, həmçinin Azərbaycan-Rusiya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilmişdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.