AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “Virtual mühitdə folklor: ənənə və kommunikasiya” kitabı işıq üzü görüb.
Kitab AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun elmi redaktorluğu ilə nəşr olunub.
Monoqrafiya İnternet mühitində meydana gələn folklor yaradıcılığının spesifikasına, informasiya-kommunikasiya texnologiyalarının inkişafı kontekstində folklorda baş verən dəyişikliklərə, virtual mühitdə yaranan yeni ənənə və davranışların analizinə həsr edilib.
Tədqiqatda kommunikasiya və folklor, rəqəmsal kommunikasiya vasitələrində folklorik modellər, virtual sosial mühitdə folklorlaşma, İnternet folklorunun semantik analizi, Azərbaycandilli virtual mühitdə folklorik dinamika kimi məsələlər müasir elmi nəzəri yanaşma və baxışlar əsasında öyrənilib.
Belə nəticəyə gəlinib ki, folklorun ifa və icra mühitinin dəyişməsi (“üz-üzə” kommunikasiyadan virtual kommunikasiyaya keçid) onun təcəssüm olunma vasitələrində (söz, rəsm, foto, qrafik işarə və s. formasında rəqəmsallaşma), ötürülmə və yayılma üsullarında (elekton poçt, SMS, sosial şəbəkə və s.), eləcə də söyləyici, mətn və auditoriya müstəvisində yeniliklərin yaranmasına, bütövlükdə isə ənənəvi folklordan virtual folklora keçidin baş verməsinə səbəb olub. Bu da folkloru öyrənən elmin qarşısında müxtəlif problem və suallar qoyub ki, hazırda həmin istiqamətdə dünyanın bir sıra nüfuzlu elmi mərkəzlərində mühüm tədqiqatlar aparılmaqdadır.
Kitab folklorşünas alimlər, dissertantlar, doktorantlar, magistrantlar, ali məktəb müəllimləri və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.