Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  ARTICLES

Qələbənin memarı
18.11.2020 11:55
  • A-
  • A
  • A+

Qələbənin memarı

Bakı küçələri və meydanlarında, bütün Azərbaycan boyu milli bayrağımız 2020-ci il noyabrın üç günündə - ayın 8-i, 9-u, 10-da olduğu qədər iftixarla, xoşbəxtcəsinə, millətin köksə sığmayan ortaq sevincinin dənizi kimi 1918-ci ildən indiyədək yalnız bircə gün belə coşqunluqla dalğalanmışdı.

XX yüzilin əvvəllərində 23 ay bəxtiyarlığını, sonra 70 il həsrətini yaşadığımız istiqlalımız həmin əsrin sonunda yenidən qayıdandan sonra keçirdiyimiz heç bir müstəqillik bayramımızda bayrağımız millətin qanadları kimi belə qürurla, belə fərəhlə, belə ümumxalq həyəcanı ilə açılmamışdı.

O vaxt - 1919-cu ilin 28 mayında Bakı, bütöv Azərbaycan müstəqilliyimizin 1 yaşını bayram edəndə də eynən belə olubmuş. Məhz belə olmasını indiki günlərin möhtəşəmliyini qürurdan yaşaran gözlərimizlə görüb, "Azərbaycan" qəzetinin 1919-cu ilin az qala eyni mənzərəsini təsvir edən yazılarını oxuyarkən xəyal aynasında oyanan riqqətdoğurucu mənzərələrdən duyuruq: "Sokak boyu aşağı-yuxarı baxacaq evlərdən üçrəngli, hilallı, ulduz nişanlı bayraqların yellənməsi insanın qəlbində fərəh oyadırdı. Yaşıllıqlar ilə bəzənmiş balkonlardan asılmış qiymətli xalılar, ipək örtüklər, "Yaşasın istiqlal!", "Yaşasın Azərbaycan!" yazılı bayraqlar millətdə ruh-i Vətən və millət məhəbbətini layiqincə göstərirdi.

Marşrut qərarı üzrə məktəblərin çocuqları buradan Məclis-i Məbusan qarşısına getməli idi. Bazar küçəsi ipək parçalar, xalılar və rəngbərəng bayraq ilə bəzədilmişdi. Bələdiyyə idarəsi də bayraqlar içində idi. Bir sözlə: bayraqlar, bayraqlar! Şəhər bağı və bulvarda da bələdiyyə idarəsi tərəfindən alaqapılar bəzənib hesabsız milli bayraqlar asılmışdı. İçəri şəhərdəki bütün məscidlərin minarələri başında milli bayraqlar rəkz edilərək (sancılaraq, taxılaraq - R.H.) elektrik ilə çıraqban edilmişdi. Xan sarayının üzərində də milli bayraqlar asılmış, məşhur Qız qalası çıraqban edilmişsə də, üzərində iki böyük bayraq rəkz edilmişdi.

Təzəpir camei çıraqban edilmiş, bayraqlar asılmışdı. Paytaxtdakı bütün minarələr elektrik ilə tənvir (işıqlandırılmış - R.H.), milli bayraqlar ilə təzyin (bəzənmişdi - R.H.) edilmişdi.

Bulvar qarşısındakı hesabsız bayraqlar ilə müzəyyən qayıqlar paytaxtı salamlayaraq böyük bayram ilə təbrik edirdilər. Saət 9 radələrində Məclis-i Məbusan qarşısında izdiham qələbəlik bir dərəcədə idi ki, artıq keçməyə yol tapmaq namümkün idi. Bütün o dairədəki evlərin damları, pəncərə və balkonları tamaşaçılar ilə dolmuş idi. Damda qoşa zurna çalınır ətfalın (uşaqların - R.H.) səsləri asimana bülənd olurdu. İzdiham da çocuqların sədalarından cünbüşə gələrək "yaşa!" - deyə onlara qoşuldular. Kütle-yi əzim "Yaşasın!" sədaları, əl şıqqıltıları ilə bütün ətrafı gumbuldatdı. Bələdiyyə idarəsi qarşısından tutmuş Məclis-i Məbusan dairəsi, Parapet bulvarı, dövlət dairəsi tamaşaçılar ilə xıncaxınc idi.

Dəstə-dəstə mini-mini çocuqlar bir əsgər kimi marş oxuyaraq gəzirdilər".

Fikir verirsinizmi, sanki siz bunların hamısını şəxsən görmüsünüz.

Məgər Şuşanın azad edildiyi gün - noyabrın 8-də, Bayraq bayramı günündə - noyabrın 9-da, düşmən təslim sənədinə imza atıb qələbəmiz elan ediləndə - noyabrın 10-da elə bu cür, bundan da artıq təntənənin axarında deyildinizmi?

Üstündən 1 əsr sovuşandan sonra, sadəcə oxşar deyil, bundan da onqat artıq bayraq və millət bayramı sevinci, Qarabağ zəfərinin ürəklərdən fəvvarələr kimi çağlaması hamınızın iştirakçısı olduğunuz həyat filmi olmadımı?

Uşaqdan ən qocamanına qədər bütün azərbaycanlıların məcazi mənada deyil, elə həqiqətən sevincdən uçduğu o günlərdə, o saatlarda cavabsız kimi görünən bir sualın - o anlarda hamıdan çox sevinən, Vətənin hər kəsdən daha xoşbəxt olan insanı kim idi sorğusunun dəqiq cavabı məlumdur.

Son bir əsr ərzində heç kəsin edə bilmədiyini etmiş, bu xalqa və bütün yurda belə misilsiz bayraq və qələbə səadəti bağışlamış, milləti ali Vətən sevdası üzərində həmahəng səslənən möhtəşəm orkestrə döndərməyi, möhkəm bir yumruğa çevirməyi bacarmış Prezident İlham Əliyev!

Adamlarla ləbələb küçələrimiz, çala-oxuya irəliləyən gənclərimiz, Azərbaycan və Türkiyə bayraqları qoşa yellənən maşınların ötüşü, eyvanlardan onlara əl edənlər, hayqırışları maşınların siqnallarına qovuşaraq ürək atlandıran insanlar bütöv bir millət simfoniyası timsalında idi.

Noyabrın 9-dan 10-na keçə gecə saat 4-də İctimai Televiziya ilə canlı yayımda çıxış edərək xalqı Qarabağ savaşındakı Qələbə münasibətilə təbrik edəndən sonra öz avtomobilimlə evə qayıdırdım. Abbas Mirzə Şərifzadə küçəsindən Səməd Vurğun küçəsinədək uzaqbaşı 15 dəqiqəyə qət edə biləcəyim yolu saat yarıma keçdim. Küçələr hamısı izdihamlı, ətrafdakı binalarda bütün mənzillərin işıqları yanılı, maşın əlindən tərpənmək mümkünsüz.

Xalqın bu aşıb-daşan sevincinin şirinliyinə bürünərək az qala addım-addım irəliləyirdim.

Şəxsən mən hər halda balaca olmayan ömrüm boyu bunca şad dəqiqələr yaşamamışdım.

Güman edirəm ki, yaşından asılı olmayaraq bütün vətəndaşlarımız da elə mənim kimi!

Hər xalqın sözün gerçək mənasında millətə dönməsi üçün gərək olan ümdə şərtlər sırasında öz təqvimindəki bir vacib Qələbə bayramı ehtiyacı da var.

Qələbə bayramımız yox idi. Əvəzində çəkilməz dərd yükünü 30 ilə yaxın müddətdə gecə-gündüz əsəb tellərimizdə daşıdığımız və göynəyi hər yurddaşımızın ürəyində qövr edən torpaq itkilərimiz, qaçqınlar, məcburi köçkünlər faciəmiz vardı.

Kimlər, hansı nəhəng fitnələr bais olmuşdu, - bu, ayrı söhbətdir, nəticə o idi ki, Birinci Qarabağ müharibəsində bizi məğlub tərəfə çevirməyə müvəffəq olmuşdular.

Azərbaycan ildən-ilə qüvvətlənirdi, zənginləşirdik, yüksəlirdik, dünya boyu səsimiz ildən-ilə daha inamlı gəlirdi, amma bir sınıqlıq, bir yarımçıqlıq, bir gözüqıpıqlıq, etiraf etsək də, etməsək də, daxilimizdə zoqquldayan yara kimi qalırdı.

Prezident İlham Əliyev bu millətə o həsrətində olduğumuz, illərcə yolunu gözlədiyimiz Böyük Qələbəni nəsib etdi.

İstiqlalımızın 1 yaşının Azərbaycanda necə coşqu ilə bayram edilməsini ayrıntıları ilə bilən insan kimi 2018-ci ilin 28 mayında müstəqilliyimizin 100 yaşı tamam olanda Bakıda və ölkə boyu 99 il əvvəlki təntənədən də üstününü görməyi umduğum halda olmalı olduğundan xeyli solğun mənzərəylə tuş gələndə əvvəlcə çox pərişan olmuşdum.

Amma burasını da düşünmüşdüm ki, axı biz o istiqlal bayramı qarşısında da gözükölgəliyik.

Axı ərazimizin beşdə-birində bayrağımız ucalmır, hələ biz istiqlalımıza borcluyuq, onun bütün ölkə boyu bərqərar olmasını bacarmamışıq, ona görə də həmin bayramı heç könül dolusu keçirməyə də, sən deyən, mənəvi haqqımız yoxdur.

Prezident İlham Əliyevi bir dövlət başçısı kimi təkrarsız edən həm də budur ki, o, taleyinə Vətənin hər nöqtəsində üçrəngli bayrağımızı ucaltmaq səadəti yazılan ilk Azərbaycan Prezidentidir.

Belə ilk olmağın şərəfindən üstün bir mükafatı təsəvvür etmək mümkünmü?

Prezident İlham Əliyevin Vətən və millət qarşısındakı bu müstəsna xidmətinə görə insanlarımız səmimi sevgilərindən doğan bir istəklərini bu günlərdə tez-tez ifadə edirlər ki, dövlət başçımıza Milli Qəhrəman adı verilsin.

Bu, ölkənin ən ləyaqətli övladlarına verilən uca və şanlı bir addır. Bu ad onu daşıyana da, nəslinə də əbədi şöhrətdir.

Qəhrəmanlarımıza o ali adı da, digər bu qəbil yüksək təltif və mükafatları da öz sərəncamları ilə Prezident İlham Əliyev verir.

Elə İkinci Qarabağ müharibəsində də şəhid olub əbədiyyət qazanan və cəbhədən zəfərlə qayıdacaq neçələrinə də, yəqin ki, lap yaxın zamanlarda belə ali adlar və təltifləri bəxş edəcək.

Onun özünün bu Böyük Qələbəyə gətirən yoldakı və müharibə davam edən müddətdəki fəaliyyətləri o qədər fövqəladədir ki, bu hünərə qarşılıq olacaq nə bir rəsmi adı, nə bir rəsmi nişanı ağla gətirmək olur.

Bu FATEHliyə uyğun gələcək ən yüksək mükafat xalqın məhəbbətidir ki, o da Prezident İlham Əliyevə qismət olub.

Bu, elə hünərdir ki, ona qarşılıq ola biləcək fəxri adı da, ordeni də şəxsiyyətlərə Tarix verir.

Həyatdaykən, elə cavan yaşında hər zaman yaşamaq haqqını, millətin sonsuz sevgisini, Tarixin möhürü və imzası ilə Fateh və Qurucu adını qazanmaqdan daha yaxşı bir mükafat nə ola bilər?!

İbrətli tarixçələr var. Sovet İttifaqında ən yüksək təltiflər sırasında olan Lenin ordeninə ikinci dəfə layiq görülərkən İ.N.Bajanov adlı bir əməkçi həmin təzə ordeni yaxasına taxmadan elə qutusu ilə Kremlə, İosif Stalinə göndərir və yazır ki, ölkə üçün gördüyünüz işlər o qədər cahanşümul və əhəmiyyətli, sizə olan hörmət və sevgim elə böyükdür ki, minnətdar duyğularımın nişanəsi kimi bu hədiyyəmi qəbul edin.

1933-cü il fevralın 16-da orden yollayana cavab göndərən İosif Stalin isti sözlərə və yoldaş töhfəsinə görə razılığını bildirdikdən sonra yazır ki, mən anlayıram siz özünüzü nədən məhrum edirsiniz və hisslərinizi yüksək qiymətləndirirəm: "Lakin bununla belə, mən sizin ikinci Lenin ordeninizi götürmürəm və götürə bilmərəm. Yalnız ona görə yox ki, ona layiq görüldüyünüz üçün o, yalnız sizə məxsus ola bilər. Həm də ona görə ki, mən yoldaşların diqqət və hörməti ilə kifayət qədər mükafatlandırılmışam və sizi qəsb etməyə haqqım yoxdur. Ordenlər onsuz da məşhur olan adamlarçün deyil, əsas etibarilə o qəhrəman adamlar üçün yaradılmışdır ki, az tanınıblar və onları hamıya tanıtmaq lazımdır. Bundan əlavə, sizə deməliyəm ki, mənim artıq 2 ordenim var və inandırıram, bu, lazım olduğundan da çoxdur".

Millətinə QƏLƏBƏ, ZƏFƏR sevincini bağışladığı məsud tarix kəsiyində Prezident İlham Əliyevə burada - Azərbaycanda və bütün dünyadakı soydaşlarımızın ürəyində elə sevgi təlatümü kükrədi ki, bu, indiyədək heç bir Azərbaycan rəhbərinə qismət olmayıb.

İstisnasız olaraq heç birinə!

Və həyatının bitməsinə lap az qalmış, 2003-cü ilin 1 oktyabrında xalqına məktub ünvanlayaraq iki həftə sonra baş tutacaq prezident seçkilərində İlham Əliyevə dəstək olmağa çağıran müdrik Heydər Əliyev "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" yazanda, vəsiyyət kimi səslənən "İnanıramki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işlərisizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək" vədini Azərbaycana verəndə nə qədər haqlıymış, nə qədər uzaqlara baxırmış!

Unudulmaz Heydər Əliyevin sona çatdıra bilməyib nigaran getdiyi işlərdən ən ümdəsi isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi arzusu idi.

6 həftəlik İkinci Qarabağ müharibəsinin zirvə məqamı və savaşın həlledici mərhələsi olan Şuşa zəfərinin ertəsi günü Prezident İlham Əliyev növbəti dəfə atasının məzarı başında idi.

Sadəcə olaraq zənn etmirəm, qəti əminəm ki, 2003-cü ilin 15 dekabrından, Ümummilli liderin dəfn günündən sonra ilk dəfə idi Prezident İlham Əliyev ona dünyadakı ən əziz insanın hüzuruna bunca ürəklə, bunca üzüağ, bunca qürurlu gedirdi.

Əlbəttə ki, o gün bir-biri ilə danışıblar da.

Prezident İlham Əliyev səssizcə dayanıb, sözlərini ürəyində deyib və nə deyib, özü bilir.

Heydər Əliyevin isə nə dediyini, yaxud söz ustası olduğu halda heç bir söz deməyə gücü çatmayaraq iftixardan necə qəhərləndiyini hər bir valideyn, övladının ona sonsuz fəxr, başucalığı gətirən əməlinə məmnun bəxtiyarlıqla şahid olmuş hər ata təsəvvür edə bilər!

Prezident İlham Əliyev 17 ildir ki, Azərbaycana rəhbərlik edir və bu müddət ərzində paytaxt Bakı da, bütün ölkə də, elə xalqımız da çox dəyişib.

Gözəlliyə, tərəqiyyə doğru dəyişib!

Bütün bu nəticələri görürük, köksümüz qabarır. Prezident İlham Əliyevin qeyri-adiliyi isə ondadır ki, sanki illər sonra malik olduqlarımızın hamısı öncədən onun düşüncəsində hazırmış, sadəcə il-il beynindəki o layihəni həyata keçirirmiş.

Bakı məgər 17 il əvvəlki Bakıdırmı, ağlınıza gələrdimi bu cür füsunkarlıq, bu qədər ahəngdarlıq belə qısa müddətdə yarana bilər?

Hər kəs haçansa evində əsaslı təmir aparıb. Kənar adam o təmir gedişində gəlib baxarsa, qatma-qarışıqlığın, tör-töküntünün içərisində hansısa gözoxşayacaq əlamət tapmaz. Ancaq artıq fikrində nəyin sonda necə olacağını müəyyənləşdirmiş şəxs artıq öncədən bu pərakəndəliyin arxasından aylar ötüncə qalxacaq yaraşığı, cazibədarlığı görür.

Bütün başqa böyük əməllərində olduğu kimi, Azərbaycanın yalnız müasir tarixinin deyil, bütün keçmişinin ən əlamətdar qələbəsi olan Qarabağ zəfərini də gətirməkçün Prezident İlham Əliyev səbirlə, ardıcıllıqla, yüz ölçüb, bir biçərək neçə illər ərzində çalışıb. Bu gün hamımıza görünən zəfər çələngini o bəsirətli insan bu gözəlliyi çiçək-çiçək hörməyə başlayanda qabaqcadan aydın təsəvvür edib. Aydın təsəvvür etdiyi üçün məqsədinə doğru qətiyyətlə, inamla, kənardan söylənən və bütöv mənzərəni onun qədər görə bilməyənlərin haqsız iradlarına məhəl qoymadan irəliləyib.

İlk növbədə iqtisadi cəhətdən güclü, dünyayla əlaqələri artan, mötəbər və etibarlı partnyorları olan, beynəlxalq əhəmiyyətli layihələrdə söz sahibliyinə malik Azərbaycanı qurmaq yolunda çalışıb. Bunları edə-edə, ölkəni varlı, xəzinəni dolu səviyyəyə çatdırmaqla yanaşı, bu imkanların əhəmiyyətli hissəsini güclü ordu qurmaq səmtinə yönəldib. Ancaq bilib ki, əlləri çox uzun və xisləti çox mənfur düşmənin öhdəsindən yalnız qüdrətli ordu ilə gəlmək olmaz. Başlayıb dünyaya həqiqətlərimizi çatdırmağa, uluslararası qurumlarda, dünya mətbuatında erməniliyin iç üzünü açmağa, bataqlığa döndərilmiş Qarabağ çıxılmazlığından qurtulmağın hüquqi əsaslarını dünyanın şüuruna daha artıq yeritməyə. Asta-asta Azərbaycanı çevirib Yer Üzünün mühüm siyasi, mədəni, elmi dialoqlarının, həssas problemlərinin müzakirələri mərkəzinə. Kimlərsə mahiyyəti anlamayaraq belə addımlara qulp yapışdırmağa, mız qoymağa çalışsa da, sabahı irəlicədən gördüyündən məsrəfləri çox olsa belə, nüfuzlu idman yarışlarını, müsabiqələri, forumları, simpoziumları keçirmək üçün Bakının ev sahibliyinə səy edib, bilib ki, gün gələcək, bütün bunlar çəkilən xərclərdən dəfələrlə artıq fayda verəcək.

Dünya siyasətini incəliklərinə qədər mükəmməl bildiyindən və qəsbkarın arxasında hansı qüvvələrin dayandığından yaxşı agah olduğundan ənənəvi dostlarımızı bizə daha yaxın etmək, onlara yaxın olanları bizim sarı daha çox çəkməkçün tədbirlər töküb. Bütün bu görülən işlərin hər birinin həm ayrılıqda, həm də ümumilikdə Azərbaycan üçün önəmi vardı. Fəqət Prezident İlham Əliyevbu faydalı müxtəlifliyin bir istiqamətini həmişə ən həyati məsələmizin, Qarabağ mübarizəmizin müsbət həllinə yönəltmək barədə düşünüb və çalışıb.

30 ilə açılmayan pas tutmuş Qarabağ qıfılını Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun həftələr ərzində açmasını möcüzə adlandıranlar az deyil.

Yox, möcüzələr olmur. Yolun o biri tərəfindən, pərdə ardındakılardan bixəbər qaldığımızdan hərdən bizə elə gəlir ki, nələrsə elə hadisələrin uğurlu gedişi, bəxtin gətirməsi, ya digər buna oxşar səbəblərdən baş verdi.

Əslində isə hər möcüzə təsiri oyadan böyük əməllərin ardında usanmaz səylər, gərgin əməklər, dərin düşüncələr dayanır.

Kim o qənaətdədirsə ki, Ermənistanın ordusu zəif idi, müharibəyə yaxşı hazırlaşmamışdı, yanılır. Bu, bizim qələbələrin dəyərini azaltmaq istəyənlərin uydurduğudur. Elə indi Ermənistanın özündə də baş nazirin üstünə bir də ona görə düşürlər ki, guya ölkədə müharibə hazırlığı lazımi səviyyədə deyilmiş.

Əksinə, arxada qalan illər boyu Ermənistanın işi-gücü elə ondan ibarət olmuşdu ki, silahlanmışdı, ordusunu müharibəyə hazırlamışdı, işğal altındakı ərazilərədə təlim düşərgələri təşkil edərək xaricdən gələn terror dəstələri ilə birgə tədarüklər görmüşdü, saysız istehkamlar qurmuşdu, sığınacaqlar yaratmışdı, yerin altını deşik-deşik eləmişdi, hərbi kəşfiyyatı da ciddi şəkildə çalışmışdı, beləliklə, gecmi, tezmi, lakin mütləq başlanacaq davaya güc yığmışdı.

Ermənistanın həmin dava saatının hökmən yetişəcəyinə inamının bir əyani təsdiqi də odur ki, Dağlıq Qarabağdan kənarda müdafiə zolağı adı ilə zəbt etdikləri rayonlarımızı, kəndlərimizi yaşanılmaz hala gətiriblər. Əgər zərrəcə ümidləri olsaydı ki, bu yerlər onlarda həmişəlik qala bilər, - belə edərdilərmi?

Ermənistanın məğlubedilməz orduya malik olması haqda bəyanatları da quruca söz deyildi, bu qədər hazırlığın müqabilində müharibənin başlanacağı təqdirdə elə qələbənin də onlarda olacağına şübhələri yoxmuş.

Ermənistan ordusu ona görə diz çökmədi ki, zəif, yaxud hazırlıqsız idi. Onu darmadağın edib mağmun vəziyyətə salan Azərbaycan Ordusunun qüdrəti, ən müasir səviyyədə silahlanması, əsgər və zabitlərimizin həm yenilməz ruhu, həm də əla peşəkar hazırlığı oldu.

Bizim bu qədər üstünlüyümüzün qarşılığında Ermənistan ordusu 44 gün müqavimət göstərə bildisə, heç kəs söyləməsin ki, zəif idilər, hazırlıqsız idilər.

O cür olsaydı, Azərbaycan Ordusu bu gücü ilə Ermənistanı 1 həftəyə, 10 günə şil-küt edərdi.

XII yüzilin səlcuq tarixçisi Nəcməddin Əbu Bəkr Ravəndinin "Rahət əs-sudur və ayət əs-surur" ("Könüllərin rahatlığı və sevinclərin əlaməti") adlı məşhur əsəri var ki, bir fəsli "Hökmdarların əyləncələri haqqında"dır.

Tövsiyə edir ki, nərd oynamağa meylli olmayın, daha yaxşısı şətrəncdir. Çünki sən nərddə hər şeyi ölçüb-biçərsən, hər addımını hesablayaraq oynayarsan və qalib gələrsən, rəqibin lap zəif də olsa, iddia edər ki, sən ağlının hesabına udmadın, sadəcə bəxtin gətirdi, zər verdi. Ya da sən oyunu ağıl, dəqiq hesablama üzərində qursan da, rəqibinin atdığı zərlər çox uğurlu olar, elə bunun hesabına da sırf təsadüfən qalib çıxar, amma öyünər, sənə acıq verər ki, daha dərrakəli, daha mahir olduğu üçün oyunu aparıb. Şahmatda isə belə bəhanələrə, saxtakar yozumlara yer yoxdur. Son sözü həmişə qabiliyyət, ağıl, istedad deyir. Kim həqiqətən daha güclüdürsə, qələbə də onunkudur!

İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin bir sərkərdə, hərbi xadim, Ali Baş Komandan olaraq da nə qədər qabil olduğunu üzə çıxardı.

Azərbaycanla Ermənistanın savaşı həm də iki fərqli ordu sisteminin qarşıdurması oldu.

Ötən illərdə mən dəfələrlə Türkiyədə hərbi təhsil alan çox gənclərimizlə görüşmüşəm. Hər dəfə onlarla ünsiyyətdə olduqca, söhbət etdikcə sevinmişəm ki, hərbi biliklərindən əlavə, ümumi dünyagörüşləri də, nitqləri də necə qəlbəyatandır, sabiq sovet hərbçilərinə aşağıdan yuxarıyacan xas olan kobud "soldat dayazlığı" onlara yaddır.

Digər tərəfdən, yüksək zabit heyətimiz də mütəmadi olaraq təlimlər keçir, müasir dünya hərb elmi və təcrübəsinin dərslərini mənimsəyir, ordunun NATO standartlarına daha çox uyğunlaşma xəttini tuturdu.

Prezident İlham Əliyevin daimi diqqəti və qayğısı ilə əhatə olunmuş ordumuz addım-addım zəfər ordusuna çevrilmək səmtində irəliləyirdi. Hər il dövlət büdcəsində müdafiə xərclərimiz düşmən Ermənistanın bütöv büdcəsindən artıq olmağa hesablanırdısa, burada çox məqamlar göz altına alınırdı. Axı biz yaxşı bilirdik ki, Ermənistana sağdan-soldan elə büdcəsi qədər də məccani silah-sursat ötürülə bilər. Elə olacağı təqdir üçün də daha üstün olmağımızın qeydinə qalmalıydıq.

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun istifadə etdiyi ən yeni nəsil silahlar şəbəkəsini müşahidə edən hərb mütəxəssisləri heyrətlə etiraf edirdilər ki, hələ dünyanın ən aparıcı dövlətləri də bu səviyyəli mükəmməl və ultra yeni silahlarla müharibə aparmayıblar.

Məhz o cür silahlanma xətti tutmaq da Ali Baş Komandan İlham Əliyevin bu savaş öncəsi aparmış olduğu hazırlıq işlərinin ən uğurlu halqalarından sayılmalıdır ki, gözlənilən bəhrəsini də verdi.

Azərbaycanın hərbi uğurlarının çəkisini azaltmaq, dəyərini aşağı salmaq istəyən Ermənistan tərəfin və onların kənar ölkələrdəki züy tutanlarının müharibə gedişində guya Türkiyənin Azərbaycana bilavasitə kömək etməsi, bizim tərəfimizdə döyüşməsi, guya xüsusi hazırlıq görmüş xarici muzdluları da cəlb etməyimiz kimi həqiqətlə qətiyyən əlaqəsi olmayan böhtan və qarayaxmalar hansı məqsədi güdürsə, Ermənistan ordusu ona görə məğlubiyyətə düçar oldu ki, guya hazırlıqsızmış, yaxşı silahlanmayıbmış kimi mülahizələr də eyni dərəcədə çürük və riyakardır.

Ermənistan üstümüzə istifadəsi qadağan olunmuşlar da daxil olmaqla ən dağıdıcı geniş silah arsenalı ilə həmlə etdi və özünə arxayın olaraq, bu qədər silah-sursatın, hazırlığın, bu qədər zəngin terrorizm təcrübəsi olan muzdluların vasitəsilə qələbə çalacağına da inandı. Öz güclərini bildiklərinə görə arxayın idilər, yekə-yekə danışırdılar, amma Azərbaycanın onlardan bu qədər güclü, bu qədər üstün, bu qədər əzmli olduğunu hesablamaqda yanılmışdılar.

Digər tərəfdən də, yenə Prezident və Ali Baş Komandan İlham Əliyevin zərgər dəqiqliyi ilə apardığı digər bir xətt müharibənin müqəddəratına təsirini göstərdi.

Türkiyə, Rusiya, Azərbaycan münasibətlərini elə incə çalarlar və qarşılıqlı bağlılıqlar üzərində quraraq irəlilətməyə nail oldu ki, 44 gün boyunca müharibə meydanına hər hansı üçüncü dövlətin müdaxiləsi kimi çox dəhşətli fəlakətlərə apara biləcək ssenarilər işləmədi.

Hər gün televiziya ekranlarında xalqıyla üz-üzə olması ilə Prezident İlham Əliyev həm orduya, həm xalqa əlavə güc, inam verdi, dövlətlə xalqın, xalqla ordunun elə vəhdəti yarandı ki, dünənəcən ən qart müxalif olanlar da həm ölkə daxilində, həm xaricdə eyni nöqtəyə vurmağa başladılar və bu yenilməz birliyə də bütün dünya şahid kəsildi.

İkinci Qarabağ müharibəsinin ilk zəfər soraqları, azad edilmiş ilk kəndlərimiz barədə şad xəbərlər yaralı Füzulidən gəlməyə başladı.

Adı və xatirəsi artıq başdan-başa azad olan Füzuliyə qovuşmuş ulu şairimiz əsrlər öncə sual edirdi:

Hər xilqətə gərçi bir səbəb var,

Bəs bu səbəbi kim etdi izhar?

Söz yox, hər müharibədə qazanılan qələbə mahiyyəti ilə çox insanın birlikdə səyləri və fəaliyyətlərinin nəticəsi kimi ortaya çıxır. Lakin istənilən böyük əməlin hökmən qurucusu, yönəldicisi olmalıdır ki, arzulanan məntiqi sonluğa çatıla.

Qələbəmizin memarı və Baş İcracısı Prezident İlham Əliyev oldu.

Həm bir Prezident, həm də Ali Baş Komandan olaraq onun bu yoldakı əməyi elə əzəmətlidir ki, ona bu qalibiyyətinin müqabilində yaraşan ən uyğun ad generalissimus rütbəsidir!

Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə təsis edilərək verilən, həm də birinci və sonuncu olacaq ad!

Sonunculuğu da ona görə çox, lap çox arzulanandır ki, bir daha heç vaxt Azərbaycanımızın müharibə görməsini istəmirik.

Bitməz dualarımızdır ki, Qarabağ müharibəsi yadımızda Azərbaycanın son savaşı kimi qalsın, bu müharibədə itirdiyimiz igidlər Vətənin axırıncı şəhidləri olsun, övladlarımız müharibə haqqında təsəvvürü yalnız kitablardan oxuduqları, filmlərdən gördüklərindən o yana getməsin! Bütün varlığı, ruhu əmin-amanlığa, dostluğa, ülfətə köklənmiş zəhmətkeş, nəcib, xeyirxah xalqımız bundan belə həmişə sülh içərisində yaşasın!

Ən əski zamanlardan gələn ənənədir. Xalq öz qəhrəmanlarına dastanlar da bağlayır, nəğmələr də qoşur, abidələr də ucaldır.

Gələcək gün ki, Azərbaycanın uzun illərin tilsiminə düşən Qarabağ düyününü açmaq kimi müşkülü həll etmiş, ordusunu Müzəffər, xalqını Qalib etməyi bacarmış, Böyük Qələbəmizin Memarı Prezident İlham Əliyevin də həm Qarabağda, həm də Azərbaycan boyu abidələri yüksəldiləcək.

O abidələrin ən möhtəşəmi, ən sevimlisi, ən yenilməzi isə artıq ucalmaqdadır.

Uşaqdan böyüyə hər bir minnətdar azərbaycanlının ürəyində!

Rafael HÜSEYNOV, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik

"525-ci qəzet"

  • Share: