AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayevin rus dilində “Международно-правовые аспекты и принципы урегулирования армяно-азербайджанского нагорно карабахского конфликта" ("Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin beynəlxalq hüquqi aspektləri və prinsipləri") kitabı çapdan çıxıb.
Monoqrafiyada beynəlxalq hüququn əsas prinsipləri olan dövlətlərin ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı və xalqların hüquq bərabərliyi prinsiplərinin anlayışı, əsas formalaşma mərhələləri və məzmunu tədqiq olunur. Bununla yanaşı, əsərdə müasir dünyada ərazi münaqişələrinin, o cümlədən postsovet məkanında olan münaqişələrin beynəlxalq hüquqi aspektləri tədqiq edilir.
Nəşrdə əsas yer Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin beynəlxalq hüquqi aspektləri və prinsiplərinin tədqiqinə, beynəlxalq cinayətin forması olan beynəlxalq hüquqda təcavüzün, o cümlədən Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzün araşdırılmasına verilib. Həmçinin vəsaitdə Ermənistanın təcavüzü nəticəsində Azərbaycana vurulmuş zərərin ödənilməsinin beynəlxalq hüququ aspektləri, Azərbaycanın Ermənistanın təcavüzünə qarşı özünümüdafiə hüququ və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid əsas və ən nüfuzlu beynəlxalq dövlətlərarası təşkilatlar tərəfindən qəbul edilmiş qərarlar təhlil olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.