Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  ARTICLES

Nizami Gəncəvinin irsinə və ideallarına yenidən qayıdışa çağırış
08.01.2021 10:08
  • A-
  • A
  • A+

Nizami Gəncəvinin irsinə və ideallarına yenidən qayıdışa çağırış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami ili" elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simaların tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir.

Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür. Bundan əvvəl, 2019-cu ilin "Nəsimi ili" adlandırılması bu görkəmli şair və mütəfəkkirin Azərbaycan və dünyaya yenidən tanıdılması sahəsində mühüm addımların atılmasına, ciddi dönüşün baş verməsinə şərait yaratmışdır. Hesab edirəm ki, Azərbaycanda və dünyada kifayət qədər tanınan və böyük şöhrət qazanmış Nizami Gəncəvinin zəngin bədii irsini də müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu görkəmli sənətkarı daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə tanıtmağa ehtiyac vardır. "Nizami Gəncəvinin nəsil şəcərəsi", "Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq", "Nizami Gəncəvinin dövlətçilik idealları və müasir dövr", yaxud "Nizami Gəncəvi və Azərbaycan renesansı" və sair kimi problemlər məhz indi, müstəqilliyimizin inkişaf etdiyi bizim günlərdə daha çox aktuallıq kəsb edir. Möhtərəm Prezidentimizin "Nizami ili" haqqındakı mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamı Nizami Gəncəvinin həyatı və yaradıcılığını bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş imkan yaradan tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Nizami ili" ilə əlaqədar imzaladığı Sərəncam vaxtıilə Ümummilli lider Heydər Əliyevin 1979-cu ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə və nəşr edilməsi haqqında qəbul etdiyi qərar əsasında həyata keçirilmiş tədbirlərə yenidən qayıtmaq, başlanmış mühüm işləri daha geniş miqyasda və əhatəli şəkildə, yaradıcılıqla davam etdirmək üçün də geniş meydan açır. Bu baxımdan Nizami Gəncəvinin əsərlərinin dünya dillərinə tərcüməsi, "Xəmsə"nin akademik nəşrinin hazırlanıb çap olunması görkəmli sənətkarın haqqında xarici dillərdə tanıtma kitablarını yazıb nəşr etdirmək baxımından da qarşıda mühüm vəzifələr durur.

Nizamişünaslıq dünya elmi olsa da, Azərbaycan dünya Nizamişünaslığının mərkəzidir. Dünya ölkələrində Nizami Gəncəvi haqqında yazılanları tərəzinin bir gözünə, Azərbaycanda aparılan tədqiqatları, çap olunan kitabları və tərcümələri tərəzinin o biri gözünə qoyulsa, Azərbaycan Nizamişünaslığı ağır gələr. Qədim dövr və orta əsrlərdən başlamış Nizami haqqında yazmış təzkirəçilərin əksəriyyəti: Əhdi Bağdadi, Sadiq bəy Əfşar, Lütvəli bəy Azər, Hüseyn Əfəndi Qayıbov, Mir Möhsün Nəvvab və başqaları azərbaycanlı idilər. XX əsr ərzində də Azərbaycan elmi Nizamişünaslığa böyük töhfələr vermişdir. Firudin bəy Köçərli, Mirzə Məhəmməd Axundov, Həmid Araslı, Mir Cəlal, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, Azadə Rüstəmova, Mikayıl Rəfili, Xəlil Yusifli, Zümrüd Quluzadə, Çingiz Sasani və başqaları Nizami Gəncəvi irsinin tədqiqi işinə samballı elmi töhfələr vermişlər. Nizami Gəncəvinin "Xəmsə"yə daxil olunan əsərlərinin və şeirlərinin Azərbaycan dilində tərcümə və nəşr olunması, xarici dillərdə yayılması və təbliğində də Azərbaycan həmişə aparıcı mövqeyə malik olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölmələrini əhatə edən elmi tədqiqat institutları yeni müstəqillik dövründə yeni tarixi mərhələnin yüksək tələblərinə cavab verən elmi əsərlər yazıb nəşr etdirməyi də özlərinə şərəfli borc hesab edirlər. Artıq ölkəmizdə yeni Nizamişünaslar nəsli yetişib formalaşmışdır. Akademik Teymur Kərimli, müxbir üzv Nüşabə Araslı, filologiya elmləri doktorları Mehdi Kazımov, Məhəmməd Qocayev, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyev, Hacı Siracəddin, Vəfa Hacıyeva, Xuraman Hümmətova, Əzizağa Nəcəfzadə, Xanəli Babayev, Təhminə Bədəlova, Yelena Teyer, Xədicə İskəndərli, Gülgün Babayeva, doktorantlardan Hürnisə Bəşirova, Samirə Əliyeva, Məsumə Rzayeva və başqaları Azərbaycan Nizamişünaslıq elmini müstəqillik işığında ciddi elmi problemlərin və yeni yanaşmaların əsasında meydana çıxmış elmi əsərləri ilə zənginləşdirməkdə davam etməkdədirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin "Nizami ili" elan olunması Nizamişünaslıq elminin daha da inkişaf etdirilməsinə böyük stimul verir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən "Nizamişünaslıq" şöbəsinin əməkdaşları Prezident Sərəncamının işığında son üç il ərzində üzərində çalışdıqları, ilk mənbələrə, orijinal mətnlərə istinad etmək əsasında yazılmaqda olan "Nizami Gəncəvinin həyatı və yaradıcılığı", "Nizami Gəncəvinin elmi tərcümeyi-halı" mövzularında monoqrafiyaları daha da təkmilləşdirərək tamamlayıb ictimaiyyətə təqdim edəcəklər. Bundan başqa, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri "Nizami Gəncəvi və Şota Rustaveli" monoqrafiyasının da 2021-ci ildə Bakıda və Tbilisidə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsi nəzərdə tutulur. Ədəbiyyat İnstitutunun əməkdaşları "Nizami Gəncəvinin görkəmli davamçısı Əmir Xosrov Dəhləvi" adlı monoqrafiya üzərində də tədqiqat işlərini davam etdirirlər. Bundan başqa, uzun illərdən sonra nəşri yenidən bərpa edilmiş "Nizami Gəncəvi almanaxı"nın ikinci sayı da bu il oxuculara çatdırılacaqdır. Eyni zamanda, Ədəbiyyat İnstitutunun əməkdaşlarından Zəhra Allahverdiyeva, Vəfa Hacıyeva və Hacı Siracəddinin Nizami Gəncəvinin həyatı və yaradıcılığının aktual problemlərinə həsr olunmuş doktorluq dissertasiyalarının müzakirəyə çıxarılacağı da gözlənilən mühüm yeniliklərdən biri ola biləcəkdir.

Böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında qəbul edilmiş Prezident Sərəncamı yeni nəsillərdə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamaq, milli-mənəvi özünüdərk proseslərini daha geniş şəkildə təbliğ etmək üçün də qarşımızda yeni perspektivlər açır. Bu istiqamətdə ümumtəhsil məktəblərindən başlamış elm və mədəniyyət müəssisələrinə qədər hər yerdə, kütləvi informasiya vasitələrində düşünülmüş təbliğat işləri aparmaq hər bir ziyalının borcudur.

Prezident İlham Əliyevin 2021-ci ilin "Nizami ili" elan olunması haqqında Sərəncamı Nizami Gəncəvi kimi dünya miqyaslı qüdrətli sənətkara yenidən qayıdış üçün Azərbaycan ziyalılarını səfərbər olmağa çağırır.

İsa HƏBİBBƏYLİ, AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

"525-ci qəzet"

  • Share: